800 milyardlıq kapital: Ağ Ev Putinlə savaşı necə qazanacaq?
Rusiya böyük dövlət hesab edilir. Buna səbəb beynəlxalq ictimaiyyətin Rusiyanın Ukraynaya qarşı aqressiyası və Krımın anneksiyasını ciddi cəzalandırmaqdan imtina etməsidir
Yenixeber.org: Bu sözlər isveçli iqtisadçı Andres Aslundun ABŞ-ın “Atlantik Konsul” təşkilatının saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Moskva ciddi cəzalardan yalnız məhdud sanksiyalarla yaxasını qurtara bilib.
2000-ci ildə prezident Vladimir Putin hakimiyyətə gəldikdən sonra bütün dövlət aparatını, o cümlədən məhkəmələri Kremlə tabe etdirdi. Nəticədə müasir Rusiyada faktiki olaraq şəxsi əmlak hüququ yox səviyyəsinə çatdı.
Bütün varlı rusiyalılar, o cümlədən Putin və onun dostları pullarını xaricdə saxlayırlar. Bir müddət əvvəl fransız iqtisadçı Tomas Piketti dərc etdirdiyi araşdırmada Rusiyanın ofşor zonalardakı kapitalının 800 milyard dollar dəyərində olduğunu bildirdi. Bu göstəricilər 2015-ci ilə aid idi. Beynəlxalq Valyuta Fondunun dəyərləndirməsinə əsasən, son 25 ildə ölkədən çıxarılan kapital 750 milyard dollar təşkil edib. Bir sözlə, yuxarı təbəqədə olan rusların əlində böyük sərvət var. Bunlardan bir hissəsi oliqarxlara, yerdə qalan böyük hissəsi Putin və ətrafına aiddir.
2014-cü ilin 20 martında, daha dəqiq desək, Rusiyanın Krımı anneksiya etməsindən iki gün sonra ABŞ mühüm addım atdı. Amerikanın sanksiyaları altında Putinin dostları da düşdü. Bunlar sırasında Gennadi Timçenko, Arkadi Rotenberq, Boris Rotenber və Yuri Kovalçuk var idi. Onların aktivləri donduruldu. Onların sanksiyalar altına düşməsinə əsas səbəb Rusiya adından çıxış edərək Putinə dəstək göstərmələri idi. Avropa Birliyinin qara siyahısında isə Arkadi Rotenberq, Yuri Kovalçuk və Nikolay Şamalov yer aldı.
Yalnız İtaliya Arkadi Rotenberqin 36 milyon dollar həcmindəki daşınmaz əmlak və aktivlərini dondurdu. Rusiyadan çıxarılaraq yuyulan pulların böyük qismi Kipr, Britaniyanın Virciniya adaları və Kayman adalarında saxlanılır. Lakin bu cür kiçik adalar bu qədər böyük rus investisiyasını “udmaq” gücündə deyillər. Avropa hökumətlərinin böyük hissəsi anonim investisiyaları ölkələrinə buraxmır. Burada yeganə istisna anqlosakson hüquq sistemi ilə işləyən ərazilərdir. Anonim investisiyaları qəbul edən iki nəhəng ofşor vadisi var ki, bunlar da ABŞ və Britaniyadır.
2016-cı ilin mayında Britaniya Baş naziri Devid Kemeron beynəlxalq konfrans keçirdi ki, bu sferanın anonimliyi ilə mübarizə aparsın. O şikayət etdi ki, Birləşmiş Krallıqdakı 99 min müxtəlif bina və tikilinin sahiblərinin adları anonimdir. “Nyu Steytsmən” şirkəti isə anonim ofşor şirkətlərə təkcə Londonda 36 min obyektin tabe olduğunu açıqladı. Bunların satış qiyməti isə 156 milyard dollar idi. Bugünkü gün 29 Avropa Birliyi ölkəsinin hamısı bütün bu halların qarşısını almağa hazırdırlar. ABŞ isə əksinə üzərinə belə bir öhdəlik götürməyib.
Britaniyalı jurnalist Oliver Bullou müəyyən edib ki, ofşor şirkətlərini evdən çıxmadan belə açmaq olar. Delaver və Nevada ştatının qanunları şirkətlərə bu tip mexanizmlər təklif edirlər. Eyni qanunlar Virciniya adalarında da işləyir. ABŞ-da hətta korporativ strukturu öz şəxsiyyətini təsdiq etdirmədən açmaq mümkündür. İndiki zamanda bunu Kayman, Cersi və Men adalarından daha asan və tez etmək mümkündür. ABŞ-ın böyük şəhərlərində daşınmaz əmlakın təxminən üçdə biri şübhəlidir.
ABŞ-da anonim əmlak sahibi olmaqla bərabər anonim pul köçürmələrinə də izn verilib. 2016-cı ilin dekabrında “Vol Strit Jurnal” qəzeti yazırdı ki, hər il on milyardlarla dollar Amerikadakı qeyri-şəffaf bank hesablarından keçir. Lakin indi bank siyasəti sərtləşdirilib.
Avqustda ABŞ hökuməti banklara Mayami-Deyd, Brovar, Palm Biç, Nyu York və Lon Anceles kimi bölgələrdə elit daşınmaz əmlaklara ödənişlər üçün pul köçürmələrini qeydə almağı tapşırdı. Bu, əslində rusların ən sevimli istiqamətidir. Bu tip addımlar qeyri-şəffaf bank köçürmələrinin arxasında fiziki şəxsləri müəyyən etməyə imkan verəcək. ABŞ məhz belə yollarla Rusiya Prezidenti Vladimir Putinə qarşı müharibəni dinc yolla və hətta “evdən çıxmadan” uda bilər.