“Rusiyaya qarşı sanksiyaların əksəriyyəti əslində kağız üzərində qalıb” -Millət vəkili
Moskva silah satışında dünya ikinciliyini necə saxlayır?
Yenixeber.org: Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Rusiyanın silah ixracatının ötən il gözlənilən səviyyədən yuxarı çıxaraq 15 milyard dollara çatdığını bildirib. Bu, dünya üzrə ikinci göstəricidir. Putin Rusiyanın ümumilikdə 58 ölkəyə silah ixrac etdiyinə, Avropa ilə davam etdirilən hərbi-texniki əməkdaşlığın isə dayanma nöqtəsinə gəldiyinə diqqət çəkib. O, silah alıcıları arasında Azərbaycanın da adını çəkib.
Ukraynanın ərazilərinə müdaxilə etdiyi üçün ABŞ, Avropa Birliyi və bir sıra beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən illərdir sanksiyalara məruz qalan Rusiyanın silah satışında bu qədər irəliləməsi ortaya suallar çıxarır. Bu qədər sanksiyalar altında olan ölkə necə olur ki, silah satışında geriləmir, əksinə, irəliləyir?
Milli Məclisin iqtisadiyyat komissiyasının üzvü, deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qəbul edilən sanksiyaların əksəriyyəti əslində kağız üzərində qalır: “Reallıqda isə əksər dövlətlər Rusiya ilə iqtisadi-ticari əlaqələrini davam etdirir, Rusiyadan silah alırlar. Çünki əmindirlər ki, qəbul edilən sanksiyaların çoxu kağız üzərindədir, tətbiq edilmir. Vladimir Putin hakimiyyətə gələndən sonra Rusiyada hərbi sənayenin inkişafına çox ciddi diqqət ayrılmağa başlandı ki, artıq bu siyasət özünün effektini verir, silah satışı Rusiya iqtisadiyyatının çox əhəmiyyətli hissəsini təşkil edir. Rusiya həmişə imperiya iddiasında olan dövlət olub. İndi də bu iddiadadır və bunu gizlətmir. Hərbi sənayesinə bu qədər önəm verilməsi həm də bununla bağlıdır. Regionda və dünyada geosiyasi proseslərdə məsələləri öz xeyirinə həll etmək üçün Rusiya silah istehsalını ildən-ilə genişləndirir. Münaqişələrin həllinə də imkan vermirlər ki, münaqişə tərəfləri Rusiya üçün daimi silah alıcısı olsun. Ümumiyyətlə, dünya ölkələrinə külli miqdarda silah satışı ilə məşğul olan iri dövlətlər hərbi münaqişələrin olmasında maraqlıdırlar. Çünki münaqişə qaldıqca silaha tələbat da qalır. Həmin dövlətlər silah satışından milyardlarla dollar vəsait əldə edilər. O vəsaitlər həm dövlət büdcəsinə ciddi təsir göstərir, həm də müxtəlif adamların şəxsi mənfəətlərini artırır. Ona görə də hansısa embarqolar müəyyən müddətdən sonra əhəmiyyətsiz hesab edilir və dövlətlər silah satışı ilə məşğul olurlar”.
İqtisadçı-deputatın sözlərinə görə, silah satışı dünyada ən ciddi gəlir gətirən sahələr sırasında ilk üçlükdə yer alır: “Silah satışı ilə məşğul olan ölkələrin iqtisadiyyatına bu ticarət çox böyük miqdarda gəlir gətirir. Eyni zamanda, silah satışında həddən artıq maxinasiyalar da olur. Bu maxinasiyalardan mənfəət götürən insanlar hər yerdə var və Rusiyada da mövcuddur”.
V.Əhmədov onu da söylədi ki, dünyada olan münaqişələr, ərəb ölkələrindəki müharibələr hamısı həm də silah satışı ilə əlaqədardır: “Diqqət edirsinizsə, son illərdə silahlı münaqişələrin arealı genişləndikcə Rusiya kimi silah ixracatçısı olan dövlətlərin silah satışı da genişlənir”.
Qeyd edək ki, Azərbaycan da Rusiyadan silah idxal edən ölkələrdəndir. Bu məsələyə də diqqəti cəlb edən V.Əhəhmədov qeyd etdi ki, münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan da daha çox silahı məhz Rusiyadan alır: “Rusiya ilə Azərbaycanın siyasi, iqtisadi münasibətləri yaxşıdır. Azərbaycanın ən çox silah aldığı ölkə Rusiyadır. Amma Azərbaycan təkcə Rusiya ilə kifayətlənmir. İsraildən, Türkiyədən, Pakistandan və digər ölkələrdən də silah alır. Azərbaycanın ordusunu müasir silahlarla təmin etmək Azərbaycanın dövlət başçısının apardığı siyasətdir və bu siyasət uğurla aparılır”.
Bəs, görəsən Rusiya silahının keyfiyyətinin yüksək olması, yoxsa qiymətinin əlverişli olması dünyanın 50-dən yuxarı ölkəsini rus silahının müştərisinə çevirib?
Deputat dedi ki, hər iki amil və başqa siyasi amillər Rusiya silahını alanların sayına təsir edir.