Varşavada NATO sammiti: Rusiya sərhədində Qərb qüvvələri
Varşavada öz işinə başlayan NATO sammitini bəzi təhlilçilər “tarixi” adlandırır.
Xeberinfo.com: Bu görüşdə NATO qüvvələrinin ilk dəfə olaraq Baltikyanı ölkələr və Polşada yerləşdiriləcəyi barədə qərar qəbul edilib.
“Bizim kollektiv müdafiə və təhlükəsizlik sisteminin daha da müasirləşdirilməsində yeni, olduqca mühüm addımlar atacaq… Bu addımlara Polşa, Estoniya , Latviya və Litvada hərbi mövcudiyyət də daxildir”, sammitin başlanmasından əvvəl NATO-nun baş katibi Jens Stoltenberg deyib.
“Bu mövcuddiyyət çoxmillətli olacaq və alyansın bir üzvünə qarşı hücumun bütün üzvlərə qarşı hücum sayılacağı barədə aydın siqnal göndərəcək”.
Gələn ildən etibarən Rusiya ilə həmsərhəd olan 4 ölkədən hər birində NATO-nun bir batalyonu yerləşdirilməlidir.
Ölkələrdə daimi əsasda qalan batalyonların şəxsi heyəti mütəmadi şəkildə əvəzlənəcək.
İlkin məlumata görə, NATO Rusiya ilə həmsərhəd ölkələrə 4 minə yaxın əsgər göndərməlidir.
Lakin bu qüvvələrin dəqiq sayı və mənzillənəcəyi dəqiq yer hələ ki, rəsmi şəkildə təsdiqlənməyib.
Rusiya sərhədləri yaxınlığındakı hərbi kontinqentə əsgər göndərəcəyini Britaniya, Almaniya, ABŞ və Kanada elan edib.
Britaniya əsgərlərinin Estoniya, amerikalıların Polşa, kanadalıların Latviya və almanların Litvada qalacağı qeyd olunur.
Müdafiə siqnalı
Polşa, Çexiya və Macarıstanla yanaşı NATO üzvlüyünü 1999-cu ildə qazanıb.
Bundan 5 il keçmiş Şimali Alyansa Baltikayanı ölkələr daxil olub.
Lakin onların ərazisində “yarıdaimi” əsaslarla NATO qüvvələri ilk dəfə yerləşdiriləcək. Bundan əvvəl alyansın əsgərləri bu ölkələrin ərazisinə yalnız hərbi təlimlər müddətinə gətirilib.
Baltikyanı ölkələr və Polşa Krımın ilhaqı və Ukraynanın şərqində baş berən münaqişədən sonra NATO-nu daha qərarlı addımlara səsləyib.
4 batalyonun yerləşdirilməsi rəmzi səciyyə daşıyır. Hərçənd ki, münaqişənin baş verdiyi təqdirdə təhlükə ilə aparıcı NATO ölkələrinin hərbçiləri də üzləşəcək.
Qərb bildirir ki, batalyonların yerləşdirilməsində əsas məqsəd müttəfiqlərin təhlükə qarşısında tək qalmayacağını göstərməkdir.
Rusiya NATO addımının cavabsız qalmayacağı barədə xəbərdarlıqla çıxış edib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilin sonunadək ölkənin şimal-qərb bölgəsində tərkibində 20 min hərbçi olacaq iki yeni diviziyanın göndəriləcəyini deyib.
Rusiya ilə sərhəd bölgədə yeni qüvvələrin yerləşdirilməsi ilə yanaşı NATO sammitində, NATO-Aİ əməkdaşlığı, Yaxın Şərqdəki böhran və miqrasiya məsələsi müzakirə olunacaq.
Çox güman ki, müzakirə iştirakçıları Brexit movzusuna da toxunacaqlar. Hərçənd ki, bu məsələ rəsmi gündəmə daxil edilməyib.
Sammit çərçivəsində Gürcüstan-NATO və Ukrayna-NATO komissiyasının iclası də keçiriləcək.