Suriyada İŞİD başçılarından biri öldürüldü
Tarik Xalyaf qruplaşmanın “hərbi nazir”i Abu Umar aş-Şişaninin sağ əli sayılırmış.
Xeberinfo.com: Suriyanın Deyr əz-Zor vilayətində İŞİD terror qruplaşmasının başçılarından biri Tarik Xalyaf al-Abdulla öldürülüb. Ans press-in məlumatına görə, Tarik Xalyaf qruplaşmanın “hərbi nazir”i Abu Umar aş-Şişaninin sağ əli sayılırmış.
“Biz əmin idik ki, onu məhv etmişik”
28 yaşlı al-Abdulla xəstəxananı tutmaq cəhdi vaxtı Suriya ordusuyla toqquşmanın gedişatında öldürülüb. O, Deyr əz-Zor vilayətində cəbhəyə təxminən altı ay idi rəhbərlik edirdi.
Bu il mart ayında İŞİD terrorçu qruplaşmasının əsas liderlərindən biri Abu Umar aş-Şişani ABŞ-ın aviazərbələri nəticəsində öldürüldüyü bildirilib. Bu barədə CNN xəbər yayıb.
Abu Umar aş-Şişani həmçinin “Çeçen Umar” kimi məşhurdur. Kəşfiyyat məlumatına görə, “Çeçen Umar”ın əsl ad və soyadı Tarxan Batiraşvilidir. Keçən il artıq onun ölümü haqqında həmçinin tutulması barədə məlumatlar yayılsa da daha sonra bu informasiya təsdiqlənməmişdi.
“Biz əmin idik ki, onu məhv etmişik. Mənim adamlarım onun cəsədi üstündə durub şəkilini çəkib və mənə göndərmişdilər. O, demə sağ qalıb”, – deyə keçən il dekabrın sonunda Çeçenistan başçısı Ramzan Kadırov bildirmişdi.
İŞİD-in lider heyətindəki çeçen öldürüldü
İraq Şam İslam Dövləti (İŞİD) əsasən İraqda və Suriyada fəaliyyət göstərən silahlı qruplaşmadır. Əqidəsi sələfilik olan İŞİD-in məqsədi İraq, Suriya, Fələstin və İordaniyanın daxil olduğu ərazidə şəriət əsaslarına dayanan din dövləti qurmaqdır. Təşkilat və lideri Əbu Bəkr Bağdadi ABŞ, AB və Türkiyənin terror siyahısındadır.
Təşkilat 2004-cü ildə “Tövhid və Cihad” adıyla Əbu Musa Zərkavi tərəfindən İraqda yaradılıb. Sonradan Üsamə bin Laden rəhbərliyindəki “əl Qaidə” terror şəbəkəsinə qoşulan təşkilat adını da “Mezopotamiyada əl Qaidə” kimi dəyişdirib.
2006-cı ildə yaydığı video müraciətlə “Mücahidlər Şurası Konseyi” yaratdıqlarını açıqlayan Zərkavi həmin il iyunun 7-də ABŞ hərbi kontingentinin keçirdiyi əməliyyatla İraqda öldürüldü. Onu Əbu Həmzə əl Mühacir əvəzlədi. 2006-cı ilin axırına yaxın “əl Qaidə”yə yaxın olan Ömər əl Bağdadi “İraq İslam Dövləti” qurduqlarını açıqlayaraq öz liderliyini elan edib. 2010-cu ilin aprelində ABŞ və İraq hərbçiləri keçirdikləri müştərək əməliyyatla Əbu Ömər əl Bağdadi və Əbu Həmzə əl Mühacirini qətlə yetirdi. Təşkilatın yeni lideri Əbu Bəkr əl Bağdadi olub.