İŞİD-ə daha bir zərbə
Əsl adı Tarxan Patriaşvili olan Əbu Ömər əl-Şişaninin Kobanidə vurulduğu bildirilir, 3 gündür ölüm xəbərləri yayılan əl-Bağdadi haqda isə ziddiyyətli məlumatlar gəlməkdə davam edir
İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi ilə bağlı iddialar artır. Ötən gün növbəti dəfə twitter hesabından əl-Bağdadinin öldüyü iddiaları yayılsa da, sonradan hesabların saxta olduğu məlum olub. Bu səbəbdən də hələlik İŞİD liderinin sağ olması, yoxsa öldürülməsi haqqında dəqiq bilgi yoxdur.
Qeyd edək ki, hələlik ABŞ hökuməti də İŞİD liderinin öldürülməsini təsdiqləməyib. ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki bildirib ki, koalisiya aviasiyası noyabrın 7-də həyata keçirdiyi hücum zamanı Mosul şəhəri ətrafında İŞİD liderlərinin toplantı keçirəcəyi ilə bağlı xəbərlər əsasında orada olan 10 avtomobildən ibarət konvoyu vurub. Ancaq J.Psaki ABŞ ordusunun vurulan konvoyda əl-Bağdadinin olub-olmadığını dəqiq bilmədiklərini deyib.
Bu arada ərəb mediasında İŞİD lideri postuna yeni namizədlər haqqında məlumatlar yayılıb.
Potensial namizədlərdən biri kimi, iki gün əvvəl mediaya haqqında geniş məlumat ötürülən, keçmiş narkotik taciri olduğu iddia olunan Səddam Camalın hallanmağa başlayıb. Daha əvvəl Azad Suriya Ordusunda olan S.Camalın qardaşlarının İŞİD-çilər tərəfindən öldürüldüyü, özünün isə sonradan beyət edərək qruplaşmaya qoşulduğu bildirilir. Bu barədə məlumatı Camalın keçmiş mühafizəçisi verib.
İŞİD-in daha bir itkisi
“Rusiya bu gün” beynəlxalq agentliyi isə Suriyanın Qamışlı bölgəsindən İŞİD-in nüfuzlu komandanlarından olan Əbu Ömər əl-Şişaninin öldürüldüyü haqda xəbər yayıb. Xəbərdə qeyd olunur ki, əsl adı Tarxan Patriaşvili olan İŞİD-in əsasən gəlmələrdən ibarət dəstəsinə rəhbərlik edən əl-Şişani Kobanidə davam edən döyüşlərdə öldürülüb.
Bu məlumatı isə Rusiya agentliyinə İŞİD-in Suriyadakı paytaxtı hesab olunan Rəqqa şəhərindəki adını açıqlamaq istəməyən informatoru verib. Bildirilir ki, Şişani ötən həftə Kobanidə baş verən döyüşlərin birində ağır yaralanıb və Rəqqadakı xəstəxanalardan birinə aparılıb. Xəbərdə İŞİD-dən Şişani ilə bağlı hər hansı açıqlama gəlmədiyi qeyd olunur.
“əl-Qaidə”dən yeni terror çağırışı
“əl-Qaidə” terror təşkilatı rəhbərliyi bütün dünyadakı tərəfdarlarına neft tankerlərinə və boru kəmərlərinə hücum çağırışı etdiyi haqda xəbər yayılıb. Hərbi sahədə ixtisaslaşmış “IHS Jane” məsləhətçi şirkəti bəyan edib ki, terrorçuların bununla dünya üzərində iqtisadi müharibə başlatmaq istədiyini bəyan edib.
Agentliyin təhlilinə görə, bu çağırış böyük mənada terror aksiyalarına gətirməsə də, müəyyən qeyri-sabit bölgələrdə terrorçuların hücumlarını aktivləşdirəcək. Xüsusən də Süveyş kanalı və Bab əl-Məndəb boğazında neft tankerlərinə hücumlarının artacağı ehtimal olunur. Bundan başqa Hörmüz boğazında da terror hücumları riskinin olduğu və bu hücumların neft daşımaçılığı və bazar qiymətlərinə təsir edə biləcək.
Alman polisi İŞİD-çi ovunda
Almaniyanın Köln əyalətində polisin keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 8 nəfər “Suriyadakı qruplara pul göndərmək və Suriyaya getmək istəyənləri maliyyələşdirməkdə” ittiham olunaraq həbs olunub. Saxlanılanlardan saxta pasportlar, gizli sənədlər və sair əşyalar müsadirə olunub. Daha əvvəl həbs olunan Pakistan əsilli Mirzə Tamur Suriyaya adam göndərmək və onları maliyyələşdirməkdə ittiham olunur.
Koalisiya Suriyada 865 öldürüb
Suriya İnsan Haqları Müşahidə Qurumu sentyabrın ortalarından bu yana koalisiya aviasiyasının həyata keçirdiyi bombardmanlar nəticəsində Suriya ərazisində 865 nəfər öldürülüb. “Reuters” Agentliyinin məlumatına görə, ölənlərdən 50 nəfəri mülki insanlardır.