HƏR GÜN 1 MİLYARDLIQ NEFTİN DAŞINDIĞI KÖRFƏZ… –İran Hörmüz boğazını bağlasa, nələr olar? - TƏHLİL
Son dövrlər Qərblə İran arasındakı gərginlik özünün tarixi maksimumuna çatıb. Belə görünür ki, hər iki tərəf bir-birini müharibəyə itələyir. Böyük Britaniya hökumətinin, Fars körfəzində tankerlərə hücumda İslam İnqilabı Keşikçiləri Korpusunu ittiham etməsi isə vəziyyəti daha da kəskinləşdirib.
Yenixeber.org: Ötən ay Oman körfəzindən keçən Norveç və Yaponiya tankerləri də hücuma məruz qalmışdı. Bundan sonra İran həmin rayon yaxınlığından keçən Amerikanın pilotsuz uçuş aparatını vurdu.
ABŞ bəyan edir ki, baş verən hadisələrdə İranın əli var.
Bütün bu insidentləri yalnız bir şey birləşdirir: onların hamısı Fars körfəziylə Omanı birləşdirən dar su yolu olan Hörmüz boğazında baş verir.
Hörmüz boğazı nə üçün bu qədər vacibdir?
Bu boğaz kiçikdir. Onun ən dar yeri 33 mil, yəni 54 kilometrdir. Geosiyasi və maliyyə baxımından bura əsas dəniz yoludur. Hörmüz boğazı dünyanın ən çox yüklənmiş nəqliyyat yoludur.
ABŞ Enerji İnformasiyası İdarəsi (Energy Information Adminstration) məlumat verir ki, körfəzdən keçən neftin böyük hissəsi Səudiyyə Ərəbistanından tədarük olunur. EIA, həmçinin 2018-ci ilin göstəricilərinə söykənərək xəbər verir ki, gün ərzində boğazdan 21 milyon barelə kimi xam və emal edilmiş neft keçir. Bu, dəniz yoluyla daşınan dünya neftinin təxminən üçdə biridir. Və ya indiki neft qiymətləriylə götürülsə, illik 1 trilyon 197 milyard dollar dəyərində neftdir.
Pilotsuz aparatla edilən hücumdan sonra Donald Tramp ABŞ-ın regiondakı iştirakını şübhə altına qoyaraq, Çini, Yaponiyanı və digər ölkələri Hörmüz boğazından keçən gəmilərini özləri müstəqil qorumağa çağırıb.
Tramp qeyd edib ki, Çin və Yaponiyanın istehlak etdiyi neftin əhəmiyyətli hissəsi bu körfəzdən axır. ABŞ prezidenti öz “twitter” səhifəsində yazıb: “Axı biz nə üçün, əvəzində heç nə almadan digər ölkələrin su nəqliyyatı yollarının təhlükəsizliyini təmin edirik və bunu həm də illərdir edirik? Hətta bizim orada iştiraka ehtiyacımız yoxdur, çünki ABŞ bu yaxınlarda dünyanın ən böyük enerji hasilatçısına çevrilib”.
Fars körfəzindən daşınan neftin 76%-i yekunda Asiya ölkələrinə çatdırılır. Amma hər halda ABŞ Yaxın Şərq ölkələrindən ayda 30 milyon bareldən çox neft idxal edir. Bu həcmdəki neft təxminən 1,7 milyard dollar dəyərləndirilir və ABŞ-ın aylıq neft idaxalının 10%-ni təşkil edir.
ABŞ və İran arasındakı gərginlik hansı rol oynayır?
İran və Qərb münasibətlərindəki gərginliyin saxlanılması Tehranın körfəzdən keçən neft nəqlini bağlaması ilə nəticələnə bilər. Belə ki, bu barədə İran prezidenti Həsən Ruhani xəbərdarlıq da edib. Ruhanı deyib: “Biz həmişə körfəzin təhlükəsizliyini təmin etmişik. Şirin quyruğunu dartma, yoxsa bundan əbədi olaraq peşman qalarsan…”.
Əgər İran öz hədəsini həyata keçirsəydi, bu, çox böyük ehtimalla, dünya neft ticarətini xeyli dərəcədə çətinləşdirərdi. Çünki boğaz çox dardır, tankerlərin hərəkətinə qarşı istənilən müdaxilə dünya neft tədarükünün azalmasına və qiymətlərin kəskin qalxmasına səbəb olardı. Mənbəyindən asılı olmayaraq, neftin dünya qiymətləri ABŞ-a təsir göstərir, ona görə də hər necə olsa da, Vaşinqton Hörmüz boğazının müdafiəsində maraqlı olacaq.
ABŞ Enerji Nazirliyindən olan iqtisadçı Kennet Vinsent bildirib: “ABŞ-ın istehlak etdiyi neftin haradan götürülməsinin əhəmiyyəti yoxdur. Mühüm olan odur ki, əgər haradasa Yaxın Şərqdə müharibə gedirsə, bu, nefti bahalaşdırır və belə halda, bu, Amerika iqtisadiyyatına ziyan vurur”.
ABŞ və İran arasındakı gərginlik elə bir müddət əvvəl də dünya neft qiymətlərinə təsir göstərmişdi. Aprel ayında Tramp administrasiyası İran neftini alan ölkələrə sanksiya tətbiq edəcəyini bildirəndə, neftin qiyməti çox yüksəklərə qalxmışdı.
ABŞ dövlət katibi Mayk Pompeo keçən ay ilk dəfə İranı neft tankerlərinə hücumda ittiham edəndən sonra da, neftin qiyməti dərhal 4% yüksəlmişdi.
Həqiqətənmi, İran körfəzi bağlaya bilər?
Çox güman ki, İran hərbi cəhətdən özündən dəfələrlə güclü olan ABŞ-la irimiqyaslı müharibəyə girişməkdənsə, Hörmüz boğazının bağlanmasına çalışar. Lakin bu, İrana çox baha başa gələr.
“Massaçusets Texnologiya İnstitutu”nun təhlükəsizlik məsələləri üzrə araşdırmaçısı Keytlin Talmaj yazır ki, körfəzi bağlamaq üçün İran sualtı qayıqların və gəmilərin köməyilə buraya ən azından min ədəd mina yerləşdirməlidir. Amma araşdırmada deyilir ki, bundan ötrü ən azından bir həftə vaxt lazımdır.
Neftin körfəzdəki hərəkətinin pozulması ona gətirib çıxaracaq ki, dünyadakı neft idxalçıları Yaxın Şərqin sərhədlərindən uzaqda mənbələr axtarmağa başlayacaqlar və özlərinin bu regionadan asılılıqlarını azaldacaqlar. (“Business Insider”-ABŞ)
“AzPolitika”nın əlavəsi: Britaniyanın “British Heritage” tankerinə Hörmüz boğazında hucum edilmişdi. Bu tanker milyon barel neft daşımaq gücündədir. İndi Britaniya öz tankerlərini qorumaq üçün Fars körfəzinə “Dunkan” freqatını göndərib. Bu hadisədən öncə isə, Britaniya ABŞ-ın istəyi ilə Cəbəllütariq boğazından keçən İranın “Grace-1” tankerini saxlamışdı. Çünki həmin tanker beynəlxalq sanksiyalara məruz qalan Suriyadakı Baniyas neft emalı zavoduna göndərilirdi. Hazırda görünən odur ki, əgər bundan sonra da İranın tankerləri saxlanılarsa, bu, İranı adekvat cavab verməyə təhrik edə bilər. Belə olduqda isə gərginlik daha da artacaq. Trampın çıxışından anlaşılır ki, onlar bu məsələyə Asiya ölkələrini də qatmaq istəyirlər.
Onu da deyək ki, körfəzin bağlanması bəlkə də, Amerikaya sərf edər. Çünki ABŞ həqiqətən də öz neft hasilatını xeyli artırıb və indi böyük ixracatçı olmaq fikrindədir.