Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müəmma:bir neçə ay əvvəl “qanunsuz” sayılan iş necə “qanuni” oldu?

 

Bakının Nəsimi rayonu ərazisində, 4-cü mikrorayonda, Cavadxan küçəsi, 68A ünvanında, sovet dövründə tikilmiş 4 çoxmərtəbəli yaşayış binasının həyətində aparılan tikinti ilə bağlı müəmmalı məqamlar ortaya çıxıb.

Yenixeber.org: Belə ki, cəmi bir neçə ay əvvəl həmin ərazidə tikintinin aparılması hüquq-mühafizə orqanları tərəfindən şəhərsalma qaydalarının pozulması ilə müşaiyət olunan qanunsuz əməl kimi qiymətləndirilib. Və tikintini aparan “Fidan MTK” adlı şirkətin rəhbəri Şükürov Əli Şükür oğlu Baş prokurorluğun sanksiyası ilə həbs olunub.

Bu qanunsuz tikintinin dayandırılması sakinlərin çoxsaylı etirazlarından, şikayətlərindən sonra mümkün olmuşdu. Lakin bəlli olub ki, bu dəfə “Memar İnşaat-2017” adlı şirkət həmin yerdə tikintiyə başlayıb və üstəlik etiraz etməyə cəhd göstərən sakinlərə təzyiqlər göstərilir. Polisin əliylə sakinlər döyülüb, söyülüb və təhqir olunub. Onlara hətta evlərinin pəncərəsindən tikinti meydançasına tərəf baxmaq da qadağan edilib. Sakinlər əməkdaşımıza deyiblər ki, bu dəfə tikintini aparan kimdirsə “çox arxalı adamdır” və əlində tikintiyə icazə verilməsinə dair sənədləri var.

 

Qeyd edək ki, Bakıda sovet dövründə tikilmiş yaşayış binalarının həyətlərinin zəbt edilməsi, orada əkilən ağacların qırılması hesabına çoxmərtəbəli binaların tikintisi olduqca geniş yayılıb. Nəticədə şəhərsalma qaydaları kobud şəkildə pozulub, bir neçə 5 mərtəbəli, yaxud 9 mərtəbəli binanın arasından ucalan 18-20 (bəzən daha çox) mərtəbəli binalar şəhərdə arxitektura baxımından eybəcər mənzərə yaradıb.

Paytaxtda hökm sürən bu tikinti xaosu ilə bağlı prezident İlham Əliyev dəfələrlə sərt çıxışlar edib. Sonuncu dəfə ötən ilin oktyabrında, Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirəsi zamanı prezident çıxışında bu kimi qanunsuzluqların qarşısının alınmasına dair qəti göstərişlər vermişdi.

İlham Əliyev həmin çıxışında deyib ki, Bakıda və digər şəhərlərdə qanunsuz tikintilərə son qoyulmalıdır. Və prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilməyəcəyini bəyan edib. Prezident vurğulayıb ki, əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar.

“Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək»-İlham Əliyev deyib.

Prezident həmin çıxışında binaların həyətlərinin zəbt edilməsi hesabına aparılan tikintilərə xüsusi toxunmuşdu.

Sitat: “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub».

Məhz prezidentin həmin çıxışından sonra hüquq-mühafizə orqanları hərəkətə keçdilər və Bakıda binaların həyətlərinin zəbt edilməsi, yaşıllıqların qırılması, şəhərsalma qaydalarının kobud pozulması hesabına tikinti aparan bir neçə şirkət rəhbərləri barədə cinayət işləri qaldırıldı. Həbslər aparıldı. O cümlədən Cavadxan küçəsində həyəti zəbt edib özül qazan “Fidan MTK”-nın rəhbəri tutuldu.

Amma MTK rəhbərinin həbs olunmasına baxmayaraq ərazidə tikinti meydançasının ətrafına çəkilmiş hasar sökülməmişdi. Və indi belə məlum olur ki, “Memar İnşaat-2017” adlı şirkət həmin ərazini alıb və tamamilə arxayın şəkildə, sakinlərə hədə-qorxu gəlməklə tikintini yenidən başladıb.

Şirkətə tikinti üçün icazə sənədlərini yeni qaydalara görə ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verə bilərdi. Bu baxımdan Komitəyə Cavadxan küçəsi, 68A ünvanında, Baş prokurorluğun qaldırdığı cinayət işinin təhqiqat predmeti olan sahədə tikintinin aparılması üçün icazənin verilməsinə aydınlıq gətirilməsi üçün yazılı sorğu ünvanlamışıq. Hələlik sorğuya cavab verilməyib.

Çünki haqlı olaraq belə suallar yaranır: necə olur ki, həm prezident İlham Əliyev binaların həyətlərinin zəbt edilməsi hesabına tikintilərin aparılmasının yolverilməz olduğunu bəyan edir. Həm  Baş prokurorluq Cavadxan küçəsindəki həmin tikintinin qanunsuz olduğu, şəhərsalma qaydalarını pozduğu qənaətinə gəlir və cinayət işi qaldırır. Amma cəmi bir neçə ay keçəndən sonra eyni ərazidə tikintinin aparılması “qanuni” elan edilir və bu dəfə başqa şirkətə icazə sənədləri verilir?!

Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tezliklə bu müəmmaya aydınlıq gətirəcək(virtualaz.org).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam