Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İRAN ELİTASI GÖRÜNDÜYÜNDƏN DƏ KÖVRƏKDİR –Nüfuz və mövqe savaşının aşkar və pərdəarxası aktyorları - TƏHLİL

Sənəm Vəkil

“Foreign Policy” (ABŞ)

 İranda son etiraz dalğası Tehranda liderlik böhranının son əlamətidir. Bu, dövlətin bütün eşelonları və hakimiyyət içərisində rəqabət aparan iddialı fraksiyaların böhranıdır.

Yenixeber.org: Bir həftə ərzində etirazçılar İranın Ali Rəhbəri Əli Xamnei, Həsən Ruhani və Ali Məhkəmə sədri Sadiq Laricani də daxil olmaqla, əsas fiqurlara qarşı şüarlar səsləndirərək, 1979-cu ildən bəri bir araya gəlmiş İslam Respublikası elitası – islahatçılar, praqmatiklər və prinsipçilər arasındakı parçalanmanı ortaya qoydular. Etirazlar, həmçinin bütün bu qrupların İran dövləti ilə cəmiyyət arasında dərinləşən bölünmənin əks tərəfində qaldığını vurğuladı.

Bu böhran İran üçün unikal deyil. “Ərəb Baharı” etirazları, ABŞ prezidenti Donald Trampın seçilməsi və 2016-cı ilin “Brexit” referendumu status-kvo siyasəti və siyasi elita əleyhinə etiraz qlobal trendini əks etdirən bəzi nümunələrdən biridir.

Son 20 ildə iranlılar seçki qutusu və nümayişlərlə siyasi status-kvoya qarşı artan narazılıqlarını daim bildiriblər. Bu dövrdə fraksiyalararası gərginlik və siyasi rəqabət sürətlənərək, İran siyasətinin müəyyən xüsusiyyətinə çevrilib.

Beləliklə, fərqli fraksiyalar müxtəlif dövrlərdə xalq nifrətinin hədəfi olub – seçilmiş hökuməti idarə edən mərkəzçi və islahatçı qrup, eləcə də İslam Respublikasının seçilməyən, hakimiyyət mərkəzlərində hakim olan sərt mühafizəkarlar.

İslahatçıları hökumətə gətirən Məhəmməd Xatəminin 1997-ci ildə prezident seçilməsinin İslam Respublikasının siyasi elitası arasında fraksiyalığa doğru sürətləndirəcəyi deyilirdi. İslam hökumətinin siyasi, mədəni və iqtisadi liberallaşmasına can ataraq, islahatçılar mühafizəkarlar hesabına elitanı içəridən dəyişdirmək ideyasını təqdim etdilər. Onların səyləri, geniş seçici dəstəyinə baxmayaraq, islahatlara qarşı koordinasiya edilmiş konservativ manevr sayəsində əsasən uğursuz oldu.

2005-ci ildə Mahmud Əhmədinejadın prezident seçilməsi onu populist dəyişiklik küləyinə çevirdi. Gənc nəslin inqilabçısı olan Əhmədinejad yolundan sapmış inqilabın yaratdığı bərabərsizliyi aradan qaldırmağa çalışırdı. Onun redistributiv – təkrarən bölüşdürmə və qarşıdurma siyasəti daxili güc balansını pozdu. Bu, 2009-cu ilin seçkisonrası etirazlarında və daha sonra hökumətin təzyiqi ilə daha parlaq şəkildə göründü, odur ki, Ali Rəhbər Xamneinin ağır tənqidi ilə üzləşdi.

Praqmatik iqtisadi və sosial islahatlar platformasında kampaniyaya aparmış mərkəzçi Həsən Ruhaninin 2013-cü ilin seçkilərində qələbəsi – sistemə balansın qaytarılması demək idi. Elitanın içərisində olan Ruhaninin, siyasi sağ və sol qanadlar arasında körpülər qura biləcəyi, ümumiyyətlə, İslam Respublikasının itirdiyi xalq legitimliyini bərpa edəcəyinə ümidlər vardı. Həm də Birləşmiş Ştatlar və digər dünya gücləri ilə nüvə danışıqlarının davam etdirilməsi üçün, Xamneinin iradəsi ilə, vahid cəbhəni təqdim etmək üçün xarakterik gərginlik nisbətən azalmışdı.

2015-ci ilin iyul ayında müqavilə möhürləndikdən sonra prinsipçilər təcavüzkar şəkildə Ruhanini və onun təklif etdiyi islahatları nüfuzdan salmağa çalışdılar. Sələfləri kimi, Ruhani də dəyişiklik vəd ilə yüksəlmişdi və indi enmə prosesindədir, çünki o da yüksəlməsi üçün istifadə etdiyi fraksiyalılığın səmərəsizliyi ilə üzləşib. O, tədricən son 20 ildə İranın liderlik böhranını müəyyənləşdirən seçki dəyişikliyi, etibarsız siyasi vədlər, məyusluq və kütləvi narazılığın qurbanına çevrilir.

Sərt siyasət tərəfdarları və islahatçılar təkcə siyasi sistemdəki yerlərindən deyil, həm də gələcək mövqelərindən narazıdır. Nəzəri olaraq, bütün fraksiyalar İslam Respublikasının siyasi sisteminin qorunmasında birləşir. Hətta bu məsələlərə dair fikirlərində fərqli olsalar da. Amma praqmatistlər və islahatçıların iqtisadi liberallaşma siyasətinə verdiyi dəstək daha açıq özəl sektorun yaranmasını vəd edir ki, bu da inqilabın dəyərlərini və prinsipçilərin sistem içindəki mövqeyini pozacaq.

Ruhaninin korrupsiya məsələlərini qaldırmaq və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) biznes maraqlarına meydan oxumaq cəhdləri də prinsipçilərin iqtisadi maraqlarına təhlükə yaradır. Məhz bu ziddiyyətlər fonunda Məşhəd şəhərində son etirazlar başladı və ölkənin 70-dən çox şəhər və qəsəbəsinə yayıldı.

Bəzi hesabatlara görə, Ruhaninin iqtisadi siyasətinə qarşı çıxmaq üçün Məşhəddə ilk etiraz aksiyalarını, 2017-ci ilin prezident seçkilərində məğlub olan sabiq namizəd olan İbrahim Rəisiyə yaxın mühafizəkar siyasətçilər təşkil edib. Lakin sonradan nümayişlər nəzarətdən çıxıb.

Ruhaninin bu yaxınlarda açıqlanan büdcə layihəsi xərclərin azaldılması və institusional korrupsiyanı tənqid etmək üçün ictimaiyyətin diqqətini cəlb edib. Xarici investisiyaların cəlb edilməsindən ötrü Ruhani daxili xərcləri subsidiyalara ayırmaq və yanacaq qiymətlərini artırmaq təklifini irəli sürüb – narazılığı daha da artıracaq təkliflər.

Heç vaxt ümidsiz olmayan Ruhaninin dövlət fondlarından nəzarətsiz dini və mədəni qurumlara və İİKK-yə 8 milyard dollar vəsait ayırması da böyük diqqət çəkib.

Xalqın narazılığını alovlandırmaqda Əhmədinejadın rolunu da qeyd etmək vacibdir. Onu etirazlara cəlb olub-olunmadığı barədə konkret bilik yoxdur, amma İİKK rəsmiləri onu hədəfə alıblar. Korpusun rəhbəri Məhəmməd Əli Cəfəri deyib: "Bu etirazlar… sistemin dəyərlərinə və prinsiplərinə zidd olaraq ağzını açan bir sabiq rəsmi şəxslə bağlıdır… Təhlükəsizlik səlahiyyətliləri bu məsələni araşdırır, əgər sabiq rəsminin aksiyalara müdaxiləsi varsa, əlbəttə, hüquq-mühafizə orqanları ilə üzləşməli olacaq".

Prezidentliyinin sona çatmasına baxmayaraq, Əhmədinejad onu məhv etmək üçün hər cür səy göstərən rejimin gövdəsinə batmış tikan olaraq qalır.

İran rəhbərliyinin etirazlara olan təpkisi ənənəvi tərzdə idi və hökumətin dərin siyasi gərginliyini və daxili rəqabəti əks etdirir.

Prezident Ruhani fraksiya rəqiblərindən məsafədə qalmaq üçün etiraz nümayişləri zamanı iki dəfə danışdı. O, narahatlıqların əsas səbəbinin "gənc nəsildən uzaqlaşma" olduğunu etiraf edərək, internetə, hökumət şəffaflığına və həbs olunan tələbələrin azadlığa buraxılmasına çağırıb. Bu, Ruhaninin 2013-cü ildən etibarən çağırış etdiyi eyni islahatlardır. Onun güclü opponentlərindən daha böyük dəyişiklik tələb etməsi üçün lazımi siyasi qüvvəyə və cəsarətə sahib olub-olmadığını görmək qalır. Əgər bunu edə bilməsə, iqtidarının qalan müddətini “çılpaq ördək” kimi tamamlayacaq.

Ancaq qeyd etmək lazımdır ki, islahatçılar da ardıcıl cavab formalaşdırmaq üçün mübarizə aparıblar. Ruhani hökumətinin parlamentdəki tərəfdaşları kimi, onlar həm hökuməti və eyni zamanda, etirazçıların hüquqlarını dəstəkləmələri ilə çətin vəziyyətdədirlər.

Xamneiyə gəlincə, onun şərhləri müdaxiləyə görə xariciləri günahlandırmaq kimi adi söz oyunu ilə məhdudlaşdı. Ali Lider ölkənin vətəndaşları üçün heç bir məna və dəyəri olmayan İslam Respublikasına dair çürüyən baxışa sahib çıxmağa davam edir; sistemi balansda saxlaya bilməmənin bütün təqsiri nəticə etibarilə onun çiyinlərinə düşür.

Etirazçıların haqqını dəstəkləyən və ictimaiyyətin məyusluğunu qəbul edən bir kəs vardısa, bu, ideoloji cəhətdən Ali Liderə bağlı olan və xalqına populist baxışlarını təbliğ etmək istəyən imam-cümələr idi.

İstənilən halda, etirazlara fərqli münasibət İslam Respublikası içərisində siyasi birlik ilğımını aşkarlayır. İslam Respublikası üçün kollektiv dəstək iddialarına baxmayaraq, İranın siyasi qrupları effektiv idarə etmədən daha çox öz hakimiyyətini və sistemdə yerlərini qorumaqda qayğılanırlar.

1858-ci ildə Respublikaçıların İllinoysda keçirilən qurultayında o zamankı senator-namizəd Abraham Linkoln demişdi: "Abad kənd tüstüsündən bilinər". Bu, İran İslam Respublikası barədə də deyilə bilər.

İranın elitası və İran cəmiyyəti arasında əhəmiyyətli bir razılaşma olmadan, İran hökuməti önümüzdəki dövrdə təhlükəli və dəyişkən yolla üzləşəcək.Tərcümə: Strateq

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam