İran tankerindən sızan yanacaq dənizdən niyə təmizlənmir?
Şərqi Çin dənizində batan İrana məxsus tankerdən dənizə sızan yanacağın təmizlənməsi üçün heç bir addımın atılmadığı iddia edilir
Yenixeber.org: Bir çox dəniz canlısının köç etdiyi və törəmə bölgəsində batan tankerdən sızan yanacağın təmizlənmədiyi, ətraf mühitə təsirə dair araşdırmanın aparılmadığı bildirilir.
Tankerdən sızan yanacağın yayıldığı sahənin Parisin ərazisi böyüklükdə olduğu qeyd edilir.
Lakin indiyə qədər Yaponiya və Çin tərəfindən sızan yanacağın təmizlənməsi və ya araşdırma aparmaq üçün addım atmadığı iddia olunur.
Ekspertlərin fikrincə, yanacaq sızıntısının hansı fəsadlar törədəcəyi hələlik bilinmir.
BMT-də, eləcə də müxtəlif ölkələrə neft sızıntısı və ətraf mühitə təsirlərə dair məsləhətçilik edən Richard Steiner deyib: “Regional hökumətlər əhatəli bir araşdırma aparmadığı üçün bu fəlakətin təsirinin nə olacağı bilinməyəcək”.
Əvvəllər İran tankerindən sızan yanacaq 4 istiqamət üzrə təqribən 100 kvadratkilometr əraziyə yayıldığı bildirilmişdi. Ətraf mühitə dəyən ziyanın ölçülməsi məqsədilə tankerin qalıqlarını aşkar etmək üçün sualtı robotların göndərilməsi planlaşdırılır. Batan “The Sanchi” adlı tankerdəki təxminən 136 min ton kondensat rəngsiz olduğundan onun aşkarlanması çətin olur.
Xatırladaq ki, İranın Milli Tanker Şirkəti (NITC) tərəfindən idarə olunan “The Sanchi” adlı neft tankeri yanvarın 6-da gecə Şanxaydan 160 mil uzaqlıqda “CF Crystal” adlı gəmi ilə toqquşub. Tanker İrandan Koreya Respublikasına son dərəcə yüngül və uçucu neft növü olan 136 min ton kondensat daşıyırdı. Təxminən 1 milyon barrelə bərabər olan bu kondensat yükünün bazar dəyəri 60 milyon dollar təşkil edirdi. Toqquşma nəticəsində ABŞ taxılını daşıyan yük gəmisinə isə az ziyan dəymiş və hamısı Çin vətəndaşı olan 21 ekipaj qurtarılmışdı. Lakin yanvarın 14-də “The Sanchi” adlı neft tankeri batmış və 32 ekipaj üzvünün hamısı həlak olmuşdu. İran hökuməti yanvarın 15-ni ölkədə ümummilli matəm elan etmişdi. Qəzanın başvermə səbəbi hələ də bilinmir.