Tibbi metodlarla həyata keçirilən cinayət: evtanaziya
Xeberinfo.com: Ötən günlərdə Belçikada 17 yaşlı xəstə uşağın həyatına həkim müdaxiləsi ilə son qoyuldu. Səlahiyyətli şəxslər bunun uşağın evtanaziya tələbi ilə bağlı həyata keçirildiyini açıqladılar. Tələbi təsdiq edən Belçika Federal Evtanaziya Nəzarət və Qiymətləndirmə Komitəsinin sədri Distelmans bu heyrətverici hərəkəti, "uşaqların şərəfli ölüm hüququnun inkar edilə bilməz olduğu" kimi qəribə bir məntiqlə müdafiə edərək evtanaziyaya nüfuzlu görünüş verməyə çalışdı.
Evtanaziya "xəstənin razılığının olması, razılıq ifadə edə bilməyəcək dərəcədə şüurunun qapalı olması, intihar etməsinə tibbi dəstək verilməsi, müalicənin dayandırılması, ya da birbaşa tibbi müdaxilə ilə xəstənin öldürülməsi" kimi müxtəlif kateqoriyalara bölünür. Bunlara da aktiv, passiv, istəkli, istəksiz evtanaziya, dəstəkli intihar və s. adlar verilir.
Distelmans nümunəsində olduğu kimi, evtanaziyanın müdafiəçiləri "şərəfli, hörmətli, rahat ölüm", "insan kimi ölmə haqqı" kimi məsum görünən ifadələrlə evtanaziyanı haqlı göstərməyə çalışırlar. Əslində isə evtanaziya intihar, planlı cinayət kimi əməllərdən fərqli deyil. Evtanaziyanı istəyən insanın əqli və ya fiziki sağlamlığı necə olursa olsun, evtanaziya qərarının verilməsi bir insanın həyatına son qoyulması, yəni ölümünə qərar verilməsi deməkdir. Xəstənin razılığı və müasir tibbi metodlarla həyata keçirilməsi bu həqiqəti dəyişməyəcək.
Bu gün Hollandiya, Belçika, Kolumbiya və Lüksemburq kimi ölkələrdə, ABŞ və Kanadanın bəzi əyalətlərində evtanaziya və dəstəkli intihar adlandırılan üsullar leqallaşıb və tez-tez tətbiq olunur. Çinlə İsveçrədə isə evtanaziya özəl klinikalarda həyata keçirilir.
Bunların arasında 18 yaşdan balaca uşaqlara evtanaziya tətbiq edilməsi qanuni olan ölkələr yalnız Hollandiya və Belçikadır. Hollandiya qanunları evtanaziya tətbiq ediləcək uşağın 12 yaşından böyük olması şərtini qoyur. Belçika isə 2014-cü ildə beynəlxalq ictimaiyyətin böyük təsiri ilə qəbul etdiyi qanunla hər yaşdan uşağa evtanaziya etmək imkanı verir.
Evtanaziya qanunlarında evtanaziya tələb edən xəstənin əqli sağlamlığının yerində olması, ölümcül xəstəliyə tutulması və ya dözülməz dərəcədə fiziki və ya psixoloji əzab çəkməsi kimi şərtlər nəzərdə tutulur.
Halbuki bu qanunlar lap başından düz deyil. Çünki özünü öldürmək, habelə başqasını da bu cinayətə vasitə etmək istəyən insanın fiziki və əqli sağlamlığından danışmaq tibbi olaraq onsuz da mümkün deyil. Ağlı və şüuru bulanıq, iradə və mühakiməsi zəif, çox zaman fiziki çətinlikləri səbəbindən depressiyada olan bir xəstənin qərarını evtanaziya üçün mümkün saymaq böyük səhv olar. Xüsusilə də qanunların hələ kifayət qədər əqli və mənəvi yetkinliyə çatmamış saydığı, bir çox məsələdə səlahiyyət və məsuliyyət vermədiyi bir uşağın intihar kimi ən üst səviyyədəki tələbinə etibar edilməsi çox anormal haldır.
Bu səbəbdən intihar etmək təşəbbüsündə olan insana necə ki, psixoloji dəstək verilir, reabilitasiya üsulları, dərman müalicələri tətbiq olunursa, evtanaziya tələb edən şəxsə də eyni müalicələr edilməlidir. Əks təqdirdə belə bir xəstəni tibbi metodlarla öldürməyin, ya da özünü öldürməsinə yardımçı olmağın intihar etmək üçün binanın damına çıxmış şüuru qapalı insanı aşağı itələməkdən fərqi olmayacaq.
Ölümcül xəstəliyə tutulmuş bir xəstəyə edilməli olan ən doğru və humanist davranış onu müalicə etmək, sağaldıb həyata qaytarmaq üçün mövcud bütün tibbi və humanitar imkanlardan sonuna qədər istifadə etməkdir. Soyuqqanlı və vicdana uyğun olmayan şəkildə ölümünə qərar vermək deyil.
Ümidsiz hesab edilən xəstəliklərdən xilas olan, ən ağır ifliclərdən sağalan, illərlə davam edən komalardan oyanan saysız-hesabsız nümunə var. Beləliklə, həyatda qaldığı müddətcə hər an düzəlmə imkanı olan bir insana bu imkanı tanımadan vicdansızca öldürmək və ya özünü öldürməsinə kömək etmək qəbul edilə bilməz.
Evtanaziya qərarlarında mövcud olan "xəstənin güclü fiziki əzab çəkməsi" şərtinin də evtanaziyanı qanuniləşdirmək üçün istifadə edildiyi çox açıqdır. Çünki dövrümüzdə hər növ və gücdə ağrını kəsən, azaldan saysız-hesabsız dərman və müalicə üsulu mövcuddur. Bunların təsir və keyfiyyəti də daim inkişaf etdirilir.
Digər bir evtanaziya əsası kimi irəli sürülən "psixoloji əzab" isə adından göründüyü kimi, psixoloji xəstəlikdir. Bunun həlli də xəstəni öldürmək, intiharına yardım etmək deyil, yenə onu müalicə etməkdir.
Digər tərəfdən, evtanaziya sui-istifadələrə də çox açıq tətbiqdir.
İsveçrədə evtanaziya tələblərini minlərlə dollara yerinə yetirən klinikalar var. Hər il minlərlə evtanaziyanın həyata keçirildiyi Hollandiyada statistikalara görə, xəstələrin yalnız çox kiçik bir hissəsi evtanaziyadan qabaq psixoloji müayinə edilir. Üstəlik bunun üçün ölümcül xəstəliyə tutulmaq da lazım deyil. Xəstələr yalnız depressiya, ya da qorxu kimi adi psixoloji şikayətlərə görə də ölümə göndərilə bilirlər.
Bu vəziyyət elə bir hala gəlib ki, "yaşlıların, yaxınlarına yük olduqları üçün psixoloji əzab çəkdikləri" kimi əsaslar da evtanaziya tələbinin qəbul edilməsi üçün kifayətdir. Miras məsələləri, ailə içi nifrət və düşmənçilik kimi səbəblərdən ötrü bəzi yaşlıların qohumları tərəfindən bu cür qərarlar qəbul etməyə yönləndirilməsi də istisna edilməyəcək ehtimallar arasındadır.
Bundan başqa, Hollandiya qanunlarında əlil uşaqların fəal evtanaziya ilə öldürülməsinə belə icazə verilir. Statistikalar Hollandiyada bəzi xəstələrə açıq razılıqları olmadan belə evtanaziyaya məruz qaldığı, həkimlərin isə buna görə nadir hallarda istintaqa məruz qaldıqlarına dair qorxunc məlumatları ortaya qoyur.
Beləliklə, bu gün xəstələrin, əlillərin, şikəstlərin, uşaqların, komadakıların, yaşlıların, arzuolunmaz şəxslərin öldürülməsinə qədər yumşaldılan evtanaziya qanunları təcili surətdə araşdırılmalı və lazımi tədbirlər alınmalıdır. Evtanaziya ilə bağlı getdikcə genişlənən hüquqlar Hitler dövrünün arzuolunmaz, şikəst və xəstə insanların təmizlənməsi və sağlam fərdlərin artırılmasını hədəf alan yevgenika vəhşiliyini xatırlatması baxımından da düşündürücüdür.
Evtanaziya nəinki insan hüququ, insanlıqdan çox uzaq bir üsuldur. İnam, sevgi, şəfqət, mərhəmət kimi mənəvi dəyərlərdən daim uzaqlaşan, solğun, ruhsuz, eqoist, sevgisiz həyat anlayışının sürətlə genişləndiyi cəmiyyətlərin insan həyatı qarşısındakı materialist, laqeyd, dəhşətli münasibətini əks etdirir.
Razılığı və ya razılığı olmadan, birbaşa, ya da köməkçi kimi insan həyatına son verməyin vicdansızlıq olduğu, hətta ağır cinayət kimi qəbul edilməli olduğu açıqdır. Bir neçə ölkə və əyalətin parlamentləri bu insanlıqdan kənar hərəkəti qanuniləşdirmiş olsa da, dünyanın çox böyük hissəsində evtanaziya adam öldürmə cinayəti sayılır. Bu cinayəti törədənlər ömürlük həbs, hətta edam tələbi ilə mühakimə olunur. İlahi dinlər də bir insanın, özü də daxil olmaqla yaşamaq hüququnu əlindən almağı böyük günah olaraq qəbul edir. İnanan və ya inanmayan hər bir şəxsin bu hərəkətin yanlışlığını və həllini danışması bir insanlıq borcudur.
Adnan Oktar