Sahibkarların məhsullar üzərindəki “tarix oyunu” - ŞOK FOTOLAR
Bakıda məhsul istehsalçıları müxtəlif yollarla alıcıları aldatmağa, daha çox qazanc əldə etməyə çalışırlar.
Xeberinfo.com: Ciblərini doldurmaq marağı onu da göstərir ki, onlar alıcıların həyatını riskə atmaqdan belə, çəkinmirlər. Bəzi sahibkarlar keyfiyyətsiz məhsulları satışa çıxardığı kimi, bəziləri də məhsulların üzərində göstərilən istehsal tarixini bilərəkdən saxtalaşdırır.
Belə hallar artıq son zamanlar tez-tez müşahidə olunmağa başlayıb. Bu, əsasən də saxlama müddəti az olan məhsulların üzərində edilir. Məsələn, süd və süd məhsulları, lavaş, yumurta və s... Bu məhsulların mağaza vitrinlərində saxlanma müddəti maksimum 10-15 günə qədər olur.
Hər bir alıcının məhsul alarkən əsas diqqət etdiyi təbii ki, məhsulun istehsal tarixi olur. Vaxtı keçmiş məhsulların mağazalarda satılması halları da dəfələrlə istehlakçılar tərəfindən aşkarlanıb. Hələ alıcılar aldanmamaq üçün məhsulun istehsal tarixinə və saxlanma müddətinə də diqqət yetirir.
Ancaq son zamanlar müşahidə olunanlar onu da götərir ki, alıcılar nə qədər diqqətli olsa da, məhsul istehsalçılarının fırıldaqlarından xilas olmaq mümkün olmur. Belə ki, məhsulların üzərindəki tarixlərin saxtalaşdırılması, köhnə tarixin silinib yenisi ilə əvəz olunması və s. bu kimi hallara yol verilir.
Mağazalarda satılan elə məhsullar var ki, onların üzərində göstərilən ihstehsal tarixi hələ bir gün sonradan başlayır. Yəni, məhsul hazırda mağazadadır, amma sabah “istehsal olunacaq”.
Bu cür halları bir neçə dəfə ictimailəşdirmişik. Bir müddət əvvəl yas mərasimlərindən birində süfrəyə düzülən “Uzun Ömür” Süd Məhsulları MMC-yə məxsus dovğanın üzərində istehsal tarixi 14 dekabr göstərilmişdi. Lakin məhsul masaya qoyulanda hələ dekabrın 13-ü idi.
Belə hallardan biri ilə bir neçə gün əvvəl “Azərbaycan Dəmiryolları” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qarşılaşıb. Mağazadan lavaş alan Anar Nəcəfli məhsulun istehsal və saxlanma müddəti ilə bağlı göstərilən tarix qarşısında çaşqın qalıb.
Belə ki, iyunun 7-də mağazadan lavaş alamaq istəyən A.Nəcəfli götürdüyü məhsulun üzərində istehsal tarixinin 8.06.2015-ci il olaraq, göstərildiyini görüb.
Vətəndaşlar mağazalarda əsasən vaxtı keçmiş məhsulların satışı halları ilə rastlaşanda buna nəzarət etməli olan İqtisadiyyat Nazirliyi məsələyə münasibət bildirərkən alıcılara diqqətli olmağı və məhsulun istehsal tarixinə mütləq şəkildə baxmağı məsləhət görür. Lakin görünən budur ki, bu diqqət də kifayət etmir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı musavat.com-a bildirdi ki, bu cür hallar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin və digər aidiyyəti qurumların nəzarətsizliyindən irəli gəlir: “Belə məhsulları mən daha çox yas mərasimlərində görürəm. Hətta istehsal tarixinə 30 fevral yazanlar da var. Baxmayaraq ki, belə bir tarix yoxdur. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 144 ştatla 9 mərtəbəli binada yerləşir. Çörəyin qiymətinin 10 qəpik qalxmasının qarşısını almaqla fəxr edir, amma öz öhdəsinə düşən işləri görmür. Ölkədə mükəmməl istehlakçı siyasəti yox dərəcəsindədir. Hökumətin biznes şəraiti üçün belə bir mühit yaratdığı halda, sahibkarlar bundan sui-istifadə edirlər. Təəssüflər olsun ki, bununla da istehlakçıların hüquqları kobud şəkildə pozulur”.
Təşkilat rəhbəri deyir ki, bu cür hallarla rastlaşan istehsalçılar AİB-ə və dövlət xidmətinə məlumat verməlidir: “Belə olan halda istehlakçı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “195-2 çağrı xidməti”nə xəbər verməlidir. Əgər həmin telefona cavab verilərsə, şikayətini bildirməlidir. Və ya 012- 441-28-33 nömrəsinə zəng edərək, bizə məlumat versinlər. Biz də öz növbəmizdə bununla bağlı dövlət orqanları qarşısında məsələ qaldıraq”.