Rayon əhalisinə Bakıda niyə kredit verilmir?
Manatın ikinci dəfə devalvasiyaya uğramasından sonra kredit şərtləri bir qədər çətinləşib. Təkcə pul kreditləri deyil, elektronika məhsullarının kreditlə satışında da müəyyən məhdudiyyətlər tətbiq olunur.
Xeberinfo.com: Rayon qeydiyyatında olan şəxslərə paytaxtda demək olar ki, kreditlə heç nə satılmır. Səbəb kimi Bakı qeydiyyatının olmaması göstərilir. Devalvasiyadan öncə vəziyyət tam fərqli idi. İş yerindən arayış və tək şəxsiyyət vəsiqəsi ilə istənilən mağazadan kreditlə mobil telefon və digər məhsulları asanlıqla almaq mümkün idi.
Hazırda şərtlər xeyli dəyişib. Nümunə üçün deyək ki, hansısa model mobil telefonu almaq üçün ilk növbədə Bakı qeydiyyatı və şəhər telefonu tələb olunur.
Oxucularımızın bildirdiyinə görə, mağazalar alıcı cəlb etmək üçün faizsiz kredit kampaniyasına başlayıb. Kampaniya kənardan cəlbedici görünsə də, əslində mağazalar müştəriləri aldadaraq “faizsizdir” adı altında komissiya pulu tələb edirlər. Nəticədə məhsul alıcıya real satış qiymətindən xeyli baha başa gəlir.
Nümunə üçün qeyd edək ki, siz 670 manat civarında mobil telefonu “faizsiz kredit” kampasiyasına aldanıb almaq istəsəniz, mağaza sizdən əlavə 100 manatadək komissiya pulu alacaq. Aldığınız məhsula görə siz reklamda deyildiyi kimi 670 manat deyil, 770 manat ödəməli olacaqsınız.
Ekspertlər hesab edirlər ki, mövcud qanunvericilik yaşayış yeri ilə ayrıseçkiliyin qoyulmasını qadağan etsə də, reallıqda həm kommersiya bankları, həm də texnoloji avadanlıqların satışı ilə məşğul olan mağazalar bu cür diskriminasiya müəyyənləşdirirlər.
İqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bu məqamda qanun sərtləşdirilməlidir.
Əkrəm Həsənov hesab edir ki, rayon qeydiyyatında olan vətəndaşlara kreditlərin verilməməsinin müəyyən səbəbləri var.
“Banklarda ciddi kredit problemi mövcuddur. Bu baxımdan kredit şərtləri sərtləşdirilib. Rayon qeydiyyatında olan vətəndaşlara məhsulun kreditlə satılmamasının səbəbi odur ki, müştəri krediti ödəmədikdə həmin mağaza onu yaşadığı yer üzrə axtarmalı olacaq. Mağaza krediti ödəməyən müştərini məhkəməyə verərkən onun qeydiyyatda olduğu rayon məhkəməsinə müraciət etməlidir. Bu da mağazaya sərf etmir. Odur ki, mağazalar Bakı qeydiyyatı olmayan şəxslərə məhsul satmağa risk etmirlər”.
Azvision.az