Mehriban Qaralovanın Abşerondakı səhiyyə biznesi
Baş həkimin «SRS-Company» şirkətinin udmadığı tender qalmayıb
Xeberinfo.com: Abşeronun baş həkimi Mehriban Qaralova sözün həqiqi mənasında özünə səhiyyə biznesi qurub. Rayonda fəaliyyət göstərən Mərkəzi Xəstəxana və onu bitişik poliklinikaların mövcud durumu, əhaliyə qarşı göstərilən münasibət və digər işlər fonunda, bir də tender məsələləri var ki, ortadakı rəqəmlər ciddi gəlirlər əldə etmək üçün baş həkimin bir sıra şişirtmələrə yol verdiyi miüşahidə olunur.
Politika.Az xəbər verir ki, baş həkim bir ilin içində iki dəfə dəftərxana xərclərinə pul ayrılmasına nail olub. Özü də Abşeron kimi bir rayonun səhiyyə sistemi üçün nəzərdə tutulmuş bu xərc bir dəfə 40 min manat, ikinci dəfə isə 31159,91 manat təşkil edib. Aydın məsələdir ki, xanım Qaralova bu qədər pulu heç də zəruri olan malların alınmasına sərf etməyib. Abşeron səhiyyəsindəki mənbələr bildirir ki, belə «xərclər» baş həkimin əsasən «növbətçi pulları» siyahısındadır. Yəni, bu vəsait ayrılır, götürülür və xərclənir. Amma zəruri işə yox, şəxsi məqsədlərə.
Məsələ orasındadır ki, Mehriban Qaralova bəzi xərcləri də xeyli şişirdib. Məsələn, idarənin, habelə digər alış-veriş üzrə xərclərə görə il boyu 5-6 dəfə pul ayrılıb. Toplam 99 min manatlıq bir vəsaitin hansı məqsədlərə sərf olunduğu da faktiki olaraq məlum deyil. İşin ilginc tərəfi odur ki, həm dəftərxana, həm də digər xərclər üzrə tenderin yeganə qalibi «SRS-Company» MMC olub. Çünki bu şirkətin adı başqa əməliyyatlarda da ortaya çıxır. Bu da kifayət qədər şübhəlidir.
Belə ki, «SRS-Company» MMC həmçinin ehtiyat hissələrinin satın alınması prosesində də iştirak edib. Bu zaman 13500 manatlıq bir əməliyyat həyata keçirilib. Digər maşın və avadanlıqların, habelə avadanlıqların satın alınması da sözügedən MMC tərəfindən reallaşdırılıb və nəticədə 282 min manatlıq əməliyyat ortaya çıxır ki, bütün işləri bir şirkətə həvalə etməyin də sirr elə burada açılır. Ona görə ki, həmin şirkətin birbaşa Mehriban Qaralovaya məxsus olduğu haqqında məlumatlar ortaya çıxıb.
Cari və əsaslı təmir işləri də baş həkimin hədəfində olan məsələlərdəndir. Belə ki, Qaralova bir ildə iki belə əməliyyat həyata keçirib. Birinci dəfə 14321 manat, ikinci dəfə isə 20746 manat pulun ayrılmasına nail olub. Lakin müqabilində heç bir işin görülmədiyi də göz qabağındadır.
«SRS-Company» MMC-nin adı proses boyu daha bir məsələdə ortaya çıxır. Bu dəfə yumuşaq və bərk inventarların alınması zamanı şirkətin hərşeyşunas olduğu aşkarlanır. Yəni, həm kağız, qələm alıb, həm də mebel ala biləcək tək şirkətlər sırasında olan «SRS-Company» MMC yumuşaq inventarları 59387,04 manata, bərk inventarları isə 82991,76 manata «alıb». Əslində, rəqəmlərin şişirdildiyi də göz qabağındadır. Aydın məsələdir ki, bütün böyük işlər bu şirkətlə ona görə həyata keçirilib ki, istənilən formada sənədləşdirmə aparıla bilsin.
Mətbəə xərcləri üzrə satınalmaları da «SRS-Company» MMC reallaşdırıb. Politika.Az xəbər verir ki, baş həkim Mehriban Qaralovanın şirkəti bu məqsədlə 21 min manatın da axırına çıxıb.
Abşeron səhiyyəsinin durumu isə göz qabağındadır. Burada xəstələrdən pul alınmasından tutmuş, həkimlərdən pul yığılmasına qədər hər şeylə rastlaşmaq mümkündür. Baş həkimin başı pul qazanmağa qarışdığından rayon səhiyyəsinin durumunu gözdən çıxarıb. Ona görə də, vəziyyət getdikcə daha da pisləşməyə başlayıb.