“ALTES GROUP” İDMANÇILARI ÖZBAŞINALIQDA İTTİHAM EDİR – VİDEO
“Prezident İlham Əliyevlə şəxsi tanışlığından istifadə edən Vüqar Namazov, icarə haqqını və kommunal xidmətlərin ödənişini dayandırıb”
Xeberinfo.com: Məlum olduğu kimi, VİTR idman klubunun təsisçisi, pauerliftinq üzrə dünya və Avropa çempionu Vüqar Namazov”Altes Group” holdinqin tərkibinə daxil olan “Nur İnşaat” şirkətinin rəhbərliyinə qarşı bir sıra ittihamlar irəli sürülüb. V.Namazov “AzPolitika”ya şikayətində iddia edib ki, “Nur İnşaat” şirkətinə məxsus Yasamal rayonu, Bəsti Bağırova küçəsi – 592 ünvanında yerləşən binada icarəyə götürdüyü 1000 kvadratmetrdən çox ərazidə açdığı fitnes mərkəzinin fəaliyyətinə əsassız olaraq imkan verilmir. O, buna görə müraciətində “Altes Group” holdinqin İdarə Heyətinin sədri kimi göstərdiyi Rüstəm Abdullayevi günahlandırıb.
V.Namazovun ittihamları ilə bağlı “Altes Group” holdinqdən “AzPolitika.info”ya cavab məktubu göndərilib. Məktubda “Altes Group” holdinq və Rüstəm Abdullayevlə bağlı iddiaların tamamilə həqiqətdən uzaq olduğu bildirilir. “KİV Haqqında” Qanunun tələbini əsas götürərək, həmin məktubu təqdim edirik:
““Altes Group” şirkətlər qrupu 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. Tikinti və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şirkət, yalnız sonuncu iki il ərzində dövlət büdcəsinə 2 milyon 700 min manatdan artıq vəsait ödəmişdir.
Altes Group” bütün Azərbaycan ərazisində fəaliyyət göstərdiyi kimi, onun hüdudlarından kənarda yaratdığı nümayəndəlikləri vasitəsi ilə Avropada, Mərkəzi Asiya və Yaxın Şərqdə də fəaliyyət göstərir. Geniş təcrübə və fəaliyyəti ilə qazandığı mövcud nüfuzu, habelə biznesdə innovativ yanaşmalar “Altes Group”a yüksək mürəkkəbliyi ilə fərqlənən layihələri həyata keçirməyə imkan verir.
“Altes Group”un əsas səhmdarı Azərbaycan vətəndaşı Fərid Hüseyn oğlu Əliyevdir(şəkildə sodan 2-ci). Bundan əlavə şirkətin digər təsisçiləri Britaniya və Almaniya vətəndaşlarıdır.
Uzun illər Böyük Britaniyada yaşayıb, işləyən Rüstəm Abdullayev də şirkətlər qrupunun xaricdəki nümayəndəsidir. O, forum və konfranslarda fəal iştirak edir, biznes-sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İş fəaliyyəti ilə bağlı Rüstəm Abdullayev Bakıya nadir hallarda gəlir və Azərbaycanda fəaliyyət göstərən “Altes Group”un rəhbərlik fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Lakin, birilərinin əməyi sayəsində qazanmış olduqları qələbələr, digər insanlara rahatlıq gətirmir. Öz bilik və bacarığının olmaması səbəbindən qazanc əldə edə bilməyən qondarma sahibkarlar ölkə Prezidenti İlham Əliyevin imzaladığı və ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilmiş Fərmanlarına zidd olaraq, başqasının əmlakını şantaj və bayağı reket vasitəsi ilə mənimsəməyə cəhd göstərirlər.
“Altes Group”un icarəçilərindən biri, keçmiş pauerliftinq idmançısı, hazırda Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı olan Vüqar Namazov, ətrafında keçmiş idmançılardan ibarət qrup yaradaraq, öz xidməti vəzifəsindən və gücündən istifadə edərək, qanunla ona məxsus olmayan ərazini ələ keçirmək məqsədi ilə Rüstəm Abdullayevin şəxsində şirkətə təzyiq göstərir.
Vüqar Namazov şantaj məqsədilə, “Altes Group” şirkətinin İdarə Heyətində olan insanlar barədə böhtanlar yayır ki, bu da şirkətin imicinə xələl gətirə bilər.
Vüqar Namazov Vergilər Nazirliyinin əməkdaşı olaraq, özü vergi ödəmir və öz şirkətini belə qeydiyyata almamışdır. Bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-maddəsi ilə “Qanunsuz sahibkarlıq” hesab olunur və cinayətdir.
Vüqar Namazovun idman klubunun yerləşdiyi binada yaşayan sakinlərin çoxsaylı şikayətlərini nəzərə alınaraq, şirkət rəhbərliyi icarə müqaviləsinə xitam vermək istəyini bildirdikdə, keçmiş idmançı tərəfindən açıq şəkildə hədələnib, onun qanunsuz hərəkətləri ilə üzləşib.
Belə ki, sakinlərə şikayətlərinə görə, Vüqar Namazov girişdə tüstüsü sakinlərin havasını zəhərləyən iri generator quraşdırıb (bax aşağıdakı videoya).
Vüqar Namazov habelə binanın birinci mərtəbəsində qanunla qadağan olunmuş, sakinlər üçün potensial təhlükə yaradan qaz avadanlığı quraşdırıb.
Bütün bunlarla bağlı binanın sakinləri tərəfindən Azərbaycan Respublikası Prezidentinə müraciət olunub. Hazırda həmin müraciət araşdırılır.
Eyni zamanda Fövqəladə Hallar Nairliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Vüqar Namazovun işlətdiyi idman klubunda təhlükəsizlik qaydalarının pozulduğu qeyd olunaraq, inzibati qaydada protokol tərtib edilmişdir.
Özünün cənab Prezident İlham Əliyevlə şəxsi tanışlığından istifadə edən Vüqar Namazov, icarə haqqını və kommunal xidmətlərin ödənişini dayandırıb.
Binanın tərk edilməsi barədə təkrar müraciətdən sonra Namazov bəzi bloqçular və xəbər saytları vasitəsilə informasiya müharibəsinə başladı. Tikinti şirkətinin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərlə tanışlıqdan sonra bəzi KİV-lər öz materiallarını geri götürdülər.
Bundan əlavə Vüqar Namazova yaxın şəxslər “Altes Group” adından “Facebook” sosial şəbəkəsində saxta səhifə yaradaraq, heç bir əsası olmayan, şirkətin nüfuzuna xələl yetirən materiallar dərc edib. Bununla bağlı şirkət həmin şəxsin kimliyini araşdırmaq üçün sosial şəbəkənin rəhbərliyinə müraciət etmişdir.
Bundan başqa şirkət Vüqar Namazovun vergi müfəttişinin adına xələl gətirən hərəkətlərinə görə Vergilər Nazirliyində işdən azad olunması ilə bağlı da nazirliyə müraciə etmişdir.
Eyni zamanda şantaj faktlarına görə, Vüqar Namazovun məsuliyyətə cəlb olunması ilə bağlı məsələ qaldırılmışdır. .
“Altes Group” şirkətlər qrupu keçmiş idmançı və vergi xidmətinin işçisinin vəzifəsindən sui-istifadə edərək, şirkətə qarşı olan qanunsuz hərəkətlərindən qorunmaq üçün ictimaiyyətdən kömək istəyir”.
AzPolitika.info