Azərbaycan təhsilinin "utanc yeri"
Azərbaycanın müasir təhsil sistemi medianın ən çox tənqid hədəfinə çevrilən sahələrindən biri və bəlkə də birincisidir.
Xeberinfo.com: Hər gün qəzetlərdə, saytlarda orta məktəblərdən başlamış universitetlərə qədər müxtəlif təhsil müəssisələri ilə bağlı onlarla tənqidi yazıya rast gəlmək mümkündür. Azərbaycan Texnologiya Universiteti bu baxımdan adı ən çox hallanan təhsil ocaqlarından sayılır.
Bu da səbəbsiz deyil. Hələ ötən ilin əvvəllərində xəbər yayıldı ki, Maliyyə Nazirliyinin Mais adlı əməkdaşının rəhbərliyi ilə Azərbaycan Texnologiya Universitetində yoxlama aparılıb və 500 min manatdan artıq vəsaitin mənimsənilməsi faktı aşkarlanıb. Bundan sonra, ATU-da aləm bir-birinə dəydi. Rektor Akif Süleymanov məsuliyyətdən yayınmaq üçün bütün günahları təsərrüfat işləri üzrə prorektor Aslan Quliyevin üzərinə yıxmağa çalışdı. Prorektor isə onluq bir işin olmadığını bildirdi.
Az sonra Akif Süleymanovun ölkədən qaçması ilə bağlı yayılan xəbər ölkədə şok effekti yaratdı. Bir müddət rektordan xəbər almaq mümkün olmadı. Nəhayət ki, onun yaxınları Akif müəllimin ürəyində problem yaranması və buna görə də Türkiyəyə müalicəyə getməsi ilə bağlı açıqlama yaydılar. Bu müəmmalı səfər 3 aydan çox çəkdi və nəhayət ki, Akif Süleymanov Gəncəyə qayıtdı.
Rektorun dönüşündən sonra nələrin baş verəcəyi böyük maraqla gözlənilirdi. Bəziləri onun həbs ediləcəyini, bəziləri isə ən azı vəzifəsindən azad olunacağını ehtimal edirdi. Lakin bunların heç biri baş vermədi. Yalnız təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Akif Süleymanova işində yol verdiyi nöqsanlara görə töhmət verildi. Ardınca isə birdən-birə 4 dekan işdən azad edildi. Halbuki, laboratoriyalara, kafedralara alınmalı olan avandanlıqlar, hətta kimyəvi məhlul belə “kağız” üzərindən həyata keçirilirdi, amma ayrılan vəsait Akif Süleymanov tərəfindən mənimsənilirdi. Belə deyildisə, texniki inventarizasiya ilə bağlı Maliyyə Nazirliyi 500 min manat mənimsənilən vəsaiti haradan aşkarladı? Dekanlar sessiya imtahanlarından kəsilən tələbələrə kredit pulunu artıq yazmaq üçün məcbur edilirdi. İmtahanlardan kəsilən tələbələrin appelyasiya şikayət ərizəsi yazması az idi. Gərək hər bir fənn üzrə imtahan kəsirinə tələbələr 500 manat rüşvət də verərdilər. Belə olan təqdirdə Akif Süleymanovun məsuliyyəti yoxmuş kimi davranması necə təəccüb doğurmaya bilər?
Faktinfo.az saytına sözügedən universitetin müəllimi tərəfindən daxil olan məlumata görə, yaranmış vəziyyətin bu cür qiymətləndirilməsi ATU-da hökm sürən gərginliyi bir qədər də artırıb. Sanki, alovun üzərinə su əvəzinə benzin töküblər. Universitetin əksər müəllim və tələbələri baş alıb gedən bütün qanunsuzluqların – talançılığın, rüşvətxorluğun, intizamsızlığın, qohumbazlığın və s. negativ halların əsl günahkarı kimi Akif Süleymanovun adını çəkirlər. Qayıbı belə tələbəyə güzəştə getməyən rektor bir qayıba görə tələbədən 8 manat pul aldırırdı. Tələbələrdən alınan illik təhsil haqlarını silib mənimsəyirdi. Orada ədalətli yoxlama aparılsaydı, universitetə ayrılmış vəsaitlərin və büdcədən kənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair milyonlarla manat vəsaitin mənimsənilməsi ilə baglı faktların aşkarlanması mümkün idi.
Doğrudan da, rüşvətlə işə girən kadrlardan, semestr imtahanlarında yığılan pullardan, aylığa buraxılan tələbələrdən, müxtəlif adlar altında silinən büdcə vəsaitindən rektorun xəbəri olmaya bilərmi?! Prorektor və ya dekanın bu işlərlə özbaşına məşğul olması mümkündürmü?! Əlbəttə ki, yox!..
Ödənişli əsaslarla təhsil alan tələbələrə qanunla təqaüd kartı verilə bilməz. Ancaq faktinfo.az saytına verilən məlumata görə, ATU-da 200-dən çox belə tələbə kartla təmin olunub. Kapital bankdan onların adına kart açılması üçün tələb olunan arayış isə birbaşa rektorun göstərişi və əmri əsasında verilib. Təbii ki, əldə olunan kartlar da sonradan tələbələrin cibində deyil, rəhbərliyin kassasında saxlanılır.
Dərs prosesində qəflətən reydlər təşkil edilsə, məlum olar ki, əslən Gəncə ətrafındakı rayonlardan olan tələbələrin böyük əksəriyyəti yerində yoxdur. Onların hansı səbəbdən və nəyin müqabilində tədrisdən yayınmaları heç kəsə sirr deyil. Hətta elə tələbələr var ki, adları dərsdə getsə də, özləri Rusiyada alverlə məşğuldur. Həmin tələbələr hər semestr üçün 800-900 manat rüşvət verirdilər. Əvəzində semestrə qədərki aylarda onlara lazım olan qədər bal yazılırdı. Semestr boyu qayıbları qeydə alınmır və normal davamiyyət yazılır, hər imtahan zamanı 25 sualdan 9-10-na düzgün cavab verdikləri qeyd edilirdi. Yəni, necə DYP-də rüşvətlə sürücülük vəsiqəsi alınırsa, ATU-da da həmin sistem ilə imtahan götürülürdü.
Gündəlik dərsə gəlməyən digər tələbələr isə 500-600 manat xərcə düşməli olurdular. Hər gün dərsə gələn, yaxşı oxuyan, laboratoriya işlərini normal verən, ancaq maddi imkanı zəif olan tələbələr isə imtahanlardan kəsilir, incidilir, uzun müddət get-gələ salınırdı. Bir kollekium işinə görə tələbə 10 manat versin deyə məcbur edilirdi.
Maraqlıdır ki, ali məktəb daxilindəki hərc-mərclik, narazılıq rektoru o qədər də narahat etmir. Akif Süleymanov üçün əsas odur ki, Təhsil Nazirliyi və bir də Gəncə şəhərinin rəhbərliyi onun “fəaliyyətindən” razı qalsın. Elə bu yaxın münasibətin nəticəsidir ki, o qədər qanunsuzluqların qarşılığında bir töhmətlə canını qurtara bilib.
Gəncədə, eləcə də ətraf rayonlarda Akif Süleymanovla bağlı maraqlı bir söhbət də gəzir. Belə ki, onun qohumları, dostları əminliklə danışırlar ki, nə qədər Elmar Vəliyev Gəncənin icra başçısıdır, Akif Süleymanov öz vəzifəsində qalacaq. Üstəlik bildirirlər ki, indiki Təhsil naziri Mikayıl Cabbarovun vaxtında rektor təyin edilməsi də, onun şanslarını artırır. Yəni, “alan” razı, “satan” razı…
Belə çıxır ki, tədris prosesinin son dərəcə aşağı düşməsi, praktik təcrübələrin keçirilməməsi, nəticə etibarı ilə yüksək səviyyəli kadrların hazırlanmaması heç kəsin vecinə deyil. Maraqlıdır, bu günün tələbələri sabah mütəxəssis kimi emal müəssisələrində fəaliyyətə başlayanda nə iş görəcəklər, dövlətə, xalqa hansı xidməti göstərəcəklər? Axı il ərzində dövlət milyonlarla vəsaiti ATU-ya xərcləyir ki, orada yetişdirilən kadrlar istehsalat sahəsində çalışıb həm özlərinə, həm də dövlətə xeyir versinlər. Görünən odur ki, bu istiqamətdə milyonlar da havaya sovrulub. Tələbələr özləri də gələcəkdə Akif Süleymanovun vaxtında məzun olmaları ilə fəxr etməyəcəklər. Onlara hansı rektorun vaxtında təhsil alması sualı veriləndə Akif Süleymanovun adını çəkməyə utanacaqlar. Amma həqiqət odur ki, bir zamanlar universitetin tələbələri keçmiş rektor, professor Telman Məlikovla fəxr edirdilər.
Akif Süleymanov nə qədər ki, ATU rəhbərlik edəcək, onun “əməlləri” tükənməyəcək. Məsələn, bir müddət əvvəl keçirilən saxta dekan seçkiləri də buna misaldır. Dörd fakültədə dekan seçkiləri saxta keçirilib. Standartlaşma və Texnologiya fakültəsi üzrə beş namizəd olub: Əsgərov Namiq, Məlikov Məhəmməd, Hacıyev Rövşən, Musayev Həsən, Namazov Qəhrəman. Bu şəxslərin içindən ən pullusu, qaraj müdirinin oğlu olan Musayev Həsənin xeyrinə bulletenlər saxtalaşdırılaraq o dekan seçilib. On üç il əvvəl rüşvət üstündə ATU-dan qovulan şəxs, indi necə dekan seçildi?! ATU-da hamı bu saxta dekan seçkilərini müzakirə edir. Nədən Mikayıl Cabbarov bu saxta dekan seçkilərini araşdırmır?! Hələ də Akif Suleymanov müdafiə olunur. Dekan seçkilərində şanslı namizədlər kənarda qaldı, kimin pulu varsa, o dekan seçildi. Akif Suleymanova nazir töhmət də verdi ki, onun əməlləri yaxşılığa doğru dəyişsin, amma o xislətini dəyişmədi, dekan seçkilərini də saxta keçirdi. Haqlı sual olunur ki, bu şəxs islah olunmadısa, nədən hələ də ATU-nun rektoru olub, işləməlidir?!