Şahin Mustafayevsayağı antiinhisarçılıq və qohumbazlıq: ARAŞDIRMA
Nazir fəaliyyətində və kadr təyinatında hansı prinsiplərə üstünlük verir?
“Xeberinfo.com”: Məlum son hadisələr daha çox inhisarçılıq problemləri baxımından iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevi diqqət mərkəzinə çəkdi. Manatın ilkin devalvasiyasında olduği kimi, bu dəfə də istehlakçıların hüquqlarının qorunması və antiinhisarçılıq siyasətində ciddi qüsurların olduğu üzə çıxdı. Satış məntəqələrində süni bahalaşma, malların gizlədilməsi və s. kimi faktlar bu sahəyə məsul şəxsləri ictimai qınaq obyektinə çevirməkdədir…
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bu istiqamətdəki fəaliyyəti ilə bağlı xeberinfo.com-a maraqlı məlumatlar daxil olub. Məlumatlarda cənab nazirin fəaliyyəti dövründəki qanunazidd əməllərindən, Sahibkarlığa Kömək Milli Fondunun bazarlığından və qohumbazlığından geniş bəhs olunur.
Nazir qohumbazlığının anatomiyası
Hələlik Şahin Mustafayevin qohumbazlığı ilə bağlı əldə etdiyimiz məlumatlardan.. Cənab Mustafayev sələflərindən fərqli olaraq Azərbaycan iqtisadiyyatında ciddi işləri ilə diqqət çəkə bilməsə də, belə görünür ki, qohumbazlıq prinsipləri əsasında həyata keçirdiyi kadr siyasəti ilə yaddaşlarda qala biləcək. Belə ki, Şahin Mustafayevin rəhbərlik etdiyi nazirliyin yanında fəaliyyət göstərən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Yuxarı Qarabağ Regional Bölməsinə bölmə müdiri təyin etdirdiyi bibisi oğlu Quliyev Araz Şiraslan oğlunun nümunəsində olduğu kimi…
Öncə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə bağlı geniş məlumat vermək istəyirik ki, oxucularımızda nazirin bibisi oğlunun sərəncamına hansı sahəni verməsi haqqında dolğun məlumat olsun. Qeyd edək ki, cənab prezident Ilham Əliyevin 24 iyun 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin bazasında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılmışdır. Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 203 nömrəli fərmanı ilə təsdiq edilmişdir.
Bu əsasnaməyə görə Dövlət Xidməti inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınmasını, məhdudlaşdırılmasını və aradan qaldırılmasını, əmtəə və xidmət (o cümlədən maliyyə xidmətləri) bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunmasını, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən, antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Xidmətin fəaliyyətinin istiqamətləri inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin aradan qaldırılması, rəqabətin inkişafı və təşviqi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, antiinhisar (rəqabət), reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində mövcud norma və qaydalara riayət edilməsinə dövlət nəzarəti, inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin və istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulması hallarının qarşısının alınması və aradan qaldırılması və yeyinti məhsullarının Avropa İttifaqı ölkələrinə ixracının tənzimlənməsi daxildir. Xidmətin vəzifələri kimi, hüquq və səlahiyyətləri də çoxdur.
Burada Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin hüquq və səlahiyyətlərinin kiçik bir hissəsini qeyd etdik. Belə geniş hüquqlara malik Dövlət Xidmətinin respublika üzrə 9 regional bölməsi var ki, onlardan biri də iqtisadiyyat və sənaye nazirinin bibisi oğlu Araz Quliyevin rəhbərlik etdiyi Yuxarı Qarabağ regional bölməsidir. Bu bölmə ondan artıq rayonu əhatə edir. Göründüyü kimi, nazir bibisi oğluna geniş səlahiyyətlərə malik bir vəzifə ilə yanaşı, çox böyük bir əraziyə nəzarət imkanı da verib. Şahin Mustafayev və 2009-cu ildən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi vəzifəsini tutan Zahid İsayevin fəaliyyəti ilə bağlı “xeberinfo.com”a daxil olan məlumatlara keçməzdən əvvəl bir məqama da aydınlıq gətirmək istərdik.
Onu da qeyd edək ki, Zahid İsayev də nazir Şahin Musafafayevin kadrlarından sayılır. Belə ki, Şahin Mustafayev Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi işləyəndə Zahid İsayev onun müavini olub. Şahin Mustafayev İqtisadi İnkişaf naziri təyin edildikdən az sonra Zahid İsayevi İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi təyin edib. Göründüyü kimi Zahid İsayev bu vəzifəyə yüksəlməsinə görə Şahin Mustafayevə borcludur. Buna görə də indi Zahid İsayevin nazirin bibisi oğlu Araz Quliyevi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Yuxarı Qarabağ bölməsinə rəhbər təyin etməsinin səbəbi məlum olur.
Burada ən böyük qanun pozuntusu isə ondan ibarətdir ki, Araz Quliyev hərbi xidmətə yararsız kimi hərbi xidmətdən kənarda qaldığı halda, indi onu belə yüksək vəzifəyə təyin ediblər. Məlumata görə Araz Quliyev psixi xəstə kimi hərbi xidmətdən azad edilib. İndi belə məlum olur ki, Zahid İsayev psixi xəstəni bölmə rəisi təyin edib. Yalnız ona görə ki, Araz Quliyev nazir Şahin Mustafayevin bibisi oğludur.
Görünür antiinhisar siyasəti və istehlakçıların hüquqlarının qorunmasındakı məlum qüsurlar da, bu sayaq kadr təyinatının və özəl maraqların önə çəkilməsinin nəticəsidir. Özəl maraqlar demişkən, hörmətli antiinhisarçıların fəaliyyəti ilə bağlı hələlik dəqiqləşdirə bilmədiyimiz məlumatlarımız var…
***
Yazı dərc olunmazdan öncə adları çəkilən şəxsləri dinləmək istiqamətindəki cəhdlərimiz də nəticəsiz qaldı. Qarşıdakı günlərdə mövzunu davam etdirib, nazir Şahin Mustafayevin başqa bir bibisi oğlunu hansı vəzifəyə təyin etməsinə və bu zaman hansı qanun pozuntusuna yol verdiyinə də aydınlıq gətirməyə çalışacağıq.
Sahib