11 saylı ərazi Vergilər idarəsində özbaşınalıq
Xəbər verildiyi kimi, dekabrın 21-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Zeytə” restoranında silahlı insident qeydə alınıb.
Xeberinfo.com: Belə ki, bir tərəfdən Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs, digər tərəfdən isə qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan Həsənov, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimov arasında mübahisə yaranıb. Mübahisə zəminində Məhərrəm Əliyev "Vinçestr” markalı tüfəngdən atəş açaraq, qarşı tərəfə müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Bundan sonra, Məhərrəm və Samir hadisə yerini tərk ediblər. Bu xüsusda yayılan məlumatlarda isə bildirilir ki, hadisəni törədən Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. Fəxrəddin Əliyev artıq dünən tutduğu vəzifədən azad edilib.
Göründüyü kimi, daha bir məmur öz övladının əməllərinin "qurbanına” çevrildi. Əslində bu olay barəsində yayımlanan məlumatlarda daha çox diqqətimizi belə bir ifadə cəlb etdi: "Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır”. Əlbəttə, araşdırma olmalıdır. Bununla belə etiraf etmək lazımdır ki, bu gün bəzi vəzifəli şəxslərin övladları tərəfindən törədilən bu və ya digər qanun pozuntularının kökündə, əslində həmin gənclərin öz valideynlərindən götürdükləri nümunə durur. Məhz məmur valideynlərin yol verdikləri özbaşınalıqlar, ölkə qanunlarına etinasızlıq və digər bu kimi neqativ hallar, sonradan onların övladları ilə bağlı ciddi fəsadlara yol açmış olur. Xüsusilə də vergi sistemində çalışan bəzi məmurların əməlləri isə, bəzi hallarda daha böyük narazılıqlara əsas verir. "Bizim Dövr”ün ötən saylarından birində "11 saylı ərazi Vergilər idarəsinin biznesmen məmurları” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yazıda biz göstərmişdik ki, bu yaxınlarda daxil olan məlumatlarda Mingəçevir şəhərində yerləşən 11 saylı ərazi Vergilər idarəsinin rəis müavini, vergi xidməti müşaviri Münasib Əsgərovun fəaliyyətində müşahidə olunan özbaşınalıqlardan bəhs olunur. Aldığımız açıqlamalarda iddia olunur ki, məhz Münasib Əsgərovun təhriki ilə, idarənin əməkdaşları xüsusən kiçik və orta biznes təmsilçilərini sözün əsil mənasında sıxışdırmaqla məşğuldurlar. Bu səbəbdən də, sahibkarlıqla məşğul olan vətəndaşlar 11 saylı ərazi Vergilər idarəsinindən ciddi narazılıqlarını ifadə edirlər. Təqdim olunan məlumata görə, Yevlax-Mingəçevir bölgəsində aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 70-75 manat əlavə haqq tələb olunur. 11 saylı ərazi Vergilər idarəsinin işçiləri, idarənin rəis müavini Münasib Əsgərovun göstərişi ilə sahibkarları hədələməkdən belə çəkinmirlər. Bizə olunan müraciətlərdən birində bölgədə yaranmış vəziyyət barədə deyilir: "Ölkə rəhbərliyi, şəxsən cənab prezident İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini nə qədər vurğulayırsa, iş adamlarını incitməməyi məmurlardan nə qədər çox tələb edirsə, Münasib Əsgərovun işçiləri də bizi bir o qədər çox sıxışdırırlar. İlin əvvəlində, ortasında və sonunda gələn müfəttişlərin bizdən vergi adı ilə aldıqları pulu hesabladıqda məlum olur ki, il ərzində əldə etdiyimiz qazanclarımızı bütünlüklə 11 saylı ərazi Vergilər idarəsinin rəhbərliyinə vermişik...” Eyni zamanda da, daxil olan məlumatlarda Münasib Əsgərovun azad rəqabət mühitinin boğulmasında hansı səbəbdən bu qədər maraqlı olduğuna aydınlıq gətirilir. Bildirilir ki, Münasib Əsgərov özü hal-hazırda Mingəçevirin ən "uğurlu” sahibkarlarından biridir. Belə ki, bu məmurun Mingəçevir və ətraf ərazilərdə üç yanacaqdoldurma stansiyası, beş mağazası, ferması və istirahət mərkəzi fəaliyyət göstərir. Buna görə də, eyni profilli fəaliyyət növü ilə məşğul olan bütün digər sahibkarlar Münasib Əsgərovun sərt təpgisi ilə üz-üzə qalırlar. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu məmur isə, həmin iş adamlarının biznesini çökdürmək üçün bütün vasitələrə əl atır. Təbii ki, məmurların bu özbaşınalıqlarına birdəfəlik son qoyulmayınca, "Zeytə” restoranında baş vermiş hadisəyə oxşar insidentləri də hələ çox yaşamalı olacağıq.
Redaksiyadan: Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.