Tikinti sektorunu “diz çökdürən” FHN-də əməliyyat olacaqmı?
Azərbaycanın ən qüdrətli və həm də təhlükəli nazirlərindən olan Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri postundan uzaqlaşdırılması və ardınca onun və ətrafındakı yüksək rütbəli təhlükəsizlik məmurlarının dəhşət saçan əməllərinin üzə çıxması, düşünmək qabiliyyətini itirməmiş insanlar üçün bir ibrət dərsi olmalıdır.
İlk növbədə isə göstərilmiş etimaddan, düşdüyü cəzasızlıq mühitindən sui-istifadə edərək, xalqa, milli maraqlara qarşı gedən, harın həyat tərzi keçirən digər iri məmurlara.
"Xeberinfo.com":
HEÇ KİM TOXUNULMAZ DEYİL!
Oktyabrın 17-də MTN-də keçirilmiş əməliyyatla bir daha sübut olundu ki, kimliyindən, keçmişdə hansı xidmətləri göstərməyindən asılı olmayaraq, hər hansı bir şəxsin sərhəd tanımayan səlahiyyətlərlə “silahlandırılması”, cəzasızlıq mühiti, nəzarətsizlik nə qədər təhlükəlidir. Belə mühit hansısa mərhələdə Azərbaycan dövlətçiliyi, xalqı ilə yanaşı, hətta siyasi hakimiyyətin, onun başında duranların özlərinə də real təhlükə doğurur.
Nəzarətsizlik və cəzasızlıq əksər insanları insanlılqdan çıxara, onları ən ağılasığmaz əməllərə – harınlığa və cinayətlərə sövq edə bilir. Yüksək vəzifəli məmurların, onların yaxın ətraflarının iqtisadi cinayətlərinə göz yumulması, onlarla bağlı şikayətlərin, şübhələrin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına qeyri-rəsmi qadağa qoyulması (Bu yazıda “toxunulmaz” hesab olunan belə məmurlardan biri haqda danışacağıq-red) sonda mütləq siyasi xəyanətlərə də yol açacaq…
Eldar Mahmudov məhz sonsuz səlahiyyətlər verilmiş, keçmiş nazirlərdən birinin dediyi kimi, “kəsdiyi başa sorğu-sual olunmayan” nazirlərdən idi ki, bu da sonda nə ilə nəticələndi – hamımız bunun şahidi olduq.
Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, Eldar Mahmudov və onun cinayətkar ətrafının üzləşdiyi aqibətin çoxlarına ibrət dərsi olması baxımından müsbət əhəmiyyəti var. Yəni hamı gördü ki, bu ölkədə Eldar Mahmudov kimi “əjdaha”nın zülm və cinayətlərlə ucaldılmış möhtəşəm sarayı bircə saatın içində darmadağınla xarabalığa çevrilirsə, deməli bu ölkədə PREZİDENT QARŞISINDA HEÇ KİM TOXUNULMAZ DEYİL!Sadəcə hərənin öz sırası, öz vaxtı var. Bu sıranı pozmağın yeganə yolu isə cinayətlərdən uzaq durmaq, harınlamamaq, vəzifənin və gücün əbədi olmadığını anlayaraq, nəticə çıxarmaqdan, qısası, vəzifəyə arxalanaraq insanlığı itirməməkdən keçir.
TƏKCƏ ELDAR MAHMUDOV İDİMİ?…
Lakin harınlayan və cinayətlərə bulaşan, sahibkarlara zülm edən, reketsayağı qanunsuz ödənişlər tələb edən, dövlət və xalq malını talayan, həbslər sifariş edən təkcə elə Eldar Mahmudov və onun ətrafı idimi? Digər dövlət qurumlarında belə cinayətkar mənfəətçi qruplar yoxdurmu?
Çoxsaylı faktlar, məlumatlar və müşahidələr sübut edir ki, MTN-in əlindəki səlahiyyətlər və imkanlar – hər əmrə müntəzir qara maskalılar, dinləmə qurğuları, istintaq təcridxanaları hazırda da yüksək vəzifələrdə oturaraq rüşvət alan, böyük miqyaslı korrupsiya ilə məşğul olan, sahibkarlara qarşı qanunsuz tələblər irəli sürən bəzi məmurlarda olsa, onların edə biləcəklərinin yanında E.Mahmudov və onun generallarının etdikləri, necə deyərlər, toya getməli olar.
Belə məmurlardan birinin – Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun əməlləri haqda “AzPolitika”nın 11 sentyabr tarixli buraxılışında yayımlanmış“KƏMALƏDDİN HEYDƏROVUN ƏTRAFINDA ŞOK! – Plagiat məmurun “alim” olmaqlığı” adlı məqalədə bəhs etmişdik.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkədə geniş vüsət almış tikinti sektoruna nəzarət edən əsas dövlət orqanıdır.
“Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır”, deyə Agentliklə bağlı rəsmi məlumatda bildirilir.
Lakin çoxsaylı faktlar sübut edir ki, bu nəzarət bir çox hallarda formal xarakter daşıyır və bu agentlik sahibkarları incidən, onlara qarşı MTN-sayağı (Verməlisən! Yoxsa… -red) müxtəlif qanunsuz tələblər irəli sürən və bununla da tikinti sektorunda ağılasığmaz bahalıq yaradan, mənzil qiymətlərini yüz minlərlə evsiz insan üçün əlçatmaz edən əsas dövlət qurumlarından biridir. Agentliklə yayılan məlumatlardan, iş adamlarının məlumalarından belə görünür ki, bu təşkilat Azərbaycanın ən çox korrupsiyalaşmış, böyük həcmdə rüşvət alınan, rəhbərliyi sahibkarlığa qənim kəsilmiş dövlət qurumlarındandır – onun razılığı olmasa, Azərbaycanda daş daş üstünə qoyula bilməz. Lakin bu razılıq necə verilir və ALINIR? Bu haqda daha sonra.
Hələlik təkcə bir faktı xatırladaq ki, Bakının Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tikinti-quraşdırma işlərinə necə nəzarət etdiyini bütün çılpaqlığı ilə ortaya qoydu.
***
Ötən yazımızda qeyd etmişdik ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbəri, onun bəzi sirlərini mətbuata ötürən işçisinin həbsini sifariş edib. Təəsüf ki, mahiyətcə bir neçə gün əvvəl həbsə atılan MTN-çilərin etdiklərindən fərqlənməyən bu qisas və şantaj hadisəsinin təfərrüatlarını açıqlaya bilmirik – zərərçəkən tərəfi daha artıq zərbə altında qoymamaq üçün israrlı xahişlərini nəzərə alaraq…
***
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbəri 1972-ci il təvəllüdlü Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən – 2006-cı ildən rəhbərlik edir. Yəni 34 yaşında bu vəzifəyə təyin olunub. Bu təyinata qədər FHN-in özündə adi bir işdə işləyib və qeyri-adi bacarığı ilə diqqəti çəkməyib. Bəzi məlumatlara görə, o vaxtkı hərbi komissar Əliağa Hüseynovun xahişi ilə nazir Kəmaləddin Heydərov tərəfindən irəli çəkilib. Ötən il “Azadlıq” qəzetində Cəbrayıl Xanlarovun yaxınlığındakı mənbənin məlumatları əsasında hazırlanmış və dərc olunmuş “Plagiat alim və dövlət məmurunun inanılmaz macəraları” adlı məqalədə Cəbrayıl Xanlarovun Əliağa Hüseynovla bağlılığı haqda ətraflı söhbət açılır.
Hazırda ölkənin ən varlı adamlarından biri hesab olunan C.Xanlarovun bu vəzifəyə təyinatında Əliağa Hüseynov və ya ola bilsin ki, bir başqasının ciddi rolu olub. Lakin əldə olunan məlumatlar onu göstərir ki, C.Xanlarov Fövqəladə Hallar Nazirliyinin (FHN) idarəçiliyində, nazirdən sonra əsas söz sahibi olan birinci müavin, KEÇMİŞ MTN-çi Rəfail Mirzəyevin himayəsi altındadır.
“SON DƏRƏCƏ HİYLƏGƏR VƏ MÜƏMMALI…”
Əslən Gürcüstan doğumlu R.Mirzəyevin personası ciddi maraq doğurur. Mənbələr R.Mirzəyevi “son dərəcə hiyləgər və müəmmalı” fiqur kimi xarakterizə edirlər. Bu baxımdan onu FHN-in “boz kardinalı” da hesab etmək olar. Bilinən yalnız budur ki, 90-cı illərdə MTN-də çalışan Mirzəyev, daha sonra Gömrük Komitəsinə keçib, 2005-ci ildə – FHN yarananda isə nazir müavini təyin olunub. Əslən Gürcüstandan və MTN əməkdaşı olan Mirzəyevə Kəmaləddin Heydərovun belə yüksək etimadının sirri çözülməmiş qalır. Bəzi ehtimallara görə, R.Mirzəyev MTN-də işləyərkən Kəmaləddin Heydərov-Namiq Abbasov qarşıdurmasında birincinin tərəfini tutduğu üçün etimad qazanıb. Başqa sözlə, öz nazirini satdığı üçün. Bir başqa versiyaya görə, R.Mirzəyev məqsədli şəkildə K.Heydərovun yanına yerləşdirilib… Üçüncü versiyada var, lakin bu barədə danışmaq, yazmaq mümkün deyil…
XANLAROVUN “QARA KASSASI” – BABUŞOV!
Fakt budur ki, barəsində cəmiyyətin, mətbuatın çox az məlumatı bildiyi R.Mirzəyev, uzun illərdir və hazırda da FHN-nin cari idarəçiliyində, kadrların seçimində və maliyyə məsələlərində əsas söz sahibidir. İnternet resurslarında hətta tərcümeyi-halı belə tapılmayan R.Mirzəyev, FHN daxilində əsasən qeyri-naxçıvanlılardan ibarət öz komandasını formalaşdırıb ki, Cəbrayıl Xanlarov da bu klanın əsas nümayəndələrindən biri hesab olunur. Əsasən birinci müavinin təlimatları əsasında hərəkət edən C.Xanlarov, belə demək mümkünsə, tikinti şirkətlərinin kabusuna çevrilib. Azərbaycanda tikilən hər kvadratda C.Xanlarov-R.Mirzəyev tandeminin “haqqı” var. Məlumatlı mənbə deyir ki, il ərzində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində lisenziyaların, rəylərin verilməsi, tikinti şirkətlərindən və fərdi sahibkarlardan alınan “nəzarət haqları” hesabına toplanan pulların miqdarı on milyonlarla ölçülür. Tikintiyə aid hər şey rüşvətlədir. Mənbə əminliklə bildirir ki, Bakıda son 10 ildə tikilən bütün yaşayış binalarında Cəbrayıl Xanlarovun 3-5 mənzili var.
“Bu mənzillərin ümumi haqq-hesaba aidiyyatı yoxdur… Cəbrayıl Xanlarovun “ağası” Rəfail Mirzəyev, “qara kassası” Niyazi Babuşovdur. Agentlikdə orta və kiçik məbləğləri Babuşov toplayır. İri məbləğləri Cəbrayıl Xanlarov şəxsən qəbul edir”, deyə mənbə bildirir (Detallı bir başqa yazıda-red).
Tanıyanlar C.Xanlarovu – Gülümsərovsayağı başabəla plagiat alimi üzündən oxumağı belə düz-əməlli bacarmayan savadsız adam kimi təqdim edirlər (Bu iddianı aşağıdakı video da təsdiq edir-red).
HEYDƏR ƏLİYEV BELƏ “ALİMLƏR” HAQDA NƏ DEMİŞDİ?
Lakin C.Xanlarovun üzündən oxuya bilməyəcək dərəcədə savadsız olması, ötən yazıda da qeyd etdiyimiz kimi, onun alim adını qazanmasına və ən əsası, milyonçuya çevrilməsinə mane olmayıb. Ötən il Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aparılmış araşdırma zamanı, 2010-cu ildə müdafiə etdiyi elmi işinin plagiat olduğu aşkarlanan bu “alim”, Azərbaycanda əsl alimlər 3 ildə bir dəfə əyin-başını yeniləyə bilmədiyi halda, kralsayağı həyat tərzi keçirir. Milyonluq villalar, şirkətlər, mağazalar, təsərrüfatlar, bahalı avtomobillər, İngiltərə, italiya və digər ölkələrə mütəmadi səyahətlər və sairə. Bəs bütün bunlar bu plagiat alimdə hardandır? Bəzi vasitələr haqda ötəri də olsa yuxarıda danışdıq, digərləri haqda danışmazdan əvvəl mərhum Prezident Heydər Əliyevin vaxtilə C.Xanlarov kimi alim-məmurlarla bağlı söylədiyi tarixi fikirlərini xatırlatmaq yerinə düşərdi.
Naxçıvan Olimpiya İdman Kompleksinin açılış mərasimində çıxış edən Heydər Əliyev demişdi: “Bir nəfər alim, elmlər doktoru var, heç vaxt vəzifəsi olmayıbdır. Götürdük onu nazir qoyduq. Sonra elə bir rejim yaradıbdır ki, səhər işə gələndə onun iki nəfər, – ayıb olmasın, – quyruq bulayanı gərək qapıda dursun. O, avtomobillə gələndə biri onun qapısını açacaqdır, biri də portfelini götürəcəkdir, gedəcəklər yuxarıya. Ay balam, o elmi-tədqiqat institutunda heç sənin iş otağın da yox idi. Çox olsa, çox olsa, ümumi otaqda bir masan var idi, onun arxasında otururdun. İndi böyük iş otağın var, onun qabağında katibə otağı – bu da bir az gülməlidir, elədirmi? Zəngi basır, mənə çay gətir. Heç evdə arvadı ona çay da vermir. Məəttəl qalırsan. İnsan da bir ayın içərisində bu qədər dəyişilə bilərmi? Amma dəyişilirlər…”
O vaxt mətbuat H.Əliyevin hansı naziri nəzərdə tutuğu haqda çox baş sındırdı, amma əsl həqiqət bilinmədi. Ancaq istənilən halda burda söhbət elmlər doktoru, professor olandan, yəni həyatda müəyyən uğur qazanandan sonra vəzifəyə təyin olunan və özündən çıxan alimdən gedirdi. C.Xanlarov isə vəzifəyə təyin olunduqdan sonra plagiat alim adını alıb, başı gicəllənənlərdəndir. Rahat kabinet, katibə, ətrafda H.Əliyevin təbirincə desək, quyruqbulayanlar… bunları hardasa başa düşmək olar, bəs bir məmurun özünə xüsusi siqaretdaşıyan saxlamasına nə ad vermək olar?…
HƏM DƏ TİKİR – ÖZÜ DƏ NECƏ!
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təkcə tikintilərə “nəzarət etməklə” kifayətlənmir, özü də tikir. Özü də çox şey tikir – Dubayda oteldən belə. Nə işdirsə, tikdiklərini də dəfələrlə baha qiymətə sənədləşdirir. 100 manat verdiyi işçiyə 500 manata imza atdırır, 50 manata aldığını 150 manat yazır… Bu çox maraqlı və dərindən araşdırılmalı məsələdir. Kim kimə atır bu oyunda? Dağıdılan, talanan milyonlar kimin puludur? Bu korrupsiya mexanizmi “yuxarıya” doğru hansı səviyyəyədək qalxır?
Cəbrayıl Xanlarov-Rəfail Mirzəyev tandemi tikinti-təmir işlərində hədsiz şişirtməyə, korrupsiyaya yol verməklə kimi aldadır? K.Heydərovu, yoxsa bilmədiyimiz başqa mətləblər, gizlinlər də var?…
Məlumata görə, ötən il ötəri yoxlama nəticəsində C.Xanlarovun dövriyyəsində 95 milyon manat kəsir çıxıb. O, baş ofisi Dubayda yerləşən “AZTRANS” beynəlxalq yükdaşıyıcı şirkətindəki payını sataraq, bu kəsiri bağlayır…
Görülən işlərdəki böyük korrupsiyadan, şişirtmələrdən sonra belə bu qədər kəsir çıxırsa, oğurlanan vəsaitin (KİMDƏN???-red) ümumi həcmini təsəvvür etmək çətin deyil.
MƏMURUN EVİ VƏ PREZİDENT İQAMƏTGAHI…
Bayaq dedik ki, C.Xanlarov ölkədəki tikintiyə “nəzarət eləməklə” yanaşı, həm də dayanmadan tikir.
Məsələn, bu vur-çatlasında, iqtisadi böhran vaxtında Bakının Bilgəh qəsəbəsində hazırda yaşadığı malikanənin ərazisində tikdiyi yeni – 5 mərtəbəli sarayında son təmir-tamamlama işləri görülməkdədir (Aşağıdakı fotoya bax).
Ötən yazımızdan sonra “tikinti kralı”nın bu topdağıtmaz yeni sarayının fotolarını onun qonşularından biri çəkərək saytımızın elektron poçtuna göndərib.
Fotodan da göründüyü kimi, bu ev deyil, heç villa da deyil – SÖZÜN ƏSL MƏNASINDA ŞAH SARAYIDIR! Biri yer altında olmaqla, beş mərtəbə, ümumi kvadrat bir neçə min. İçinin dəm-dəsgahı, bahalı təmiri isə öz yerində. Məlumat üçün bildirək ki, Bilgəh qəsəbəsində nazir Kəmaləddin Heydərovun da villası var, amma şahidlərin bildirdiyinə görə heç bunun yarısının yarısı qədər də deyil. Ona görə də, biz, daha ədalətli olsun deyə, bu balaca padşahın tikdirdiyi SARAYI Prezident İlham Əliyevin bir neçə il əvvəl istifadəyə verilən aşağıda fotosu təqdim olunan rəsmi iqamətgahı ilə müqayisə etməliyik. Amma yenə də müqayisə qüsurlu alınır, “tikinti kralı”nın iqamətgahı daha əzəmətli təsir bağışlayır…
Məlumata görə, plagiat məmur C.Xanlarov hələ bu şah sarayına köçməsə də, elə indi də şahlara yaraşan bir ömür sürür – hazırda yaşadığı evdə sayı-hesabı bilinməyən vəzir, vəkil, qulluqçu, kababçı, mühafiz, kisəçi, masajçı və sairə saxlayır.
Ən acınacaqlısı isə odur ki, C.Xanlarov maya dəyəri Allah bilir neçə milyon manat təşkil edən bu sarayında və digər tikintilərində işlətdiyi usta və fəhlələrə düz 5 aydır ki, maaş vermir!
AzPolitika.info