Fərəcovla iş adamları arasında qalmaqal:Başçı 4 milyonu niyə vermir?
Sumqayıtın icra başçısı Zakir Fərəcovun sahibkarlara 4 milyon manat borcu var. İş adamları 6 ildir pullarını ala bilmir. Həmin iş adamları bununla bağlı ölkə başçısına müraciət ünvanlayıblar. Onlar bildirir ki, borc qalmaqalı hələ 6 il bundan öncə başlayıb. Belə ki, Sumqayıt Dənizkənarı Bulvarın yenidən qurulması və abadlaşdırılması üçün Zakir Fərəcovdan sifariş alıblar. Həmin sifarişə əsasən bulvarı başdan, ayağa yenidən qurduqdan sonra, onun abadlaşdırılmasını həyata keçirməliymişlər. Bunun müqabilində isə smetada nəzərdə tutulan pul ödəniləcəkmiş. Lakin Zakir Fərəcov işlər başladıqdan sonra tikinti üçün ayrılmış pulların bir qisimi ödəsə də, yerdə qalanını da hissə-hissə verəcəyini, işlər yekunlaşdıqdan sonra isə tamamını ödəyəcəyinə söz verib. Ancaq 2016-cı ilin sentyabr ayında işlər tam başa çatsa da, həmin pulun böyük bir hissəsini, 4 milyon manatını hələ də ala bilmirlər.
Yenixeber.org: Şikayətçilər bildirirlər ki, ümumi sahəsi 105 hektar olan Sumqayıt Bulvarının inşasına 2016-cı ilin martında başlayıblar. İlkin mərhələdə 624 nəfər canlı qüvvə, onlarla texnika cəlb olunub. Deyilən vaxtda isə işlər tam təhvil verilib. “Etibar ləyaqətin ölçüsüdür. Zakir Fərəcov isə bu etibardan sui-istifadə edərək illərdir bizi süründürür, incidir, hədələyir, təhqir edir, qorxudur, yalan vədlərlə başımızı qatır. Biz iş adamı olaraq onu sözündə, əməlində ciddi vəzifə məmuru olaraq qəbul etmişdik. Zakir Fərəcovun yalan vədlərinə inandıq, təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar lazım olan tikinti materiallarını tanıdığımız, bizə etibarı olan iş adamlarından götürdük. Aramızda olan inam böyüklüyünə söykənərək onların dəstəyi ilə tapşırılan işləri, verdiyimiz sözü yüksək səviyyədə yerinə yetirdik”.
İş adamları dövlət başçısına ünvanladıqları şikayət məktubda deyirlərki, işə ilk başladıqlarında onlara veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. “Sonra A.Xudadatov öz dili ilə etiraf etdi ki, tikinti üçün ödədiyi pulları şəhərdə fəaliyyət göstərən iş adamlarından, idarə, müəssisə və təşkilatlardan yığaraq ödəyir. Çünki, biz materiallar üçün maliyyə vəsaiti tələb etdikdə, o pulların hələ yığılmadığını bildirirdi. Biz başladığımız işin fasilələrə dayanmaması üçün tanış iş adamlarından nisyə tikinti materialları götürürdük, həmişə etibarımızı saxladığımıza görə inanırdılar və etiraz etmirdilər. Kompleksdə çalışan işçi qüvvəsinin məvacibi isə güc-bəla ilə daxili imkanlar, imkanlı dost-tanışların köməkliyi sayəsində ödənilirdi”.
Sahibkarlar deyir ki, həmin tikinti zamanı götürdükləri tikinti materiallarının pullarını hələ də ödəyə bilməyiblər. “Cənab Prezident, Sizə bildirmək istəyirik ki, açılış zamanı “möcüzə” adalandırdığınız işləri yaradan insanlar 6 ildir öz halal haqqını Zakir Fərəcovdan ala bilmir. Haqqımızı tələb etdikdə müxtəlif hədə-qorxu, təpkilərlə üzləşirik. Fərəcov qeyd edir ki, kompleksin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmayıb. Bunu öz hesabına edib. Bu da bir absurt, bir yalandır. Hamıya bəllidir ki, cənab Prezident abadlıq-quruculuq işlərinə dövlət büdcəsindən, hətta öz xəzinəsindən milyonlarla vəsait ayırır. Bir də ola mənəvi irsimizi, tariximizi yaşadan şəhidlərlə bağlı abidələrin, parkların salınması, tikintisinə. O, bizə görülən işlərin dəyərinin 30 %-i notarial qaydada təsdiq etməklə ona bağışlamağımızı tələb edir. Yerdə qalan hissəsinin əvəzinə isə bu borcu bağlamaq üçün torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər belə təklif etmişdir. Bu, bizi qane etməsə də məcburən razılaşdıq. Lakin, həmin təkliflər də başçı tərəfindən verilən növbəti vəd olaraq qaldı. Z.Fərəcov ödəniş etmək əvəzinə qanunsuz hərəkətlərə əl atır, hətta bir neçə iş adamını polisdə günlərlə qeyri-qanuni saxlatdırmışdı”.
İş adamları bildirir ki, görüşlərin birində Zakir Fərəcov qeyd edib ki, ona yuxarıdan 6000000 manat dəyərində bir uşaq bağçası və bir məktəb binası tikdirməsi tapşırığı verilib. Onların tikilməsi üçün vəsait tapa bilmir. “Fərəcov bunu əsas gətirib, bizə borcunu ödəmək imkanının olmadığını dedi. Əldə etdiyimiz faktlara əsasən onu da qeyd etmək istərdik ki, Zakir Fərəcovun borcunu ödəməsi üçün vəsaitin olmaması ağ yalandır. Sumqayıtın 18-ci məhəlləsi adlanan yerində, Sumqayıtlılar tərəfindən “MER-in liftli villaları” adlanan ərazidə olan bir villanın satılması bizim kimi haqqı verilməyən iş adamlarının haqqını ödəməyə yetər. Hətta, başçının Sumqayıt stansiyasında şəxsi ferma kompleksini hansı vəsaitlərlə tikdirməsini onun özünə sormaq gərəkdir. Hələ bu faktlar bilinənlərin, görünənlərin içində bir faizdir. Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən “Uventa” estetik mərkəzi Zakir Fərəcovun qızına hədiyyəsidir.
Üç mərtəbədən və böyük ərazidən ibarət olan bu kompleksinin çox acı tarixçəsi var. Bu estetik kompleks mikrorayon sakinlərinin öz vəsaitləri hesabına ərsəyə gətirdikləri 27 illik 40-a yaxın iydə ağacının kəsilərək, (soyqırımı), may ayında çiçəkləri üstündə olan iydələri buldozerlərin qabağına qoyaraq məhv etməsi heç kəsin yadından çıxamayıb. Onda da bu ədalətsizliyə qarşı çıxan 180 sakini Zakir Fərəcovun qoçuları hədə-qorxu ilə susdurmuşdular”.
Onlar yazır ki,Zakir Fərəcovun borclu olduğu pullar yüzlərlə fəhlənin alın tərininin, ağır zəhmətinin, iş adamlarının min bir əziyyətlə əldə etdiyi və satdığı tikinti materiallarının puludur. “Bunun hər birində hər kəsin ahı-naləsi dayanır. Bu pulları mənimsəmək olmaz. Allahın bir adı ədalətdir. İlahi ədalətin məhkəməsindən, məşhərindən heç kəs qurtara, qurtula bilməyib. Zakir Fərəcov bizi aldatsa da İlahi ədaləti aldada bilməz. Cənab Prezident, Sizdən xahiş edirik ki, bu ədalətsizliyə son qoyasınız. Əziyyətimiz hesabına qazandığımız haqqımızın geri qaytarılmasında bizə yardımçı olasınız”.(cumhuriyyet)