Yevlaxda böyük məbləğli tenderləri udan iki MMC kimindir? -TƏFƏRRÜAT
Yevlax Şəhər İcra Hakimiyyəti yolların və mənzil fondunun əsaslı təmiri ilə bağlı tenderlərə yekun vurub.
Yenixeber.org: Tenderlərin qalibi "Təmir-İnşaat” MMC və "M-House Construction” MMC seçilib.
İcra Hakimiyyəti ilə "Təmir-İnşaat” MMC arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 541.472,25 AZN, "M-House Construction” MMC ilə bağlanacaq müqavilənin maliyyə dəyəri isə 232.482,89 AZN-dir.
"Təmir-İnşaat” MMC Yevlax şəhərində yolların, "M-House Construction” MMC isə mənzil fondunun əsaslı təmirini həyata keçirəcək.
Bəs Yevlax Şəhər İcra Hakimiyyətinin iri məbləğli tenderlərinin qalibi olan bu şirkətlər kimindir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Tərtər-İnşaat” MMC 15 dekbar 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Yevlax şəhəri, İ. Dəmirov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Elnur İsa oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, indiyə qədər şirkətin Elnur Hacıyev də daxil 5 qanuni təmsilçisi olub. Şirkət yarananda onun qanuni təmsilçisi kimi Səlimov Məzahir Yaqub oğlunun adı qeyd edilib. Məzahir Səlimov inşaatçıdır. O, 2020-ci ildə 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilib. Açıq mənbələrdə Məzahir Səlimov haqqında bundan başqa heç bir məlumata rast gəlinmir.
2009-cu ildə Məzahir Səlimovu Dadaşov Bərxudar Astan oğlu əvəzləyib. Bərxudar Dadaşov 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar "Tərəqqi” medalı ilə təltif olunub.
Bərxudar Dadaşovdan sonra şirkətin qanuni təmsilçisi Ağayev Azər Aqronom oğlu olub. Azər Ağayev barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bəlli olan odur ki, bu şəxs hazırda "Tərtər İnşaat 23” MMC-nin qanuni təmsilçisidir. Azər Ağayevin "Təmir-İnşaat” MMC-də fəaliyyəti 2014-2019-cu illəri əhatə edir.
2019-cu ildə isə onu Məmtiyev Raquf Rəhim oğlu olub. Raquf Məmtiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. Mediada gedən məlumatlara görə, o, hazırda həbsdə olan keçmiş naziri Səlim Müslümovun kadrıdır. O, Səlim Müslümovun nazir olduğu dönəmdə Dövlət Sosial Müdafiə Fondunun Bərdə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra Raquf Məmtiyevi tutduğu vəzifədən azad edib. Raquf Məmtiyev 2021-ci ilə qədər "Təmir-İnşaat” MMC-nin qanuni təmsilçisi olub. Həmin ildən isə şirkətin qanuni təmsilçisi Elnur Hacıyevdir. Açıq mənbələrdə onun haqqında heç bir məlumata rast gəlinmir.
"Təmir-İnşaat” MMC-nin qanuni təmsilçilərinin tez-tez dəyişməsi şirkətin tender oyunlarında istifadə üçün təsis edilddiyinə şübhələri artırır.
Mediada da "Təmir-İnşaat” MMC tender kralı kimi təqdim edilir.
Yeri gəlmişkən, Yevlax Şəhər İcra Hakimiyyəti abadlıq və təmir işlərinin əsasən bu şirkətə tapşırır. Qurum 2022-ci ildə toplam maliyyə dəyəri 642 390,4 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb. Hər iki müqavilə yolların əsaslı təmiri ilə bağlı olub.
2020-ci ildə isə icra hakimiyyəti ilə şirkət arasında 630.355,3 AZN dəyərində satınalma müqaviləsi imzalanıb. Bu müqavilədə də yolların əsaslı təmiri nəzərdə tutulub.
Göründüyü kimi Yevlaxda yolların təmiri "Təmir-İnşaat” MMC-nin monopoliyasındadır.
"M-House Construction” MMC-yə gəlincə, şirkət 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşən şirkətin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.
Əhliman Yusifovdan əvvəl şirkətin qanuni təmsilçisi Abbasov Kənan Mərkəz oğlu olub. Hər iki şəxs barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
"M-House Construction” MMC barəsində də hər hansı məlumat yoxdur.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət indiyə qədər cəmi bir tenderin qalibi olub. O da yuxarıda qeyd etdiyimiz, yəni Yevlax Şəhər İcra Hakimiyyətinin mənzil fondunun əsaslı təmiri ilə bağlı elan etdiyi tenderdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. O, 2019-cu ildən bu vəzifədədir.(Qaynarinfo)