Daha bir tikinti qalmaqalı
“7Hills Baku” layihəsinə güvənib mənzil sahibi olmaq istəyənlərin arzuları gözündə qalıb. ““7Hills”... Xəyallar gerçək olur!” şüarı ilə ev həsrətli vətəndaşların xəyalları aylardır puç olub. Layihənin yubanması vətəndaşların narazılığına səbəb olub.
"Xeberinfo.com": Məlumata görə, artıq səbir kasaları dolan vətəndaşlar “Qafqazinfo”ya müraciət ediblər.
Layihənin şərtlərinə görə, mart ayında təməlqoyma işləri başlanmalıydı. Lakin həmin vaxtdan altı ay keçməsinə baxmayaraq ərazidə heç bir iş görülməyib. Dəfələrlə ünvanlanan suallara layihə rəhbərliyi və satış təmsilçiləri iyun ayında Bakıda keçirilən Avropa Oyunlarını bəhanə gətiriblər. Baxmayaraq ki, oyunların başa çatmasından iki aya yaxın vaxt keçib. Şirkətin www.7hills.az ünvanlı saytında da işin gedişatı ilə bağlı son şəkillər 20 may tarixində yerləşdirilib. Bir sözlə, həmin vaxtdan bu yana layihənin tikintisində bir daş üst-üstə qoyulmayıb...
Şirkətin facebook səhifəsinə nəzər yetirəndə də kredit və ya nəğd yolla mənzil alanların narazılıqları, verdikləri suallara dolğun cavab almadıqları məlum olur. Yazılanları oxuduqca vəziyyətin həqiqətən də ciddi olduğu məlum olur. Həmin müzakirələrdən bir neçəsini sizə təqdim edirik.
Seven Hills Baku – Hörmətli təqibçilər və müştərilərimiz. İşin yubanmasının əsas səbələrindən biri Avropa oyunlarıdır. Cünki, böyük maşınların girişi və işləməsinə icazə yoxdur. Hazırda 10-20 faiz gücümüzlə işləmək məcburiyyətindəyik. Əks halda hər iki ana prospekt bizim maşınlarla zəbt olunacaqdı.
LZ Altay - əfsuslar olsun ki, həvəslə qatıldığım bu layihənin hazırkı vəziyyəti çox şübhəli və ürək açan deyil. Məni də yalnız ödədiyim ilkin ödəniş (nə az, nə çox evin qiymetinin 40%-i) və aylıq banka köçürdüyüm məbləğ maraqlandırır. Müqavilədə qeyd olunan 10 %lik ŞTRAF olmasaydı, bu saat layihədən geri çəkilərdim. Hörmətli 7Hills vicdanla iş görmək lazımdır!!!
Oktavian Avqust Hörmətli 7HİLLs bu gün - yəni 12.07.14 saat 14.00 radələrində sizin tərəfinizdən tikiləcək binanın yolun kənarında qoyulmuş reklamının laqonda ilə kəsilmiş və əraziyə atılmış halda gördüm. Lap dəhşətə gəldim. Bu nə məsələdir, niyə insanların hissi ilə oynayırsınız? Ay yoldaşlar Sizin bu barədə məlumatınız varmı?Moderator Avropa Oyunlarından sonra heç cavab vermir. Heç olmasa əvvəllər sakitləşdirici bir şey yazardı. Bir də 7HILLS.az saytında da heç bir yenilik ya şəkillərin yeniliyi yoxdur.
Pasha Pashayev Ofisdən pozitiv bir söz deyilmir. Çalışırlar yola versinlər. Geri çəkilmək istəyəndə ödədiyin 10% ilkin ödənişin və ödədiyin aylıq odənişlərin faiz hissəsinin qaytarılmayacağını bildirirlər. Əgər özləri işi bərpa etmirlərsə niyə biz cərimə ödəməliyik? İşlərin bərpası sual altındadır.
Pasha Pashayev Salam yoldaşlar.Mən də bu layihədən ev almışam. Hər ay normal ödəniş edirdim. Bu aydan ödənişi dayandırdım. Çünki heç bir tikinti işi aparılmır. Hazırlaşıram məhkəməyə verim. Ödədiyim pulları geri almaq üçün...
Kamil Aliyev Salam çox hörmətli 7 HİLLS. Men de Sizin layihədən mənzil almışam. Demek olar ki, hər həfdə gedirəm tikinti yerinə. 12.07.15 tarixdə axşam yenə getmişdim baxam bir yenilik varmı? Amma Siz tərəfdən yolun kənarına qoyulmuş tikinti layihəsinin reklamının dibindən kəsilərək götürüldüyünün şahidi oldum. Bu nə məsələdir. Avropa oyunları da bitdi bəs niyə tərpəniş yoxdur? Axı yük maşınlarının hərəkətinə Nazirlər Kabinetinin yol hərəkəti komossiyası gecədən səhərə kimi icazə verir. Bir də ki Sizin ərazidə gözəl imkanlarınız var. Əraziyə dəmir yolu xətti gəlir. Siz topaq işlərini dəmir yolu ilə vaqonlarla daşıya bilərsiniz. Bu Sizə daha ucuz başa gələr. Ve gecə gunduz işləmə imkanınız var. Sadəcə yuklə ərazisində iki maşın bir ekskavator və boşaltma stansiyasında da iki maşın bir poqruzcik lazımdır. Adminin də səsi çıxmır. Xahiş edirəm məlumat verin insanlar yazıqdır.
Xatırladaq ki, “Seven Hills” layihəsinin icrasına 2015-ci ilin mayından başlanılması və 2017-ci ildə bitməsi nəzərdə tutulmuşdu. Şirkətin ipoteka kreditləri üzrə maliyyə tərəfdaşı əvvəlcə “Azərbaycan Beynəlxalq Bankı” olsa da, sonradan bu iş “Bank Tecnique”ə həvalə olundu. “Bank Tecnique”nin son günlər üzləşdiyi problemlər cox güman ki layihəyə təsirsiz ötüşməyib. Elə layihə rəhbərliyi tərəfindən də vətəndaşlara əsas problemin bankla bağlı olduğunu bildirirlər və işlərin avqust ayının 15-20-dən sonra bərpa olunacağına soz verirlər.
Yaranan problemlə bağlı “7 Hills” Layihəsinin Marketinq meneceri Nərmin Quliyeva “Qafqazinfo”nun suallarını cavablandırıb. N. Quliyeva bildirib ki,
7 HILLS layihəsi Azərbaycan Beynəlxalq Bankı ilə birbaşa əməkdaşlıq çərçivəsində həyata keçirilən layihədir: ““7HILLS” Mənzil Tikinti Kooperativi ilə “Azərbaycan Beynəxalq Bankı” ASC arasında birgə fəaliyyət haqqında 22 dekabr 2014-cü il bağlanmış müqaviləyə əsasən layihənin satışı üçün müştərilərin ipoteka krediti vasitəsilə maliyyələşdirilməsi və ümumiyyətlə layihənin tikintisinin maliyyələşdirilməsi barəsində bankla razılığa gəlinmişdir. Lakin bankda baş verən struktur dəyişiklikləri nəticəsində bu proses dayandırılıb”.
Menecerin sözlərinə görə, “7Hills” layihəsi çərçivəsində yığılmış ödənişlərin bir qismi bankdakı hesabda dondurulub. Bununla əlaqədar olaraq, tikintinin həyata keçirilməsində 3 aylıq ləngimə əmələ gəlib. Lakin buna baxmayaraq, sahibkarların hesabına tikintidə bəzi işlər aparılıb və layihənin sənədləşdirilməsi işləri qismən başa çatdırılıb: “Hazırda layihənin dayandırılması barədə MTK-nın təsisçiləri tərəfindən hər hansı bir qərar verilməyib. Eyni zamanda layihənin maliyyələşdirilməsi ilə bağlı bankla danışıqlar davam etdirilir. Layihədə ləngimə olsa belə, müştərilər tərəfindən ödənilmiş vəsaitlərdə problemdən söhbət belə gedə bilməz.
MTK-nın təsisçiləri tərəfindən verilmiş qərara əsasən, alınmış mənzilləri geri qaytarmaq istəyən müştərilərin müraciətlərinə baxılaraq ödənişlərin hissə-hissə geri qaytarılması nəzərdə tutulub.
Bunun üçün hal-hazırda müraciətlərə baxılır, analiz edilərək ödəmə qrafiki tərtib olunur. Bu əməliyyat hazırda təsisçilərin vəsaiti hesabına həyata keçirilir. Bankda dondurulmuş vəsaitdən istifadə edilməsi barədə hələ razılığa gəlinməyib”.