Deputatlardan “İçərişəhər”lə bağlı ETİRAZ:“Kimin nə həddi var ki...”
"İçərişəhər" mövzusu medianın və social şəbəkələrin gündəmini zəbt edib. “İçərişəhər” Qoruğu ərazisindəki Kiçik Qala küçəsində - Qala divarlarının qarşısında başlanan tikinti işləri vətəndaşlar, xüsusilə də sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.
Yenixeber.org:Məlumata görə, hətta oradan çəkilmiş şəkillər sosial şəbəkələrdə paylaşılandan sonra vətəndaşlar 11 may tarixinə Qala divarlarının qorunması tələbilə aksiya təyin ediblər. Artıq bəzi tanınmış similar bəribaşdan aksiyaya qatılacaqlarını elan ediblər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yerləşdiyi rayonun – Səbailin deputatı Şəmsəddin Hacıyev"İçərişəhər" mövzusunda danışıb.
O vurğulayıb ki, İçərişəhər qoruq ərazisi olduğundan çox ciddi şəkildə qorunur. Ş.Hacıyevin sözlərinə görə, orada heç kim özbaşına tikinti apara bilməz:
“Bu ərazi, tarixi abidəmiz hətta ölkə rəhbərliyinin nəzarətindədir. İnanmıram ki, kimsə orada özbaşına tiikinti işləri aparsın, hər hansı obyekt ucaltsın. Ora Bakı şəhərinin ən görkəmli yeridir. Bakıya gələn turistlər hamısı İçərişəhərə axın edirlər. Son illərdə isə tamamilə siması dəyişilib, çox gözəlləşdirilib. Davamlı təmir, restavrasiya işləri aparılır. Hər hansı tikinti həyata keçirilsə belə, Qala divarlarına toxunmaq mümkün deyil.
İqtisad Universitetində rektor işlədiyim vaxtda müşahidə etmişdim. Qala divarlarına bitişik tikililər var idi, onlar hamısı söküldü, qala divarları restavrasiya olundu. Çox gözəl görünüş aldı. Təxminən 300-400 metrə yaxın Qala divarı müxtəlif tikililərlə bağlanmışdı, yaxşı görüntüdə deyildi. Prezidentin göstərişi ilə onlar restavrasiya edilib, tarixiliyinə qaytarıldı”.
Deputat onu da əlavə edib ki, İçərişəhərdə hər hansı prosedur aparılanda Bakı Meriyasının peşəkar mütəxəssisləri də iştirak edirlər:
“Abidənin qorunması üçün işlər görülür. Kimin nə həddi var ki, Qala divarlarını söküb dağıtsın?! Meriyanın restavrasiya etmək üçün xüsusi idarəsi var və bu, birbaşa onların nəzarəti altındadır. Orada nə isə tikmək, Qala divarlarına ziyan vermək elə-belə məsələ deyil, buna çox ciddi yanaşılır”.
Deputat Fazil Mustafa İçərişəhər tarixi qoruğuna, Qala divarlarına ziyan vurulmasının əleyhinə çıxış edib:
“Mən İçərişəhərlə bağlı fikrimdə qalıram. Qala divarlarının dağıdılması, tarixi abidəyə hər hansı ziyan vurulması qətiyyən yolverilməzdir. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşılmalıdır. Əgər iddia edildiyi kimi, fotolar köhnədirsə, heç bir ziyandan söhbət getmirsə, ora QHT nümayəndələrini, ictimaiyyət adamlarını, medianı dəvət edib, məsələni aydınlaşdırmaq lazımdır. Bu məsələdə laqeydlik etmək, ictimaiyyətin fikrini ciddiyə almamaq düzgün deyil”.
Deputat Tahir Kərimli də İçərişəhərlə, tarixi abidələrimizə ziyan vurulması ilə bağlı kəskin mövqedədir. O vurğulayıb ki, millət öz tarixi ilə yaşayır:
“Turistlər gələndə Qala divarlarını göstərib fəxr edirik ki, dövlətçiliyimiz, mədəniyyətimiz, zəngin keçmişimiz var. Bu abidələr dövlətimizin atributlarıdır. Nə dərəcədə manqurt olasan ki, tariximizə bağlı olan abidələrin üzərindən xətt çəkəsən. Tək İçərişəhər deyil, çox yerlərdə kapital, obyekt tikmək xətrinə dəyərli nə varsa dağıdırlar, tamaha görə millətimizin keçmişini qurban verirlər. Elə insanlar var ki, onlar üçün nə dövlət, nə millətin tarixi maraqlıdır, ancaq şəxsi mənfəətlərini düşünürlər. Mən hüquq-mühafizə orqanlarına təklif edirəm ki, məsələni araşdırsınlar. Tarixi abidələrimizlə bu cür davrananlar hüquqi məsuliyyətə cəlb olunmalıdır. Belə hara gedirik?”.
Tahir Kərimli hətta son illərdə İçərişəhərdə həyata keçirilən restavrasiya işlərini də qonayıb:
“Müstəqillikdən sonra İçərişəhərdəki köhnə tikililərin yerinə uyğun olmayan binalar tikməyə başladılar. Axı bu bizim dövlətçiliyimiz birliyimizdir. Sizə bir söz deyim, millətimizin də özünüdərki zəifdir. Nəyə görə içərişəhərlilər icma yaratmırlar? Hamısı yığışıb, bir icma yaratsın, özləri qərarlar qəbul etsinlər, dövlətə təkliflər versinlər. İçərişəhərin qorunmasını müdafiə etsinlər. İçərişəhərdə ictimai özünüidarə olmalıdır, abidə kimi onu qorumalıyıq. Mən əminəm ki, tarixi abidələrimizə əməlli-başlı ziyan vurulur. Üstəlik bu birinci hal deyil. Ona görə, müvafiq orqanların hüquqi məsuliyyət məsələsini ortaya qoymasını vacib hesab edirəm”.(Modern.az)