Yenixeber.org: İki gün əvvəl Suraxanı rayonuna aid Bülbülə qəsəbəsinin camaatı küçələrə axışmışdı. Qəsəbənin S.Əliyev küçəsinin sakinləri bataqlığa çevrilmiş yolların asfaltlanmasını tələb edirdi.
Sakinlər aeroport yolunu bağlamışdı və iki saat davam edən mitinq polisin tələbi ilə yekunlaşdı.
► Qazırlar, tökürlər, gedirlər…
Ancaq Suraxanı İcra Hakimiyyətinin tapşırığı ilə sözügedən küçənin çala-çuxur yollarına bir maşın asfalt da tökmədilər. Bu bərbad yol isə Suraxanıda yeganə yer deyil.
Əməkdaşımız Qaraçuxur qəsəbəsindən Yeni Günəşliyə gedən əsas yolun aylardır fəlakət içində olduğunu görüb.
104 və 141 saylı orta məktəblər bu yolun üstündə yerləşir. Bir neçə ay qabaq yollar qazılıb, tökülüb, texnika yeridilərək hansısa yeraltı xətlər yenilənib.
Di gəl, salamat yolları dağıdıblar, düzəltməyib gediblər. Sakinlər və sürücülər payız aylarından bəri əziyyət çəkir.
Deyirlər ki, bu gedişlə S.Əliyev küçəsinin camaatı kimi, onlar da yolu bağlayıb haqlarını tələb edəcəklər:
“Bu yol əvvəl necəydisə, elə də düzəltsinlər. Gəlib qazırlar, tökürlər, işlərini görüb gedirlər. Bəs, bu yolları kim düzəltməlidir?
Bülbülədəki Samir Əliyev küçəsi məhəllədaxili yoldur. Qaraçuxurdan Günəşliyə gedən yol isə magistral yoldur, avtomobillərin intensiv hərəkəti var. Hara baxır icra hakimiyyəti, Avtomobil Yolları Agentliyi?”
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov►RİH başçısı hara baxır?
2013-cü ildə “Azərsu” ASC tərəfindən Bülbülədəki S.Əliyev küçəsində yeni su xətlərinin çəkilməsi zamanı yolları qazıb altını-üstünə çevirmişdilər. Məhəllədaxili yollar əsl keçilməz bataqlığa çevrilib.
Sakinlərin müxtəlif instansiyalara şikayətlərindən sonra 2013-cü ilin sonlarında BŞİH-in Mənzil-Kommunal Departamenti tərəfindən “A” massivində məhəllədaxili yolların bir hissəsinə asfalt döşənsə də bu işlər yarımçıq qaldı.
O vaxt işlərin yarımçıq qoyulmasına etiraz edən sakinlər aksiya da keçirmişdilər. Əraziyə gələn Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onlara vəd vermişdi ki, tezliklə digər yollar da asfaltlanacaq.
Amma başçının dediyi olmayıb və iki gün qabaq aksiya olub. Eyni işlər 141 saylı məktəbə gedən Yeni Günəşli yolunda da həyata keçirilib.
Ümumiyyətlə, Suraxanı yollarından danışmağa dəyməz. Bakıxanov qəsəbəsindən Qaraçuxura gedən yol, Ərəblinka adlanan massivin yolları, ara məhəllələrin asfaltı darmadağındır.
Üstəlik, bu rayonun Qaraçuxur qəsəbəsində Bakı icra başçısı Hacıbala Abutalıbovun evi var. Amma… Emil/AzEuroNews.com/