"Mavi balina" oyunu haqqında dəhşətli faktlar– FOTO
Son günlər mətbuatda "Mavi Balina" oyununun qurbanına çevrilən uşaqlar haqqında xəbərlər yayılıb
Yenixeber.org: Bu oyun haqqında yazısını təqdim edir.
İntiharlara səbəb olan oyunun rəhbərliyi gizli şəkildə göndərilən linklərlə sosial şəbəkələr vasitəsilə uşaqlarla əlaqə yaradır. Ailələr bu məsələdə çox diqqətli olmalıdırlar.
Artıq "Mavi Balina" oyunu dünyada 130 intihara səbəb olub. Təəssüf ki, onlar arasında azərbaycanlılar da var. Bu səbədən valideynləri diqqətli olmağa çağırırıq.
Təkrar edirik, oyunun rəhbərliyi sosial şəbəkə vasitəsilə göndərilən linklərlə azyaşlı və yeniyetmələrlə əlaqə yaradır. Oyunu qadağan etmək üçün bir internet səhifəsi və ya linki yoxdur. Oyun istifadəçilər arasında xüsusi linklər paylaşılaraq oynanılır.
"Mavi Balina" oyunu nədir?
Oyunun rəsmi internet ünvanı və qanuni satışı yoxdur. Rusiyanın söhbət saytlarında oyuna girmək istəyənlərə link göndərilir. Bu link vasitəsilə oyunçunun kompüterinə virus göndərilir və bütün şəxsi məlumatları ələ keçirilir. Ələ keçirilən məlumatlar sonradan şantaj üçün istifadə edilir.
50 gün 50 tapşırıq
"Mavi Balina" oyunu 50 gün ərzində getdikcə qorxunc hala çevrilən 50 tapşırıqdan ibarətdir. Oyunçulara şikəst olmağa səbəb ola biləcək tapşırıqlardan tutmuş qorxu filmi izləməyə qədər tapşırıqlar verilir. Tapşırığı yerinə yetirə bilməyənə isə "Öl, yenə də dünyaya gələcəksən" fikri təlqin edilir.
Oyunun bəzi mərhələlərində məktəbli uşaqlara "əl biləyinə və ya ayağına iti cisimlə balina qazı" və ya "damarlara yaxın bölgələri kəs" tapşırıqları verilir.
Bəzən isə sübh saatlarında yuxudan oyandırılan oyunçu qorxulu videoçarxları izləyir. Manipulyasiya edilən uşaqlar 49 tapşırıq nəticəsində psixoloji və fiziki ziyana məruz qalırlar. 50-ci gün isə final tapşırıq "balina olmaq" adlanır və oyunçuya intihar etməsi əmr edilir.
Oyunun təhlükəsi nədir?
Oyunu oynamaq istəyən şəxsə internet piratları tərəfindən virus tərkibli bir link göndərilir. Göndərilən link vasitəsilə şəxsi məlumatlar ələ keçirilir. Bu yolla oyunu oynayan şəxs ətrafındakı insanlarla bağlı təhdid, şantaj və kiberzorbalığa məruz qalırlar.
Oyunda iştirak edənlər isə gecə saatlarında edilməsi tələb edilən müxtəlif qorxulu tapşırıqları yerinə yetirirlər. Bununla da onların ruh sağlamlığı pozulur. 50 gün davam edən proses başa çatanda oyunçulara psixoloji təzyiq edilir, dəyərsiz insan olduqları fikrinə qapılmaq üçün vasitələrə əl atılır və son tapşırıq olaraq intihara sövq edilir.
Valideynlər bu xüsusda diqqətli olmalıdırlar:
- Uşaqlar sosial şəbəkə və internet məkanında belə tələlərə düşürlər. Qarşısını almaq üçün valideynlər övladlarının internetdən istifadə etmə vərdişlərinə nəzarət etməlidirlər;
- Ailələr uşaqların oynadıqları oyunları mütləq bir yerdə təyin etməlidirlər;
- Oyunda və internetdə keçirilən vaxt məhdudlaşdırılmalı və oyunun uşağın yaşına uyğun olmasına diqqət edilməlidir;
- İnternetdə naməlum şəxslərlə yaxın münasibət qurulmaması, onların şübhəli şəxs ola bilmə ehtimalının yüksək olması və belə münasibətlərin təhlükəli nəticələrə səbəb ola biləcəyi mövzusunda uşaqlarla müntəzəm söhbət edilməlidir;
- Ailə bu mövzuda məsuliyyətini dərk etməli, ehtiyac yaransa, mütəxəssisə müraciət etməli, övladını sosial fəaliyyətə yönləndirilməli, sosial şəbəkədə onların dost siyahısında olmalı və internetdəki addımlarından xəbərdar olmalıdırlar.
Təhlükəki qrupu necə müəyyən etmək olar?
Loqotip
Hər qrupun öz loqotipi var. Bir çox hallarda bu Tanrı simvolikasıdır. Çünki özünü hansısa çox vacib qrupun üzvü sayır. Bu səbəbdən özünü seçilmiş sayan uşaq loqotipi istənilən tapşırığı yerinə yetirmək və cəzasız qalmağın vasitəsi sayır.
Musiqi
Bu qrupa aludə olan uşaqlar ən çox "Psynergy Project", "Beatroots" kimi musiqilərə qulaq asır. Bu tip musiqilərdə ritm insan orqanizminin bioritminə uyğun deyil. Belə yeniyetmələr depressiv trans vəziyyətinə düşür və onları idarə etmək çox asan olur.
Həyatın mənasızlığı haqqında frazalar
Bu qrupa qoşulanlar dünyada tənhalıq, təəssüf hissi və acılar haqqında məşhur şəxslərin frazalarından tez-tez istifadə edirlər.
Uşaq qəflətən sözəbaxan övlada çevrilir
Əgər övladınız birinci sinifdən dostluq etdiyi uşaqlarla əlaqəni kəsib tam fərqli uşaqlarla dostluq edirsə, həyəcan təbili çalın. Yeniyetmə real həyatdan ayrılır və deyilən hər şeylə razılaşır.
Gündəlik rejimi dəyişir
Övladınız gündəlik rejimini dəyişirsə, qorxmaq lazımdır. Məsələn, şam yeməyini otağında yeyir, kompüter arxasında eyni vaxtlarda oturur, müəyyən qrafiklərində dəyişiklik edirsə, qrupa qoşulma təhlükəsi var.
Yuxusuzluqdan əziyyət çəkir
Əgər övladınız səhər dərsə getmək üçün yuxudan gec durursa və ya əzgindirsə, deməli, yaxşı yatmayıb. Həyəcan təbili çalın. Çünki "Mavi balina" oyununda 04:00-05:00 saatları arasında verilən tapşırıqlar var. Bu isə yuxunun ən şirin vaxtıdır. Amma övladınız yatmaq əvəzinə, tapşırıqlar yerinə yetirir: foto çəkib sosial şəbəkəyə yükləyir və s.
Bu vaxt xüsusən seçilib ki, sübhə yaxın yuxudan oyanan uşaqda əzginlik yaransın, gərgin olsun. İkincisi, bu vaxt yuxudan oyananda adrenalin yüksəlir və yuxudan oyanma həyəcan və gələcəyə dair qorxulara səbəb olur.
Təkrarlanan rəsmlər
Yeniyetmələrin davranışları eynidir. Onlar diqqət cəlb etmək və qiymətləndirilmək istəyirlər. Bu səbəbdən hansısa işə başı qarışan yeniyetmə bunu rəsmlərdə nümayiş etdirir. Amma təhlükəli qrupa qoşulanlar yeni ideologiya ilə bağlı rəsmlər çəkirlər. Əgər yeniyetmə müntəzəm olaraq kəpənək və balina çəkirsə, qorxmaq lazımdır. Çünki kəpənəyin ömrü bir gündür, balina isə intihar üçün özünü sahilə vurur. Deməli, övladınız intiharçı qrupa üzv olub. 50 rəqəmini tez-tez yazmaq da təhlükəlidir. Çünki oyunda 50 tapşırıq var.
Sosial şəbəkədə qüssəli yazılar
Əgər övladınız intihara təşəbbüs edirsə, əvvəlcə sosial şəbəkələrdə qüssəli ismarıclar yazacaq. Onun fikrinə görə, "rəqəmsal qəbilə" onunla eyni düşüncədədir və onu anlayırlar.
Əgər övladınızın səhifəsində "Mənim vaxtıma az qalıb", "Söz verirəm ki, bunu edəcəm" tipli ismarıc görsəniz, ehtiyatlı olun. Onunla danışın və ya psixoloqa müraciət edin. Heç bir halda sərt danışmaq, səhv yolda olduğunu demək olmaz. Dolayı yolla internetdə belə qrupların olduğu, insanları səhv yönləndirdiyi barədə məlumat verin.
Bədənində cızıq və kəsiklər
İntihar qruplarında əvvəlcə oyunçulara bədənində cızıq və kəsiklər etmək tapşırığı verilir. Sonra isə hansısa canlı heyvanı öldürmək və fotosunu çəkmək tapşırılır. Yeniyetmələr ətrafdakı insanlara incik olduqları üçün bu addımları həvəslə atırlar. Bu səbəbdən ehtiyatlı olun, övladınızı müntəzəm şəkildə izləyin.
Onunla söhbət edin, dostluq edin, önəmli olduğunu hiss etdirin. Mübahisə edin və ona ürək sözlərini deməyə şərait yaradın. Cəza erməyin. Tez-tez: "Sən mənim üçün çox önəmlisən, sənə çox ehtiyacım var, mən bilirəm, sən küsmüsən. Səni başa düşürəm", - deyin.
Əsas odur ki, övladınıza içindəkiləri söyləməyə şərait yaradasınız. Bu zaman onun özünə qarşı yaranan aqressiyası çölə çıxacaq və azalacaq. Bundan başqa, dünyada kimin üçünsə lazım olduğunu anlayacaq.
Əşyaları dağıdır
Özünə qəsd etməyi planlaşdıran yeniyetmə istəyir ki, ölümündən sonra ağlasınlar, onun haqqında danışsınlar. Bu səbəbdən əşyalarını dağıdaraq iz qoymağa çalışır. Əgər övladınızın əşyaları itirsə və ya o, özü sevimli əşyalarını bir bağlamaya qoyub sizə gətirir və yaxınlara paylamağı xahiş edirsə, ehtiyatlı olun. Adətən, bu yaşda uşaqlar eqoist olurlar və əşyalarını boş yerə kiməsə vermirlər.
Əşyaları ilə vidalaşmağa imkan verməyin. Yaxşı hadisələrdən danışın, müsbət sonluqlu həyat dərslərini izah edin. Tarixdə onun yaşıdı olan uğurlu insanların hekayəsini göstərin.
Açıq şəkildə ölümü haqqında danışır
Əgər yeniyetmə danışıq vaxtı "Mən ölsəm, nə edərsiniz?", "Mənim yasımda nə danışardınız?" tipli suallar verirsə, təhlükə çox böyükdür. Adətən, ölümə hazırlaşan yeniyetmələr bu suallardan tez-tez istifadə edirlər.
Bu səbəbdən övladınızla söhbət edin, ağlayacağınızı, acı çəkəcəyinizi bildirin. İzah edin ki, onun ölümü düşmənlərinin vecinə olmacayaq, sağ qaldıqları üçün güləcəklər. Bundan başqa, mütləq psixoloqa müraciət edin.