SOS:130 intihara səbəb olan oyun Bakıya gəlir...
Son dövrlər bütün dünyada geniş yayılan “Mavi balina” oyunu insanların ölümünə səbəb olur. Uşaqları və yeniyetmələri özündən asılı vəziyyətə gətirərək intihara sövq edən oyunun qurbanlarının sayı artmaqdadır.
Bu “oyunun” digər xüsusiyyət şantajdır. Məlumata görə, Rusiya çat səhifələrində oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. “Mavi Balina” oyunu 50 gün boyunca insanı qorxunc vəziyyətə salan 50 tapşırıqdan bəhs edir. Bütün tapşırıqları yerinə yetirən oyunçuya isə “öl, onsuz da yenidən doğulacaqsan” təlqini edilir. Statistikaya görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib.
Məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, “Mavi Balina”nın Azərbaycanda yayılmasının qarşısını almaq üçün müvafiq dövlət qurumları monitorinqlər aparmalıdır. Ekspertin sözlərinə görə, vaxtında tədbir görülərsə, intiharı təbliğ edən təhlükəli oyunlara girişi məhdudlaşdırmaq mümkündür:
“Azərbaycanda informasiya təhlüəsizliyinə cavabdeh olan qurumlar var. Məsələn , Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi, dövlət qurumlarının təhlükəsizliynə cavab verən Xüsusi Dövlət Mühafizə xidmətini misal göstərmək olar. Qanunvericilik bu qurumların monitorinq aparmasına və uşaqların təhlükəsizliyinə təhdidlər yaradan resursların aşkara çıxarılmasına və bağlanmasına icazə verir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə hətta məhkəmənin qərarı olmadan təhlükəli saytları bağlamaq üçün səlahiyyət verilib. Sözügedən qurumlar monitorinq aparıb aşkara çıxarmalıdır ki, bu cür resurslar bizim uşaqlar, eləcə də cəmiyyət üçün təhlükə törədirmi? Əgər monitorinqlər zamanı qanunvericiliyə zidd məqamlar müəyyən olunarsa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən, həmin resursları bağlaya bilər. Bu zaman sözügedən resursların İP ünvanları Azərbaycan ərazisindəki provayderlərə göndərilir və nəticədə həmin saytlara giriş bağlanır.
”Mavi Balina” kimi təhlükəli oyunların, harada yerləşdirilməsindən asılı olmayaraq, bəlli bir əhatə obyekti var, ünvanı var. Mən elə gəlir ki, bu qurumun informasiya təhlükəsizliyi sahəsində məsuliyyətini gücləndirmək lazımdır”.
Psixoloq Narınc Rüstəmova isə sözügedən oyunların uşaqların psixologiyasına mənfi təsirləri barədə danışıb. N.Rüstəmova qeyd edib ki, belə oyunların yeniyetmələr arasında yayılmasının əsas səbəbləri ailəiçi şiddət və tənhalıqdan qaynaqlanır:
“Müəyyən qruplar və təşkilatlar tərəfindən yaradılan belə oyunlar adətən kommersiya məqsədi daşıyır. Valideynlər bu məsələdə birmənalı olaraq çox diqqətli olmalıdırlar. 12-18 yaş arası yeniyetmələr arasında bu cür təhlükəli oyunlara meyillənmə daha çox müşahidə olunur. Çünki bu dönəmdə uşaqlar təhlükə nədir bilmirlər, hər şeyə maraq göstərirlər, ətrafındakı insanlara qarşı üsyankar olurlar. Tənhalıq, hər şeyə qarşı narazılıq uşaqlarda bu tip oyunlara marağı artırır və onlar fərqlənmək arzusunu belə oyunlarda tapırlar. Uşaqlara diqqət yetirsək görərik ki, ailəsi ilə problem yaşamış, tənhalıq hiss edən uşaqlar arasında belə oyunlara meyil daha çoxdur. Ailəsi ilə münasibətləri yaxşı olan, valideyn qayğısı görən uşaqlar şiddəti və təhlükəni təbliğ edən oyunlara maraq göstərmirlər. Normal uşaqlar ən azı oyunun bir neçə təşviqedici suallarını oxusa görər ki, heç də ağlabatan tapşırıqlar deyil və həmin anda o oyunu bağlaya bilər. Təəssüflər olsun ki, yeniyetmə və aqressiv uşaqların şiddətə meyilli olması, bu oyunun qurbanlarında olduğu kimi, acı sonluqla nəticələnə bilər. Bəzi saytlarda yerləşdirilən oyunlara görə xeyli sayda azyaşlı və yeniyetmə intihara cəhd edib. Valideynlər adətən övladlarının günün böyük hissəsini kompüter və planşetlə oynayaraq vaxt keçirmələrindən şikayətlənirlər. Ana-ata belə vəziyyətə laqeyd yanaşmamalıdır. Hətta valideynlər övladları ilə birgə oyun oynamağa vaxt ayırmalıdır. Valideyn araşdırmalıdır ki, uşağı daha çox nə ilə maraqlanır. Bu baxımdan uşaq otaqlarında kompüterlər qoyulmamalı, əgər kompüter qoyularsa, onun ekranı qapıya doğru olmalıdır ki, qapı açılanda valideyn rahatlıqla uşağın kompüterdə nəyə baxdığını görsün. Ümumiyyətlə, kompüter və planşetlərin uşağın ixtiyarına verilməməsi daha məsləhətlidir”.
Psixoloqun sözlərinə görə, kompüter və bu kimi qurğularda oyun oynamaq ailə içərisində ünsiyyəti azaldır. Bu da öz növbəsində uşaqların və yeniyetmələrin yanlış yönəlməsinə gətirib çıxarır:
“Əgər ailədə valideynlərin də kompüter və internetdən asılılığı varsa, uşaq da eynilə onları örnək alır. Təbii ki, bu məsələlərdə valideynlər çox diqqətli olmalı və belə təbliğatdan çəkinməlidirlər. Uşaqlarda pnevmaniya dediyimiz yandırmaq, qırmaq, dağıtmaq, özünə xətər yetirmək, tünd rəngli və uzunqollu paltarlar geyinmək, yalan danışmaq kimi qeyri-adi davranışlar müşahidə edən valideynlər dərhal vəziyyətə müdaxilə etməlidir. Bu simptomlar müşahidə edilən zaman uşaqlar psixoloq dəstəyi görməlidir. Çünki onlar bu yaş dönəmində öz ana-atasını dünyanın ən axmaq adamı kimi hesab edir.
Əgər uşaq şiddət görürsə, təbii ki, şiddətə meyilli olacaq. Şiddət görən uşaq çox zaman özündən daha zəiflərə, heyvanlara şiddət göstərməyə çalışır. 12-18 yaşındakı uşaqların enerjisini başqa maraqlı sahələrə yönəltməklə aqressiyanın qarşısını almaq olar”.