Vəzifə sahiblərinə verilən mesajlar- özbaşınalıqlara son qoyulur
Yenixeber.org: Məmurlar və yaxın çevrələrindəkilərin harınlığı barədə hər gün yeni-yeni məlumatlar alınmaqdadır. Əksəriyyəti də iki və daha çox insanın ölümünə səbəb olmağa, avtoxuliqanlığa görə cəza alır, rəhbər vəzifədə olan əzizləri isə postdan uzaqlaşdırılır. Elə 3il əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən uzaqlaşdırılan Mübariz Mədətov kimi...
Qeyd edək ki, M.Mədətovun oğlu Xalid Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə "Gelandewagen" markalı avtomobili ilə qəza törədib, nəticədə xalq artisti, tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası alan X.Mədətov bu ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Bu il iyulun əvvəlində isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, general Novruzəli Orucov oğlu avtobus sürücüsünü döydüyünə görə tutduğu postdan uzaqlaşdırıldı.
Azərbaycan prezidenti İlham Əliyev bu cür neqativ hallar baş verdikcə məmurları xəbərdar etdi, onların özlərini, ailə üzvlərini xalqa qarşı diqqətli, sayğılı olmağa çağırdı.
Baş nazirin müavini, “Qaçqınkom”un sədri, Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də "Gelandewagen" ilə 2 nəfərin ölümü, 2 nəfərin yaralanmasına səbəb olan ağır qəza törətdi.
Əli Həsənov isə nəvəsi barədə “hüququ ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün” deməklə özünün haqlı olduğunu vurğulamağa çalışdı.
Amma bu çıxış da Nail Allahverdiyevi həbsdən xilas edə bilmədi - məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Bu hadisələrdən məmurlar hansı dərs alacaqlar?
Hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı Modern.az-a danışarkən ölkə başçısının məsələ ilə bağlı mütəmadi çıxışlarını xatırladıb:
“Azərbaycan prezidenti cənab İlham Əliyev müxtəlif iclaslarda, müşavirələrdə məmurları, ailə üzvlərini nəzakətli, qanunlara tabe olmağa, xalqa xidmət etməyə çağırıb. Vəzifəsindən, xidmətlərindən asılı olmayaraq hər kəs özünün, ailəsinin etdiyi özbaşınalığa görə cavab verməlidir. Yəni heç kəsin ailə üzvünə o hüquq verilmir ki, o kiminsə övladı, oğlu olduğuna görə qanuna zidd hərəkətlər, harınlıq eləsin.
Bundan əvvəl məmurların ailəsində baş verən hadisələr zamanı məmurun özü, yaxud vəzifədə olan qohumlarına güvənərək qanunazidd hərəkətlər edərkən, etik davranış qaydalarını pozarkən, buna görə məsuliyyətə cəlb edildiklərini görmüşük. Ötən ay general oğlu tərbiyəsizliyə, xuliqanlığa yol verdiyi üçün məsuliyyətə cəlb olundu, atası vəzifədən uzaqlaşdırıldı. Hüquq-mühafizə orqanları cənab prezidentin tapşırığını əsas götürərək lazımi tədbirlər həyata keçirib və keçirməkdə də davam edirlər. Təsadüfi deyil ki, iki gün əvvəl baş verən hadisəyə görə də araşdırmalar aparılaraq hüquqi qiymət verildi.
Hər nə qədər gizlədilməyə çalışılsa da, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq sükan arxasında məhz vəzifəli şəxsin nəvəsinin əyləşdiyini təsdiqlədi. Qanuna görə hər kəs kimliyindən, vəzifəsindən, kimin qohumu olmasından asılı olmayaraq cavabdehlik daşıyır. Bu baxımdan hazırda Nail Allahverdiyev barəsində həbs qətiimkan tədibir seçilib. Digər avtomobilin sürücüsü isə 30 gün müddətinə inzibati məsuliyyətə cəlb olunub. Hesab edirəm ki, bunların hər ikisi qanunamüvafiqdir və istintaq hərəkətləri nəticəsində tam olaraq təqsirlilik səviyyəsi müəyyən ediləcək”.
Hüquqşünas həyata keçirilən tədbirlərin bütün məmurlara bir mesaj olduğunu vurğulayıb:
“Qoy bütün məmurlar, övladları, yaxın çevrələri qanundan kənar hərəkət etdikdə bu nüansları nəzərə alsınlar. Çünki onlar özbaşınalıqlar zamanı öz vəzifəli qohumlarına, əmilərinə, dayılarına, babalarına güvənirlər. Bu mesaj və mesaja uyğun olaraq hərəkətlərin davamlı, dayanıqlı aparılmasının göstəricisidir”.
Ə.Nuriyev bildirib ki, məsələnin etik tərəfləri ilə yanaşı, fərdi məsuliyyəti də var:
“Edilən əməllə həmin vəzifəli şəxsin özünün nə dərəcədə əlaqəli olması aydınlaşdırılmalıdır. Bir qayda olaraq vətəndaş açıq-aşkar cəmiyyətə qarşı hörmətsizlik edibsə, etik qaydalara uyğun olaraq vəzifəli şəxs özü müvafiq addımlar atmalıdır. Bunun üçün vəzifədən kənarlaşdırılmadan daha çox şəxsin bu proseslə bağlı rəhbər tutduğu etik davranış qaydaları əsas götürülür. Ona görə də Əli Həsənovun vəzifədən kənarlaşdırılacağı ilə bağlı konkret fikir bildirə bilmərəm. Bu, cənab prezidentin səlahiyyətində olan məsələdir”.