Azyaşlıları zorlayan pedofillər axtalansın..? -- Cəmiyyətin təklifi, hüquqşünasın rəyi...
Günahsız körpələr iyrənc hislərin yükü altında...
Yenixeber.org: Son 10 gündə Azərbaycan cəmiyyəti azyaşlıların zorlanması, pedofil-manyakların yaxalanması xəbəri ilə silkələnir. Öncə Xırdalan şəhərində azyaşlı uşaqlara qarşı cinsi zorakılıqlar edən şəxs tutuldu. Ardınca xalq şairi Söhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli Xətai rayonunda baş verən bir vəhşiliyi ictimailəşdirdi.
Onun şahidi olduğu hadisə iyulun 21-də 20:00 radələrində Xətai rayonu Mehmandarov küçəsində baş verib. O qeyd edib ki, hadisə günü avtomobilini təmir etdirmək üçün həmin əraziyə yollanıb. Bu zaman usta ona arxa tərəfdən səs gəldiyini deyib.
“Arxa tərəfə keçəndə baxdım ki, bir kişi şalvarını aşağı çəkib. Həmin vaxt sübutum olsun deyə telefonun kamerasını işə saldım. Həmin adam məni görən kimi qaçmağa başladı. Gördüm ki, balaca bir uşaq da ayağa durdu. Məni görən kimi ağlamağa başladı.Qaçan adamı təqib etməyə başladım. Xeyli qaçandan sonra aradan çıxdı. Uşaq da ağlaya-ağlaya arxamca qaçırdı. Adamı tuta bilmədim.”
Tahir Tahirli deyib ki, uşağın anası Bakıda yerləşən restoranların birində qabyuyan işləyir. Uşağı qoymağa yer olmadığı üçün hər gün özüylə işə gətirdiyini bildirib.
Sabirabad rayon sakini 45 yaşlı Rauf adlı şəxs hadisədə şübhəli şəxs qismində saxlanılıb.
Daha bir qandonduran olay bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda baş verib. Yayılan məlumata görə, 4 gün əvvəl əsgərlikdən-“KİŞİLİK MƏKTƏBİ”ndən qayıdan Ələsgər Məmmədov toyda spirtli içki qəbul etdikdən sonra azyaşlı qızı aldadaraq, kənara aparıb və zorlayıb. Gəncin yerli sakinlər tərəfindən əlləri, ayaqları yandırılaraq cəzalandırıldığı bildirilir. Hadisədən sonra əməliyyata alınan uşağın öldüyü, hadisənin şokundan atasının dilinin tutulduğu qeyd olunur.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin bölmə rəisi, polis polkovnik-leytenantı İlham Babayev bildirib ki, fakt iyulun 30-da qeydə alınıb:
“1994-cü il təvəllüdlü Ələsgər Məmmədov 2013-cü il təvəllüdlü qızı zorlayıb. Faktla bağlı Culfa Rayon Prokurorluğunda cinayət işi başlanılıb və istintaq davam etdirilir”.
Geniş ictimaiyyət tərəfindən böyük narazılıq və hiddətlə qarşılanan hər üç olaydan sonra qanuna dəyişiklik edilməsi barədə təkliflər səsləndirilir. Kimisi cinayətkarın ömürlük azadlıqdan məhrum edilməsini, kimisi edam olunmasını, kimisi axtalanmasını təklif edir. ..
“Qanunvericilikdə ciddi sanksiyalar nəzərdə tutulub”
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a deyib ki, qanunvericilikdə bu cür cinayətlərə qarşı sərt sanksiyalar nəzərdə tutulur:
“Bu cür şəxslərin qanunla cəzalandırılmasından başqa, qeyri-qanuni olaraq cəzaçəkmə müəssisəsində digər məhkumlar tərəfindən cəzalandırılması halları da var. Heç kim onunla əlaqə saxlamır, ünsiyyətdə olmur, bir masa arxasında oturmur. Konkret bu tip hadisələrin ardıcıllıqla baş verməsi narahatlıq yaradır və düşünməyə əsas verir. İnsanların mənəviyyatları düzəlməli olduğu halda, mənəviyyatsız insanların varlığı və çoxluğu hamımızı narahat edir”.
“Hər zorlamada qanunu dəyişə bilmərik”
Ç.Qənizadə qeyd edir ki, hər belə hadisə baş verdikcə, qanunu dəyişmək olmaz:
“Qanunda və qanunvericilikdə onlara qarşı olduqca sərt sanksiyalar var. Əgər bir, iki, üç hadisəyə görə qanunları dəyişsək, onda gərək qanunları mütəmadi dəyişək. Bu cür əməllər hüquq-mühafizə orqanları tərəfindən dərhal, qanunauyğun şəkildə müvafiq maddələrə tövsif edilir. Məhkəmələrdə minimum və maksimum cəza anlayışı var. Bu cür insanlara qarşı cəzanın maksimum həddi tətbiq edilməlidir. Hər hansı güzəşt, yüngülləşdirici hallar nəzərə alına bilməz. Bu yaxınlarda Biləcəridə hadisə olmuşdu. Hadisəni törədən şəxs vaxtından əvvəl azad olunan biri idi. Gələcəkdə qanunda humanizm baxımından vaxtından əvvəl azad etmə ilə bağlı məsələlərin tətbiqini dayandırmalıyıq ki, onlar tam, axıra qədər cəzalarını çəkib düşünsünlər”.
“Əlavə cəzaya ehtiyac yoxdur”
Deputat azyaşlılara qarşı zorlama maddəsi ilə ittiham olunan şəxslərə əlavə cəza tətbiq edilməsilə razı deyil:
“Bu, düzgün deyil. Biz demokratik dəyərlərə söykənən dövlətik, qanunda nə nəzərdə tutulubsa, o da olmalıdır. Yoxsa, hər kəsin ayrıca fikrinin öyrənilməsi, təqsirləndirilən şəxsin axtalanması, ona iynə vurulması, ömürlük həbs cəzasına məhkum edilməsi və s. doğru deyil. Qanun nə deyirsə, biz onu etməliyik”.
“SOS siqnalı çalıram”
Sosioloq Əhməd Qəşəmoğlu isə Modern.az-a son iki hadisə ilə bağlı SOS siqnalı çaldığını bildirir:
“Biz səbəbləri dolayısı ilə axtarmamalıyıq. Səbəb olduqca konkretdir. Bir cəmiyyətdə ki, get-gedə maddi dəyərlər hegemon rol oynayır, mənəvi dəyərləri təzyiq altında saxlayır, o cəmiyyətdə eybəcər hadisələrin günbəgün üzə çıxması qaçılmazdır. Bu, heç kimin iradəsindən asılı deyil, bu, cəmiyyətin qanunudur. Cəmiyyətin qanunu olduğuna görə də min illərdir ki, bütün müdrik insanlar, peyğəmbərlər, dini kitablarda bizi mənəvi dəyərlərə üstünlük verilməsinə çağırıblar. Çünki mənəvi dəyərlərə üstünlük veriləndə cəmiyyət öz-özünü tənzimləyir, özündə mütərəqqi hallar yaradır, gərginliyi aradan çıxardır. Əksinə olanda, mənəvi dəyərlərə etinasızlıq çoxalanda, maddi dəyərlər aparıcı rol oynayanda cəmiyyətdə gərginlik artır və iyrənc hallar qeydə alınır. Mən on ildir ki, həyəcan təbili çalıram. Təcili fəaliyyət proqramı hazırlanmalı və həyata keçirilməlidir. Yoxsa bir ziyalının, bir məmurun söz deməsi, fikir bildirməsi ilə problemlərimiz azalmayacaq. Cəmiyyət günü-gündən mürəkkəbləşir, qloballaşır. Ona görə də elmi təminata böyük ehtiyac yaranır. Kimsə dünyanın hər yerində bu cür halların qeydə alınmasını əsas gətirərək fikir irəli sürürsə, yanılır. Məcburam sosioloq olduğumu vurğulayaraq deyəm ki, mənim bütün fəaliyyətim bu sahəylə bağlıdır. On milyona qədər vətəndaşımız var. On milyonun bir neçə milyonu kənardadır, bir neçə milyonu da uşaqlar və qocalardır. Az bir qisim aktiv insanlardır. Nə var ki, yerdə qalan bir neçə milyonu qəlibə salmağa, mənəvi dəyərlərini dəyişməyə, istiqamət verməyə? Sadəcə olaraq bu işi görmək və mütəxəssisləri cəlb eləmək lazımdır”.
“Maddiyyat mənəviyyatımız üzərində hegemonluq edir”
Ə.Qəşəmoğlu Culfada iyrənc əməli törədən şəxslə bağlı da fikirlərini bölüşüb:
“Mən iki il əvvəl hərbi hissədə mühazirə oxumuşam. Mən onlarla söhbət zamanı dəhşətə gəldim. Məlum oldu ki, hərbçilərimiz mənəvi cəhətdən də problemlidir. Onlar bu mənəvi problemlərdən dolayı lazımı işlər görə bilmirlər. Bu təkcə ordu ilə bağlı deyil. Burada dəyərlər məsələsi böyük rol oynayır. Mənəvi problemlərin artması orduda da, təhsildə də, səhiyyədə də özünü göstərir. Ona görə də təcili SOS siqnalı çalmalıyıq. Çünki bu eybəcərliklər ilbəil daha da artacaq. Biz daha iyrənc, ağıl almaz halların şahidi olacağıq. Sonuncu hallarla bağlı aidiyyatı orqanlardan reaksiya gəlməsə, bizi daha fəlakətli hallarla qarşı-qarşıya qalacağıq”.