Bakıda fəhlənin uçquna düşdüyü yerdə nə baş verib?– VİDEO
Bakıda Zığ yolu yaxınlığında torpaq sürüşməsi nəticəsində fəhlənin torpaq altında qalması ilə nəticələnən ərazidə qrunt sularının axıdılması üçün drenaj xətləri çəkilir
Yenixeber.org: Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən qazıntı işləri 43 saylı binanın arxa hissəsində aparılır. Bu bina neftçilər üçün tikilib və hazırda yaşayanların əksəriyyəti bu sahədə işləyən adamlardır. Bina 2002-ci ildə əsaslı təmir edilərək istifadəyə verilib. Bir müddət öncə nazirlik həmin binada 4 blokun təhlükəli vəziyyətdə olması ilə bağlı rəy verib. 8 bloklu binada 90 mənzil var. Binanın 4,5,6 və 7-ci bloklarında yaşayan sakinlər 2017-ci ilin yanvar ayında köçürülüb. Onlara hər ay kirayə pulu da verilir.
Nazirlik tərəfindən həmin bloklarda möhkəmləndirmə üçün beton töküb və digər təmir işləri aparıb. Artıq 7 və 8-ci blokların sökülməsi plana salınıb. Çünki təmir bərpa işləri binanı yararlı vəziyyətə qaytara bilməyib. Altıncı blokda isə binanın zirzəmisinə qrunt suları yığılıb. Bu da sürüşməni aktivləşdirib. Artıq bütün bloklarda çatlar əmələ gəlib.
Uzun müddətdir FHN işçiləri zirzəmiyə nasos qoyaraq suyu binanın həyətinə vuraraq boşaldır. Təxminən 1 ay öncə isə bu qrunt sularının axıdılması üçün kollektor quraşdırılması qərarı verilib. Nazirlik tərəfindən təmir və qazıntı işləri podratçı şirkətə tapşırılıb.
Sakinlər bildirirlər ki, kollektor çəkilməsi üçün qazılan çuxur binanın özülündən daha dərin olub. Kollektor boruları təxminən 6 metr dərinlikdən keçir. Maraqlısı budur ki, binanın arxasında yerləşən həyət evlərinin sürüşməsinin qarşısını almaq üçün 2 il əvvəl beton istehkam divarları quraşdırılıb. Bu divarlar da yerə 6 metr dərinlikdə basdırılıb. Uçqun da bu divarla bina arasında baş verib.
Dünən orada qazıntı aparan fəhlələrdən biri, Əmirəhməd Bağırzadə də saat 17 radələrində 6 metrlik dərinlikdə boruları birləşdirərkən uçqun baş verib. Sinəyə kimi torpaq altında qalan fəhlənin köməyinə gələn bina sakini və polis əməkdaşı da torpaqda batıb. Onlar ətrafdakı insanların köməkliyi ilə çıxarılıb. Ardınca ikinci uçqun da baş verib, bununla da Əmirəhməd tamamilə torpaq altında qalıb. Daha sonra hadisə yerinə FHN əməkdaşları gəlib, fəhləni çıxarmağa çalışan iki əməkdaş da həyatını riskə atıb və onlar dizə qədər torpağın altında qalıblar. Daha sonra əraziyə texnika cəlb edilib və ekskovatorun köməkliyi ilə uçqun olan çuxurdan torpaq götürülərək binanın qarşısına tökülüb. Hadisə zamanı ərazidəki işlərə nəzarət edən briqadir Vahid adlı şəxs də xəsarət alıb. Axşam saat 22 radələrində fəhlə torpaq altınan çıxarılıb, 5 saatlıq ölüm təhlükəsindən sonra Sabunçu rayon xəstəxanasına yerləşdirilib, hazırda həyati təhlükəsi yoxdur.
Sakinlər bildiriblər ki, təxminən 2 il öncə bu gün hadisə baş verən binanın yaxınlığında yerləşən başqa bir bina da qəzalı vəziyyətdə olub. Həmin vaxt sakinlər köçürülüb, bina əsaslı təmir edildikdən sonra vətəndaşlar öz evlərinə qaytarılıb. Lakin 6 aydan sonra binanın uçma təhlükəsinin aradan qalxmadığını görən rəsmilər həmin vətəndaşlar üçün yeni bina inşa edib və sakinlər yeni binaya köçürülüb. Qəzalı olan bina isə sökülüb. Bu bina ilə bağlı isə hansı qərarın veriləcəyi FHN-in rəyindən sonra bəlli olacaq. Hazırda isə təmir və qazıntı işləri dayandırılıb.