"Deputat niyə bu qədər nüfuzsuz hala gətirilməlidir?" -Tahir Kərimli
Yenixeber.org: “Mənim deputatların inzibati məsuliyyətə cəlb olunmaması ilə bağlı açıqlamam müəyyən qurumlar tərəfindən və sosial şəbəkələrdə düzgün qarşılanmadı. Bir qrup insan elə başa düşdü ki, guya, deputatlar özlərinə imtiyazlar tələb edirlər. Əksinə, mən nəinki imtiyazlar tələb etmək, mövcud imtiyazların ləğvinin tərəfdarıyam. Milli Məclisdə bu cür imtiyazların ləğv olunmasını, lazım gələrsə, deputat toxunulmazlığının aradan qaldırılması təklifini də irəli sürmüşəm. Buna görə də bəzən deputat yoldaşlarım məni qınayırlar”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
T.Kərimli bildirib ki, əgər mövcud Konstitusiyada deputat toxunulmazlığı haqqında müddəalar varsa, bunu icra etmək lazımdır.
“Əgər qanun pisdisə, onu dəyişmək lazımdır. Amma mövcuddursa, ona riayət etmək lazımdır. Hətta bəziləri deyir ki, deputat inzibati məsuliyyətə cəlb edilə bilər. Birbaşa Konstitusiyada, “Deputatın statusu haqqında” qanunda göstərilib ki, deputat məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb oluna bilməz. Deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir. Bu qanundur. Deputatın inzibati məsuliyyətə cəlb olunması qanunaziddir. Tutaq ki, yol polisi deputatı cərimə etdi. Deputat da həmin cəriməni ödəmədi və sən onu məhkəməyə verdin. Məhkəmə axı deputatdan inzibati məsuliyyəti tələb edə bilməz. Konstitusiya bunu qadağan edir. Mən yol polislərinə pis münasibət bəsləmirəm. Bu yaxınlarda Yaponiya səfiri ilə bir açılış üçün Ağsu rayonunda olduq. Mən orada Ağsu polislərinin peşəkarlıq səviyyəsini gördüm.
Vaxtilə Cəbrayıl rayonundakı Şaqax yüksəkliyində ermənilərin atdığı güllənin milis nəfərinin qulağına dəyməsi mənim ürəyimi bu gün də göynədir. Yəni mən düşmən deyiləm. Mən vəzifəsini insafla və vicdanla yerinə yetirən polislərimizi sevirəm” .
T.Kərimli deyib ki, mətbuatda kimlərsə bəyanat veriblər ki, deputatı cərimə edənə mükafat veriləcək.
“Mən bu insanlara məəttəl qalıram. Yüz min məmura bir söz deyə bilmirlər, 100 deputatdan nə istəyirlər? Bunlar bizdən nə istəyirlər? Əgər bir deputat özünə hörmət edə bilmirsə, qanunda göstərilən hallarla özünü müdafiə edə bilmirsə, xalqı necə müdafiə edə bilər? Mən 20-25 il əvvəl də deputat olmuşam. Biz parlamentdə dövlətimizin taleyini həll etmişik. Müstəqil dövlətə çevirmişik. İndi deputat niyə bu qədər nüfuzsuz hala gətirilməlidir? Mən həmişə demişəm ki, istefa verib gedərəm, amma bir gün hörmətsiz deputat olmaram. Ona görə də deputatın statusu təmin olumalıdır, nüfuzuna xələl gətirilməməlidir. Yol polisi deputatı qanunsuz olaraq saxlayıb incidir. Amma Ali hakimiyyətin nümayəndələri olmayan məmurların qayğılarına qalırlar. Dəfələrlə görmüşəm ki, “çest” verib yola salırlar, bir kəlmə söz demirlər. Mən deputata göstərilən hörmətsizliklərin qəti əleyhinəyəm. Polis xaqımızın bir hissəsidir. Amma başa düşmək lazımdır ki, millət vəkilinə hörmətsizlik millətin özünə hörmətsizlikdir. Dövlətimizi nüfuzdan salmaqdır. Deputat əlbəttə ki qaydanı pozmamalıdır, nümunəvi olmalıdır. Amma qaydanı pozubsa, müvaffiq orqanlar Milli Məclisin rəhbərliyinə müraciət etməlidir. Milli Məclis isə deputatın məsələsinə İntizam Komissiyasında baxmalıdır və ciddi qərar verməlidir. Mən dəfələrlə sürücümə də, oğluma da demişəm ki, qaydaları pozmayın. Yol polislərinə, ümumiyyətlə polislərimizə hörmət edin. Çünki həmin polislər bizim dövlətimizin gerbini daşıyır. Hesab edirəm ki, millətimizin və dövlətimizin nüfuzu üçün millət vəkillərinə ehtiram lazımdır”.