Hacıbala Abutalıbovun daha bir səlahiyyəti əlindən alındı -Etimad limiti bitib
Bakının “ərəb saçı” çözülür...; Prezidentin Dövlət Reklam Agentliyi yaradılması haqqında fərmanı ilə Bakı meriyası milyonların dövr etdiyi reklam bazarına nəzarəti itirmiş oldu; oliqarxiyanın hakimiyyətdən səlahiyyətsizləşdirilərək uzaqlaşdırılması prosesində növbə merə çatıb...
Yenixeber.org: Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov daha bir gəlirli sahəyə nəzarəti itirib. Məlum olduğu kimi, iyunun 20-də prezident İlham Əliyev Dövlət Reklam Agentliyi yaradılması haqqında fərman imzalayıb. Fərmanda deyilir ki, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Prezident Administrasiyası publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini 15 gün müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi “Reklam haqqında” Qanunla müəyyən edilmiş qaydada davam etdiriləcək.
Prezidentin sərəncamı ilə Aydın İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin olunub.
İllərdir ki, BŞİH-in strukturunda Reklam və İnformasiya İdarəsi adlı bir qurum fəaliyyət göstərir. Reklam və İnformasiya İdarəsi qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir, şəhər ərazisində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcıları ilə müqavilələr bağlayır, küçə reklam daşıyıcılarının uçotunu aparır, dövlət və qeyri-dövlət, bayram, işgüzar, idman və digər tədbirlərin təşkilində iştirak edir, idarənin maliyyə-təsərrüfat fəaliyyəti və görülən işlərin tərkibi, kəmiyyəti, keyfiyyəti barədə statistik hesabatlar hazırlayır, təhlil edir, təkliflər verir. Bu quru statistik məlumatların arxasında isə gerçək olan hər ay milyonlar qazanılan reklam bazarı idi ki, BŞİH illərdir bu gəlirli sahənin şəriksiz sahibi hesab olunurdu.
Bəzi məlumatlara görə, ölkədə reklam bazarının illik dövriyyəsi 100-150 milyon manata yaxındır. Bu məbləğin yarıdan çoxu isə məhz çoxlarının adi lövhə kimi gördüyü Bakının küçə reklamının - billboardların payına düşür. Bəzi mənbələr iddia edir ki, Abutalıbovun rəhbərlik etdiyi meriya bu reklam biznesindən rəsmi olaraq illik 50 milyon manatdan çox gəlir əldə edir. Mediada illərdir Abutalıbovun tənqid hədəfinə çevrilməsinin əsas səbəblərindən biri də bu gəlirli sahəyə nəzarət, daha doğrusu, nəzarətsizlik idi. İddialar var ki, mer və onun yaxın adamları böyük bir meqapolisə çevrilmiş Bakının reklam bazarında illərdir şəriksiz səlahiyyət sahibi olmaqla yanaşı, qurumun hesabına yığılan gəlirləri də büdcədən yayındıra biliblər.
İnternet resurslarında Hesablama Palatasının illik hesabatlarında meriyanın reklam işlərində “əskiklər”(əlbəttə ki, cüzi məbləğ göstərilməklə) üzə çıxarması barədə məlumatlar var. Amma bu, sadəcə, reklam adlı biznesdən gələn gəlirin miqyası baxımından “dənizdə bir damladır”. Təsadüfi deyil ki, BŞİH reklam bazarından olan gəlirlərini ictimaiyyət üçün heç vaxt açıqlamayıb. Böyük ehtimalla bu pullar neft gəlirlərinin ölkəyə axdığı vaxtda korrupsiya “yemi”nə çevrilib. İndi isə hökumət hər bir manatın hesabatını aparmaqda maraqlıdır və bu proses təkcə BŞİH rəhbərliyi üçün deyil, digər dövlət strukturları rəhbərləri üçün də yaxşı gələcək vəd etmir.
Yada salaq ki, xeyli müddətdir ki, Abutalıbov da sabiq nəqliyyat naziri Ziya Məmmədov nümunəsində olduğu kimi, nəzarət sahələrini itirməkdədir. Əvvəl nəqliyyat və yolların təmir-tikintisindən uzaqlaşdırılan mer bir müddət əvvəl parkinqlərə nəzarəti də itirdi. Bununla da Abutalıbov bir çox ciddi gəlir qaynaqlarından faktiki məhrum edilib. Ekspertlərdən biri “Yeni Müsavat”a deyib ki, Abutalıbov Bakıdakı pul axın xətlərini elə qarışdırıb ki, onları ancaq bu cür açmaq olar. Yəni hazırda Bakının icra başçısının əlindən alınan sahələr onun “ərəb saçı”na döndərdiyi biznes sahələrinin sağlamlaşdırılması sürəcidir.
Merin işdən uzaqlaşdırılacağı barədə çoxsaylı xəbərlər, iddialar hər zaman olub və indiyədək də var. Çünki bu adam məmur kimi də, insan kimi də heç də normal biri deyil. Bakı kimi bir mühüm şəhərə kimsə belə bir simanı yaraşdırmır və buna görə də media dəfələrlə H. Abutalıbovu “işdən çıxardıb”. Amma görünən budur ki, arzulananlar gerçək olur: BŞİH rəhbəri də oliqarxiyanın hakimiyyətdən səlahiyyətsizləşdirilərək uzaqlaşdırılması prosesindən gec-tez yaxa qurtara bilməyəcək. Məlumatlar var ki, Prezident Administrasiyasına və dövlət başçısına ən çox narazılıq edilən qurumlardan biri də BŞİH barədədir. Bu da iqtidarla Abutalıbovun yolayrıcı kimi izah edilir.
Aydındır ki, reklam biznesinin bir dövlət agentliyində cəmləşməsi ilə hökumət illərdir ciddi nəzarətdən yayınmış milyonları yenidən büdcəyə yönləndirməyə nail olacaq. Bu kimi qərarlar isə BŞİH rəhbərinin hakimiyyətdə etimad limitinin itirməsini sübut edir. Bu proses heç də uzun çəkmir...
“YM”