"Ailə üzvlərinin adına paketlər götürürdülər, sanki şirkət bunların idi" -"MTN işi"
Zərərçəkmişlər MTN zabitləri ilə üz-üzə gəliblər. Onların törətdikləri cinayət əməllərini məhkəmədə danışıblar.
Yenixeber.org: Musavat.com xəbər verir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində siqaret alveri ilə məşğul olan Zaur Əzimov ifadə verib.
O, bildirib ki, Amil Yusifov ilə birlikdə siqaret məhsullarının satışı ilə məşğul olublar. 2015-ci ilin təxminən yanvar-fevral aylarında ləğv edilmiş MTN-in Binəqədi rayon idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar: "Bizə məxsus 100 qutu siqaret MTN-nin Binəqədi rayon idarəsinin həyətinə aparıldı. “Range Rover” markalı maşınım da əlimdən alındı. Mən də həmin idarəyə dəvət olunaraq sorğu-sual olundum. Amil Yusifovun da həmin problemi tanışı vasitəsi ilə MTN-nin Binəqədi rayon idarəsində həll edildi”.
Zaur Əzimov qeyd edib ki, həbs edilməməsi üçün ondan külli miqdarda pul tələb olunub və MTN əməkdaşları tərəfindən telefonu qanunsuz olaraq dinlənilib.
Təqsirləndirilən general Elçin Quliyev zərərçəkmişin ifadəsinə münasibət bildirib və yalan danışdığını deyib. O, Zaur Əzimovu siqaret qaçaqmalçılığında ittiham edib: "Buna görə də idarə tərəfindən əməliyyat keçirilib, telefonlarınız dinlənilib, barənizdə tədbir görülüb”.
Zaur Əzimov isə generalı sual verib ki, əgər onlar qaçaqmalçılıqla məşğul olub, cinayət törədiblərsə, niyə həbs edilməyiblər: "Pulumuzu alıb, bizi sərbəst buraxırdız. Məqsəd bizdən pul almaq olub”.
Zaur Əzimov ondan hədə-qorxu yolu ilə 120 min manat alındığını deyib. Prosesin davamında zərərçəkmiş "Elite Travel” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru Xalıq Sadıxov ifadə verib.
O, bildirib ki, MTN əməkdaşları tərəfindən ilk dəfə 2010-cu ildə saxlanılıb: “Məni MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməliyəm. Məni saxta viza verməkdə ittiham etdilər. Sonra şirkətin lisenziyasının ləğv ediməsi ilə hədələdilər və hər ay aylıq verməyimi tələb etdilər”.
Onun sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb: “Ayaz Garayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən öz adlarına, ailə üzvlərinin adına paketlər götürürdülər. Sanki şirkət bunların idi”.
Məhkəmədə bu epizod üzrə şahidlər ifadə verib. Onlar “Elite Travel”in işçiləri olub. Şahidlər ifadələrində MTN tərəfindən Xaliq Sadıxova təzyiqlər edildiyini təsdiqləyiblər.
Məhkəmənin növbəti iclası iyunun 23-nə təyin edilib.