İş adamına arvadından şok ittihamlar
Şəlalə Qəhrəmanova: “Evlənəndən bir həftə sonra uşağının olduğunu öyrəndim”; Biznesmen: “Sizə nə dəxli var?”
Yenixeber.org: İş adamı kimi tanınan Qəhrəmanov İsa Paşa oğlunun həyat yoldaşı Qəhrəmanova Şəlalə Cəfərqulu qızı “Yeni Müsavat”a müraciət edərək, ərinin barəsində şok faktlar açıqlayıb. 24 ildir biznesmenlə ailəli olan üç uşaq anası bu müddət ərzində ərinin ona ağır işgəncələr verdiyini, dəfələrlə onu intihar etmək həddinə çatdırdığını, öz övladlarının maddi ehtiyaclarını ödəməyəcəyi ilə bağlı ona hədə-qorxular gəldiyini bildirib.
Hazırda Xətai rayonu, Sabit Orucov küçəsi, məhəllə 1184, ev 23, mənzil 16-da yaşayan şikayətçi xanım dəfələrlə ərindən ayrılmaq istəsə də, birgə nikah dövrlərində əldə olunan, dəyəri 5 milyona yaxın mülkiyyətin bölünməməsi üçün İ.Qəhrəmanovun bundan imtina etdiyini bildirib. Sonradan mülkiyyətini bacısı və qardaşının adına keçirən ərinin indi ona boşanma davası açdığını söyləyib. Şikayətçi ailə həyatı qurduğu ilk vaxtlardan ərinin müxtəlif qadınlarla ona xəyanət etdiyini, hətta evləndikdən bir həftə sonra onun uşağının olması barədə xəbər tutduğunu, hazırda isə iş adamının Ukraynadan olan bir xanımla yaşadığını bildirib.
Nikah dövründə qazandıqları mülkiyyətlərin ümumi siyahısını “Yeni Müsavat”a təqdim edən şikayətçi müdhiş iddialar səsləndirdi: “İsa ilə 1993-cü ildə ailə həyatı qurduq, üç övladımız var. Bu illər ərzində ailəmizdə daim narazılıqlar olub. Dəfələrlə boşanma həddinə çatmışıq, aylarla Sabirabadda ata evimdə qalmışam. Sonra təzədən məni ərimin evinə gətiriblər. İsaya ilk dəfə boşanma davasını 2010-cu ildə açdım, amma sonradan ləğv olundu. Səbəb də onların barışığa gəlməsi və mənim ərizəmdən imtina etməyim oldu. 2012-ci ilin mayında təzədən məhkəməyə müraciət etdim. O zaman məhkəmə prosesləri oldu, amma qarşı tərəfdən prosesə gələn olmadı. O müddətdə qarşı tərəf mənə mülkiyyət davası açdı. Səbəb kimi də, guya illərlə yaşadığım mülk başqa şəxsin imiş, biz orada yaşamışıq. Təsəvvür edin ki, məhkəməyə müraciət edən şəxsin biri İsanın qardaşı Qəhrəmanov Ehtiram idi. Digər şəxslər də Saleh və Elxan adamlar idilər. Ehtiram biznesmen olsa da, digər iki şəxs faktiki kasıb idilər, köhnə evlərdə yaşayırdılar. Necə olur ki, bir milyonluq villada mən yaşayıram, amma belə mülkü olan Saleh və Elxan ikiotaqlı evlərdə yaşayırlar? Sonunda udan tərəf təbii ki mən oldum. Ondan sonra da yenə atama müraciət etdilər, barışıq üçün. Yenə də atamın sözündən çıxa bilmədim, müvəqqəti olaraq, ərizəni dayandırdım. Bu hadisələrdən keçirdiyim əsəb sarsıntısına görə dəfələrlə müalicə almışam. Bundan istifadə edib, neçə dəfə İsanın əli ilə adıma dəlilik kağızı almaq istədilər. Heç bir mülkiyyətin üstündə hüququmun olmaması üçün belə edirdilər. Bir dəfə məni otağa salıb, bayıra çıxmağa qoymurdular. Onda bildim ki, həkim çağırıb adıma dəlilik kağızı almaq istəyirlər. Bacıma xəbər verdim, o da atamla danışdı. Atamın gəlişindən sonra məni rayona apardılar. Yenə əvvəlki kimi, bir müddətdən sonra gəlib, çoxlu xahişdən sonra atamın razılığını alıb, Bakıya gətirdilər. 2012-ci ildən sonra isə İsa ilə ailə bağlarımız tamam qopdu. Formal olaraq, uşaqlarla birlikdə bir evdə yaşamışıq. O da uşaqların xatirinə. Bizim ailədə əsas narazılıqları ərimin bacısı və onun həyat yoldaşı Babaşov İsa yaradırdı. Açıq şəkildə ailə işlərimizə müdaxilə edirdilər. Həmişə deyirdim ki, bu ailə işləridir, sizlik nə var ki. Amma sanki İsadan tapşırıq alırdılar, bir kiçik narazılıq olan kimi də, dərhal evə gəlir, müdaxilələr edirdilər. Dəfələrlə ikimiz psixoloq yanına getmişik, bir dəfə DİN-in nəzdində olan xəstəxananın psixoloqu İsaya dedi ki, bu ailəni məhv edən sənsən. Səbəbsiz yerə dava salırsan. O, məni daim döyürdü. Uşaqlarla da normal davranmırdı. Mən onunla evlənəndən bir həftə sonra uşağının olduğunu öyrəndim. Oğlum anadan oldu, ondan bir ay sonra başqa bir qadından övladı dünyaya gəldi. Faktiki bu gün mənim evimdə 3 aydır Ukrayna vətəndaşı olan, 30-35 yaşlı bir qadınla yaşayır. İsa ildə iki-üç dəfə bir aylıq Ukraynaya gedir”.
Şikayətçi qadın hazırda ərinin biznes fəaliyyətini davam etdirdiyini bildirdi: “Mən onunla evlənəndə heç nəyi yox idi. Sonradan biznes fəaliyyətinə başladı və işini böyütdü. "Azerservis-1" adlı şirkət yaratdı. Ora kiçik müəssisə adı da verildi. 1995-ci ilin əvvəllərində Keşlədə həyət evi aldıq. 2000-ci ilə qədər orada yaşadıq. Həmin il Mərdəkandan bağ evi aldıq, onu da bacısı Babaşova Afətin adına aldı. Bir il orada yaşadıqdan sonra Keşlədə ev tikdirib yenidən ora qayıtdıq, həmin evi də qardaşının adına aldı, qardaşı da sonradan iddia qaldırıb evin ona məxsus olduğunu bildirdi. Sonda da evi ala bildi. 2005-ci ildə indi yaşadığım binadan ev alıb, ora köçdük. Yəni bunu sadalamaqda məqsədim odur ki, demək olar hər il ya bir ev, ya da obyekt alırdıq. İndi deyir ki, bunların heç biri mənim deyil, amma şahidliyimlə olub, qardaşının adına keçirsə də, ilk vaxtlar öz adına idi. Bu mülklərin heç birində gözüm yoxdur. Amma övladlarımız var, onların gələcəyini belə məhv etmək olmaz. Düşünün ki, övladlarımın adına bu dəqiqə heç nə yoxdur.
Bütün mülklər qardaşlarının və bacısının adınadır. Yəni illərlə çəkdiyimiz əziyyət boşuna gedir. İsagilin nəslində bir adət-ənənə var. Əgər gəlin boşanırsa, ona heç nə vermirlər. Uşağı belə qadının üstünə atırlar. Deyirlər, əgər uşaq böyüyəndə atanı istəsə, mütləq onu nə zamansa tapacaq. Təsəvvür edin ki, qızım Amerikada oxuyur, 10 gündür yanıma gəlib, uşağın sənədlərini atasından istədim, vermədi, məcbur qalıb itmiş adı ilə yeni sənədlər düzəltdirdim. Uşağın geyim əşyalarını belə vermədi. Azacıq hörmət etmirlər ki, qadın azından uşaqlarımın anasıdır. İsanın bir qardaşı arvadından boşansa da, aliment verirdi. Nəsil təzyiq edirdi ki, niyə ödəyirsən. Yəni bu qədər problemli ailədir. Ailəli olmasaq da, bir evdə yaşayırdıq və yenə də məni tez-tez döyürdü. Bu ilin fevralında məni bərk döydü, hətta üstümə Təcili Tibbi Yardım briqadası gəldi, qabırğam sınmışdı. Həmin vaxt intihar edirdim, evdəkilər mane oldu. İsa məni tez-tez övladlarımla sınağa çəkirdi.
Deyirdi ki, şikayət etsən, Amerikadakı qızımızı oxutmayacam, yəni pul verməyəcəm. Qızıma da demişdi ki, anan mənimlə boşansa, səni oxutmayacam. Çünki həmin vaxt mülklərə mən də iddiamı qoya bilirdim. Qızımın arzusu isə xaricdə oxumaq idi, övladımın xatirinə susurdum. Hər dəfə uşaqlarımı qarşıma qoydu. Oğlum da hüquq fakültəsində oxuyur, mənə deyirlər ki, şikayət edib, atasına cinayət işi açdırsan, oğlunun gələcəyini məhv edəcəksən. Həmin vaxt intihar etmək cəhdimlə bağlı İsaya cinayət işi açılırdı. Bax o zaman övladlarım vasitəsilə mənə mane ola bildilər. Bir də həmin vaxt hazırda bacımla yaşadığım evi mənə verdilər. Bax, bu səbəblərdən ərizəmi geri götürdüm. Ərizəmi sonuncu dəfə polisdən götürməmişdən əvvəl Ehtiram məni notariat kontoruna apardı. Qarşıma 14 sənəd qoydular, imzalamamı istədilər. Kimsə mənə orada hüquqlarımı başa salmadı ki, bunu imzalasan, bütün hüquqlarından məhrum olursan. Halbuki, bunlar onların hüququ idi, yəni notarius işçilərinin. Sonradan sənədləri onlardan alanda mənə deyirlər ki, niyə belə etdin. O zaman aldadıldığımı bildim. Sən demə, sənədlər mülklərdən ibarət imiş və orada yazılıb ki, bu mülklərin satılması və bağışlanmasına etirazım yoxdur.
İndiyə qədər heç bir orqanda olmamışam, evdar qadın olmuşam, hüquqlarımı da bilmirəm. Hüquqlarım başa salınsaydı, heç zaman etməzdim. Ən azından övladlarımın adına mülkləri keçirərdim. Amma bacısının və qardaşının adına mülkləri keçirmək üçün bu hiyləni işlətdi. İndi də hansı orqana müraciət edirəmsə, məndən sonra İsa həmin yerlərə gedib deyir ki, mənim heç nəyim yoxdur, qardaşımın yanında işləyirəm. Birgə nikah dövrümüzdə əldə etdiyimiz 13 mülkün heç biri o qardaşlara və bacıya aid ola bilməz. Bunun hamısı mən imza atandan sonra onların adına keçirilib. Niyə mən bundan öncə dəfələrlə boşanmaq istəyəndə İsa imtina edirdi, indi isə özü Xətai Rayon Məhkəməsinə müraciət edir? Çünki mülklərə artıq iddiam yoxdur. Boşanmanı isə sürətlə bitirmək istəyir. Bu ayın 5-nə məhkəmə təyin olunur, amma sonra məhkəmədən zəng edib deyirlər ki, proses iki gün əvvələ salınıb. Onsuz mən də ayrılmaq istəyirəm, sadəcə İsaya dedim ki, uşaqların sənədlərini və başqa əşyalarını mənə verməsən, növbəti prosesdə, yəni mayın 17-də boşanmayacam. O da dediklərimi etmədi, mən də boşanmadım, prosesin 3 ay uzanmasını istədim. Mülklərlə bağlı, dəyən mənəvi zərər, qol çəkdirdikləri sənədin ləğvi ilə bağlı Nizami Rayon Məhkəməsinə mayın 18-də müraciət etmişəm. Mənə hədə-qorxu gəlirlər ki, hara getsən, pulla da olsa, işi bağlayacağıq. Ona görə qəzetiniz vasitəsilə aidiyyatı orqanlardan kömək istəyirəm. Tək istəyim odur ki, işə ədalətli baxsınlar, araşdırma da aparsalar, əsl həqiqəti görəcəklər".
Barəsindəki ittihamlarla bağlı İ.Qəhrəmanova zəng etdik. İş adamı bəzi sərt ifadələr işlədərək telefonu üzümüzə qapatdı: “Nə etmək istəyirsiniz? Siz istintaq idarəsisiniz, ya məhkəmə?! Bunun sizə nə dəxli var?”