Fərhad Əliyev Bakıya qayıtdı:10 milyonluq zavod, böyük güzəştlər...
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı yeni xəbərlər var.
Yenixeber.org: Xatırladaq ki, F.Əliyev, prezident 2013-cü ilin payızında – Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdıqdan az sonra xaricə köçdüyü, Almaniyadan siyasi sığınacaq alıb Londona yerləşdiyi, qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilirdi. Ötən ilin sonlarında isə onun öz biznesini qardaş Türkiyəyə köçürdüyü və burada uzun illər əvvəldən münasibətləri olduğu, Türkiyənin hazırkı iqtidarının əsas fiquru olan Ərdoğanın himayəsinə sığındığı barədə məlumatlar yayıldı.
Sabiq nazirə yaxın olan etibarlı mənbədən Qaynarinfo.az-a daxil məlumata görə isə, Fərhad Əliyev heç də Azərbaycandakı biznesini tamamilə dayandırmayıb, əksinə yeni böyük layihələrdə iştirak edir.
Hətta hazırda Fərhad Əliyevin Bakıda olduğu və tikilməkdə olan yeni zavodla bağlı işlərin gedişatına nəzarət etdiyi bildirilir.
Söhbət Sumqayıt Kimya Sənaye Parkının ərazisində, 2,5 ha torpaq sahəsində tikilən “Alco Lubricant Company” şirkətindən gedir. Almaniya texnologiyası əsasında qurulan yeni zavodun ildə 30 min ton sürtkü yağı istehsal etməsi nəzərdə tutulur.
Rəsmi məlumatlara görə, zavodun investisiya dəyəri 10 milyon manatdır.
5 may 2016-cı il tarixində yaradılan şirkətə cəmi 45 gün sonra Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və investisiya təşviqi sənədi ilə təmin edilmişdir.
Bu sənədə görə, şirkət əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən əlli faiz azad olunub. Bundan əlavə şirkət xaricdən gətirəcəyi avadanlıq və istehsal təyinatlı texnologiyalara görə gömrük vergisindən də tam azad olunub.
Şirkətin qısa müddət sonra – bu ilin ikinci yarısında fəaliyyətə başlaması planlaşdırılır.
Qeyd edək ki, 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Hakimiyyt çevrilişinə cəhddə ittiham edilən sabiq nazir Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.