Fərhad və Rafiq Əliyev qardaşları haradadır?
Ötən il Qurban bayramı ərəfəsində dövlət başçısı İlham Əliyevin sərəncamı ilə sabiq iqtisadi inkişaf nazir Fərhad Əliyev və onun qardaşı, “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev əfv edilərək, azadlığa buraxılıblar.
"Xeberinfo.com": Bunun ardınca Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin həbsdən əvvəl sahib olduqları bəzi biznes obyektlərinin onlara geri qaytarılması ilə bağlı xəbərlər medianın gündəmini zəbt etmişdi. Yayılan məlumatlarda qeyd olunurdu ki, Rafiq Əliyevin “Azpetrol” şirkətində olan payı bərpa edilib.
Daha sonra qardaşların Azərbaycanı tərk etmələi haqda məlumatlar yayıldı. Hələ də onların harada olduğu dəqiq bilinmir.
AzVision.az R. Əliyevin harada olmasını öyrənmək məqsədi ilə “Azpetrol” şirkəti ilə əlaqə saxlayıb. Oradan isə bildiriblər ki, R. Əliyev həbsdən çıxandan sonra şirkətə bir dəfə də olsa gəlməyib:
“İlin əvvəlində səhmdarların iclasının keçirləcəyi ilə bağlı heç nə deyə bilmərik. Fərhad Əliyevin isə iclasda işirak edəcəyi ilə bağlı da heç nə bilmirik. R. Əliyev şirkətə gəlib-getmir. Biz onu heç vaxt görməmişik. Səhimləri ilə də bağlı heç nə bilmirik. Onun harada olması ilə bağlı bizdə məlumat yoxdur”.
Fərhad Əliyevin keçmiş vəkili Elton Quliyev isə Əliyev qardaşlarının harada olmasından xəbərsiz olduğunu deyib.
“Telefon nömrələrini bilmirəm. Həbsdən çıxandan sonra onlarla elə bir münasibətim olmayıb. Ona görə dəqiq deyə bilmərəm ki, haradadırlar”.
Sabiq nazirin qardaşı Ərşad Əliyev bir müddət əvvəl mətbuatda verdiyi açıqlamada F.Əliyevin Almaniyada olduğunu bildirmişdi. Qeyd etmişdi ki, F.Əliyev səhhətində problem olduğundan Berlində müalicə alır.
“Rafiq Əliyev də Fərhad Əlitevlə birlikdə Almaniyadadır. Amma səhhətində heç bir problem yoxdur. Fərhad Əliyev müalicə olunur, Rafiq də qardaşına qulluq edir”.
Yayılan digər məlumatlara görə, Fərhad Əliyev Almaniyada deyil, İlgiltərəyə köçərək orada ailəsi ilə birlikdə yaşayır.
Qeyd edək ki, sabiq nazirin oğlu Yusif Böyük Britaniyada təhsil alır. Fərhad Əliyevin həyat yoldaşı da Londonda oğlunun yanında yaşayır
Xatırladaq ki, 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Fərhad və Rafiq Əliyevlər sonradan iqtisadi cinayətlərdə də təqsirli bilinmişdilər. Məhkəmə əmlakları müsadirə olunmaqla Fərhad Əliyevi 10 il, Rafiq Əliyevi isə 9 il azadlıqdan məhrum etmişdi.