“Əli İnsanov qərardan çox narazıdır” -Vəkil
Sabiq nazir apelyasiya şikayəti verəcək; Mehman Hüseynov və İlqar Məmmədovdan xəbər var; Seymur Həzi ailəsi ilə danışıb
Yenixeber.org: Aprelin 26-da barəsində 7 il 5 gün həbs cəzası oxunan sabiq səhiyyə naziri Əli İnsanov Apelyasiya Məhkəməsinə müraciət edəcək. Hökmdən sonra bir dəfə onunla görüşən vəkili Toğrul Babayev mayın 3-də Ə.İnsanovla növbəti dəfə görüşəcək.
Sabiq nazirin son durumu ilə bağlı vəkil bunları dedi:“Hökmün surətini almışıq, apelyasiya şikayət hazırlayırıq. Apelyasiya Məhkəməsinə verəcəyimiz şikayət bu həftə təqdim olunacaq. Hökmdən sonra onunla görüşmüşəm. Özünü normal hiss edir. Təbii ki, Əli İnsanovun hökmə münasibəti mənfidir, qərardan çox narazıdır. Buna görə də şikayət veriləcək. Prosedura qaydaları elədir ki, Apelyasiya Məhkəməsinin qərarından sonra hökm qanuni qüvvəyə minmiş hesab olunur və bundan sonra icra oluna bilər. Bu baxımdan, Əli İnsanov Apelyasiya Məhkəməsinin qərarına qədər 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılacaq”.
2 il müddətinə azadlıqdan məhrum edilən və aprelin 22-də 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülən gənc blogger Mehman Hüseynov hazırda karantindədir. Karantində olduğuna görə blogger ailəsi və vəkili ilə nə görüşə, nə də telefonla danışa bilir.
Bu barədə “Yeni Müsavat”a onun vəkili Elçin Sadıqov məlumat verib: “İcazə kağızı alandan sonra onunla görüşə biləcəm, bu barədə müraciət etmişəm. Sonuncu dəfə saxlanıldığı yerdən narazı olduğu barədə xəbər tutdum. Hazırda karantində olduğuna görə Mehman Hüseynov ailəsi ilə də görüşə və telefonla əlaqə saxlaya bilmir. Karantinin müddəti 15 gündür. Bu müddət ərzində o ailəsi ilə görüşə bilməz”.
Günlər öncə səhhətində problemlərin olduğu barədə xəbər verdiyimiz REAL Hərəkatının sədri İlqar Məmmədovun durumu müəyyən qədər yaxşılaşıb. Bu barədə qəzetimizə danışan onun həyat yoldaşı Vəfa Məmmədova bunları dedi: “Ağrıları bir az səngiyib. Axır vaxtlar özünü bir az yaxşı hiss edir. Ümumi vəziyyətində elə də böyük dəyişiklik yoxdur. Düzdür, ağrılar az da olsa var. Çünki heç bir müalicə olunmayıb. Sadəcə, öz gücümüzdən istifadə olunan müalicədir. Həkim müayinəsindən də keçməyib. İlqar xarici həkim tələb etmişdi, o müraciət də hələ təmin edilməyib. Bu həftənin bazar günü görüşəcəyik. İki gün öncə zəng etmişdi. Vəziyyəti pis deyildi. Səhhəti ilə bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət olunub. Qırmızı Xaç Komitəsi İlqar xəstələnəndən sonra ona baş çəkib. Bir də Ədliyyə Nazirliyinin tibb işçiləri idarədən getmişdilər. Ənənəvi bir yoxlanış olub.
AXCP sədrinin müavini Seymur Həzinin atası Məşgül Həziyev oğlunun vəziyyətinin normal olduğunu bildirdi:“Seymur telefonla mayın 2-də danışdı. Ümumi vəziyyəti pis deyil. Səhhəti normaldır. Heç bir narahatçılığı yoxdur. Saxlanıldığı yerlə bağlı elə bir söz demir. Amma Azərbaycan həbsxanalarının nə vəziyyətdə olduğunu deməyə gərək yoxdur”.