Putin-Ərdoğan görüşü:Liderlər nələri razılaşdıra biləcək?
Tanınmış politoloqdan maraqlı açıqlamalar və proqnoz; “Ərdoğan Soçi görüşündə məsələ qaldıracaq ki...”
Yenixeber.org: Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın görüşü olacaq. Mayın 3-nə planlaşdırılan görüşün Soçidə keçiriləcəyi bildirilir. Regionun iki böyük dövlətinin prezidentinin görüşü dünyanın diqqət mərkəzində olan və olacaq hadisələrdən biridir.
Bir müddət öncə görüşən Rusiya və Türkiyə prezidentlərinin aradan çox vaxt keçməmiş yenidən bir araya gəlməsinin hansı zərurətdən meydana gəldiyi, Putinin Ərdoğanla görüşdə əsas məqsədinin nələr olduğu maraq doğurmaya bilməz. 3 may görüşünün hansı nəticələri ola bilər? Hər iki prezidentin bir-birindən hansı gözləntiləri ola bilər? Bu gözləntilərlə bağlı razılaşmalar mümkün olacaqmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Putinlə Ərdoğanın mayın 3-nə nəzərdə tutulan görüşdə əsasən Suriya məsələsini müzakirə edəcəkləri şübhə doğurmur. Putin Ərdoğanla əməkdaşlıqdan məmnundur. Ancaq Putin Ərdoğanla görüşdə vacib detalları özü üçün aydınlaşdırmaq istəyir: “Rusiya Suriyada Hələb şəhərinin azad olunmasında Türkiyə ilə əməkdaşlıq etdi. Bundan sonra Rusiya, Türkiyə və İran təmsilçiləri Qazaxıstanın paytaxtı Astanada görüşdülər və Suriyada atəşkəsə nail oldular.
Növbəti mərhələdə Rakka şəhərinin İŞİD terrorçularından azad olunması planlaşdırılır. Pentaqon Rakka şəhərinin azad olunmasında iştirak etmək istəsə də, hələ ki gözləmə mövqeyindədir. Rusiyanın da Rakkaya iddiaları var. Ancaq məsələ burasındadır ki, Rakkada gələcək döyüşlərdə böyük itkilər olacaq. Görünür, Putin Rakka şəhərinin azad olunması uğrunda döyüşlərdə Türkiyə ordusunun dəstəyinə ehtiyac duyur. Türkiyə Rakka şəhərinin azad olunması əməliyyatında Rusiya ilə əməkdaşlığı davam etdirə bilər, ancaq bunun reallaşması üçün Ankaranın şərti var. Şərt isə budur ki, Rusiya Suriyadakı silahlı kürdləri dəstəkləməməlidir! Ərdoğan bu məsələni Soçidəki görüşdə Putinin qarşısında qaldıracaq. Bunun qarşılığında Putin Suriyada silahlı kürdlərə dəstəkdən imtina edəcəkmi? Bu suala birmənalı cavab yoxdur. Halbuki ABŞ ordusunun silahlı kürdlərlə Türkiyə sərhədini nəzarət altına alması Kremlin xoşuna gəlməməlidir".
Ekspert hesab edir ki, bütün hallarda Ərdoğan Moskvanın Suriyadakı silahlı kürdlərə dəstəyini dayandırmasını istəyir. Türkiyə həmin silahlı kürdlərin terrorçu PKK təşkilatına bağlı olduğunu bildirir. Rusiya silahlı kürdlərə dəstəkdən o zaman imtina edə bilər ki, Türkiyə Bəşər Əsədin devrilməsi planlarında yer almasın: “Rusiya rəsmilərinin fikrincə, Amerika vaxtilə İraqda Səddam Hüseyni devirdiyi kimi, Bəşər Əsədi də devirmək planları hazırlayıb. Kreml Vaşinqtonun bu planlarında Türkiyənin yer almasını istəmir.
Buna baxmayaraq, Ərdoğan Əsədlə barışmayacaq. Tam əksinə. Ərdoğan son müsahibəsində qeyd edib ki, Putinlə görüşdə Rusiya prezidenti ona deyib ki, o, Əsədin vəkili deyil. Ərdoğan Putinə Əsədi hakimiyyətdə bir başqası ilə əvəz etməyi təklif edəcək. Eyni mövzunu Vladimir Putin bir müddət əvvəl Moskvaya səfər edən Amerikanın dövlət katibi Reks Tillersonla müzakirə etmişdi. Kreml Əsədin bir başqasıyla əvəz edilməsini istəmir. Çünki Kremldə düşünürlər ki, Əsədin yerinə hakimiyyətə gələcək şəxs Rusiya ilə strateji tərəfdaşlıqdan və Rusiya hərbi bazalarından imtina edəcək. Rusiyada düşünürlər ki, Əsədin yerinə gələcək şəxs silahlı müxalifətlə barışacaq, bu halda isə müxalifət strateji müttəfiq kimi Rusiyanı deyil, Amerikanı və başqa ölkələri seçəcək".
E.Şahinoğlu onu da qeyd etdi ki, Suriyadan başqa, Ərdoğanla Putinin müzakirə edəcəyi daha iki mövzu var: “Birinci mövzu Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiya bazarına maneəsiz girişinə icazə verilməsidir. Türkiyənin bəzi kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə hələ də maneələr var.
İkinci mövzu Türkiyənin Rusiya taxılından imtina etməsidir. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına maneə yaratdıqdan sonra Türkiyə də Rusiyadan taxıl almaqdan imtina etdi.
Bu məsələnin sadə həlli var. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarının idxalına maneəni ortadan qaldırarsa, Türkiyə yenidən Rusiyadan taxıl alacaq. Bundan başqa, Ərdoğanın Rusiyaya səfəri ərəfəsində Ankara daha bir jest etdi. Rusiya vətəndaşları Türkiyədə vizasız 60 gün deyil, 90 gün qala biləcəklər. Eyni addımı hələ ki Moskva atmır".
Politoloq hesab edir ki, Ərdoğan-Putin görüşündə həm Suriya mövzusunda, həm də ikitərəfli münasibətlərdə müsbət nəticələr əldə etmək mümkündür. Yetər ki, Kreml Türkiyənin müsbət jestlərinə eyni səmimiyyətlə cavab versin: “Ərdoğanla Putin son aylarda tez-tez görüşürlər. Bu görüşlərdə belə bir təəssürat yaranır ki, iki dövlət arasındakı bütün problemli məsələlər sürətlə həll olunur. Hətta Ərdoğan Moskvada Putinlə birgə son mətbuat konfransında üzünü jurnalistlərə tutaraq demişdi ki, ”daha bizə normallaşma ilə bağlı sual verməyin, çünki biz bu mərhələni adlamışıq". Ancaq aydın olur ki, yeni mərhələyə hələ keçilməyib. Türkiyə üzərinə düşənləri etsə də, Kreml üzərinə düşənləri etmir və məndə tam əminlik yoxdur ki, Soçi görüşündən sonra bütün suallara cavab tapılacaq".(Musavat.com)