Malik Mustafayev özünü qarajdan asıb -"MTN İŞİ"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə ittiham aktında MTN-in əməkdaşı Malik Mustafayevin intiharı epizodu üzrə maraqlı faktlar əksini tapıb.
Yenixeber.org: İttihama görə, Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb.
O, Malik Mustafayevi həmin gün saat 15.35-dən 19.05-dək qəbul edib.
Elçin Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsində azad edilməsini əsassız hesab edib, bu barədə müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ünvanlandığı davamlı şikayət ərizələrinin ayrı-ayrı yüksək vəzifəli şəxslərin təhriki ilə yazmasını iddia edib.
Malik Mustafayev qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu desə də, Elçin Quliyev Mətləb Mustafayevin dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkret cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat verməsini tələb edib.
Elçin Quliyev eyni zamanda rəhbərlik etdiyi qurumda rəsmi surətdə qeydə alınmış şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda İlqar Əliyev vasitəsi ilə Mətləb Mustafayevin özünü də anterorr mərkəzinə çağırtdırıb.
Elçin Quliyev Mətləb Mustafayevin izahat yazmasını israr edib, əks təqdirdə onlara psixi təsir göstərərək fəaliyyətlərinə ciddi problemlər yaradacağını deyib. O, Malik Mustafayevin də xidmətdən xaric etdirəcəyini deyib.
Elçin Quliyev Malik və Mətləb Mustafayevlərin barələrində cinayət işi başladacağını, həmçinin qohumlarını da həbs etdirəcəyi ilə hədələyib. O, hər iki qardaşı cinayətkar adlandırıb, ləyaqətlərini alçaldıb. 13 sentyabr 2014-cü ildə Malik Mustafayev xidməti vəzifəsindən azad edilib.
Bundan sonra Elçin Quliyev İlqar Əliyevlə birlikdə Malik Mustafayevi yenidən xidməti otağına çağırıb. Ona mənzilində tapança aşkar olunan qardaşı Mətləb Mustafayevə köməklik edə biləcəyini xatırladıblar.
Bunun müqabilində Mətləb Mustafayev videoçəkilişlər aparmaqla yüksək vəzifəli şəxslər barədə yanlış ifadələr verməli, istintaqın sonrakı mərhələsi, məhkəmə baxışı zamanı bu qərəzli məlumatları təsdiq etməyə razı olmalı idi. Bundan imtina edəcəyi təqdirdə Malik Mustafayevi və qohumlarını həbs edəcəklərini bildiriblər.
Həmin vaxt Elçin Quliyev Malik Mustafayevin qardaşı Mətləblə İlqar Əliyevin xidməti otağında görüşməsini təşkil edib. Malik Mustafayev həmin görüşə qolu qandallı gətirilən Mətləb Mustafayevə özünün də işdən çıxarıldığını bildirib, ondan tələb olunan şərtlərlə razılaşmağı xahiş edib. Mətləb heç kimə böhtan atmayacağını deyib.
Elçin Quliyev və İlqar Əliyevin təhqirlərinə məruz qalmasından bezən Malik Mustafayev həmin ilin noyabrın 3-də yaşadığı Xətai rayonu, H. Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajın dəmir dirəyindən özünü asıb. Elçin Quliyev və İlqar Əliyev bu əməlləri ilə Malik Mustafayevi özünü öldürmə həddinə çatdırıb.(APA)