Hilal Əsədovla Akif Çovdarovun adamları hambalları necə sümürür? -ARAŞDIRMA
Yenixeber.org: Bakının xalq arasında “Vosmoy bazarı” kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanındakı meyvə-tərəvəz bazarında yük arabaları üçün gündəlik icarə haqqı birdən birə 4 manatdan 10 manata qaldırılıb. Nəticədə bazarda yük arabaları ilə hamballıq edən yoxsul insanlar çarəsiz duruma düşüb, onlar bu cür yüksək icarə haqqının altında əzilir və ailələrinə gündəlik çörəkpulu aparmaq imkanından faktiki məhrum olublar.
Söhbət adı “MTN işi”ndə keçən bazardan gedir. Hansı ki, virtualaz.org bu bazarı milli təhlükəsizlik nazirinin birinci müavini general Hilal Əsədovun, nazirliyin idarə rəisi Akif Çovdarovun “Maral Vega”MMC şirkətinin səhmdarları olan Cəfərov qardaşlarının əlindən alıb Eldar Mahmudovun xeyir-duası ilə öz aralarında necə bölüşdürdüyü haqda əvvəllər yazıb.
Bəs bazarda yük arabalarının icarəsi biznesini inhisara alan, başqa sözlə, 21-ci əsrdə insan ləyaqətini alçaldan əmək növlərindən hesab edilən hamballığı da inhisara alan, başqalarının yükünü daşımaqla qəpik-quruş qazanıb ailələrini dolandırmağa çalışan çarəsiz insanları sümürənlər kimlərdir? Bu adamlar hansı haqla yük arabalarını öz inhisarlarına alıblar və onların arxasında dayanan kimlərdir? Virtualaz.org saytının reportyor qrupu bazarda olub və arabaçıların dərdini dinləyib, onları istismar edənlərin kimliyini araşdırmağa çalışıb.
“İki gündür evimdə yemək bişmir, uşaqlarım acdır...”
...Yük arabalarının gündəlik icarə haqqının kəskin qaldırılmasından narazı arabaçılar 2-ci və 3-cü topdansatış bazarının kəsişdiyi, alver edənlərə və yaxınlaşan Novruz bayramına görə indiki bahalıq dövründə nələrisə az da olsa ucuz almaq ümidi ilə bazara axın edən müştərilərə görə basabasın hökm sürdüyü küçədə yığışıblar. Aralarından biri göz yaşları ilə iki gündür evə çörək ala bilmədiyindən şikayətlənir. “59 yaşım var, mənə deyirlər ki, icarə pulunu verə bilmirsənsə, yükü kürəyində daşı. İki gündür mənim evimdə yemək bişirilmir, uşaqlarım acdır”,-Əhəd Əhmədov adlı arabaçı deyir.
Onun Teymur Teymurov adlı həmkarı isə deyir ki, gün ərzində maksimum 14-15 manat qazana bilirlər. Bunun da 10 manatı arabanın icarəsi üçün ödəniləndən sonra gündəlik qazancları 4-5 manat olur. Bu pulla isə bazarda günün sonunda çürümüş meyvə-tərəvəz belə ala bilmir. “Qiymətləri qəflətən 10 manata qaldırdılar, bizə də dedilər ki, bu pulu ödəyə bilməyənlər işləməsinlər. Mən bu yaşımda müştərilərin qarşısına qaçıram, yalvarıram ki, yükünü daşıyım, bəlkə 5-6 manat evimə çörək pulu apara bilim. Hər reysə görə 1-2 manat ödəyirlər. Gündəlik 10 manat ödəmək çox çətindir, gücümüz çatmır”,-Teymur şikayətlənir.
Sahibkar Rüfət müəllim: qullar diyarında “ağa”...
Dəqiqləşdirə bildik ki, 2-ci və 3-cü topdansatış bazarında araba biznesi Rüfət adlı şəxsin əlindədir. Bütün arabaçıların “ağa” deyə müraciət etdiyi şəxsdən onların əksəriyyəti çəkinir. “Ehtiyatlı olun, bilirsiz o kimin adamıdır, istəsə sizi bir günə yox edər”, -arxamızda dayanan arabaçı pıçıltı ilə bizdən ehtiyatlı olmağımızı xahiş edir. Qalan arabaçılar isə bizi xəbərdar edirlər: artıq sizi izləməyə başlayıblar...Və onlar qorxularından bizdən aralanır. “Onlar getməsə danışa bilmərik”-deyirlər.
Doğrudan da əllərində ratsiya olan mülki geyimli, nataraz görkəmli tiplər bazara reportyor qrupunun gəlişindən xəbər tutub və bizi izləməyə başlayıb, tez-tez əllərindəki ratsiya ilə harasa məlumat verirlər...
Yaxınlıqakı avtomobil dayanacağına üz tuturuq və bundan sonra yenidən ətrafımıza toplanan arabasürənlər dərdlərini danışmağa başlayır. Məlum olur ki, bazar hələ də keçmiş MTN generallarının əlindədir. İcarədarların adı dəyişsə də, sahibkar dəyişməyib. Köhnə sahibkarların, yəni MTN qanqsterlərinin dəst-xətti hər addımda hiss olunur.
Akif Çovdarovun Hilal Əsədovun xofu bazardan çəkilməyib
Hələ də Hilal Əsədovun qaynatası, bazarın keçmiş direktoru Əyyub Novruzov iş başındadır. O, formal olaraq direktor vəzifəsini tərk edib, ancaq işlərə özü nəzarət edir. (Bazar keçmiş milli təhlükəsizlik nazirinin müavini, hələ də azadlıqda olan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova və nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovun qızı Aidə Qasımova səhmləri hərəyə 50 faiz olmaqla, adları çəkilən qadınlar arasında bölüşdürülüb) Buna görə də nəinki arabaçılar, hətta mağaza sahibləri belə bazar sahibləri haqqında danışmaqdan qorxurlar. Çünki bazarda icarəçilərdən gündəlik yerpulu yığanlardan tutmuş araba kirayəsi biznesini inhisara almış “ağa”lara qədər hər kəs MTN generallarının adamlarıdır. Ola bilsin ki, bir həbsdə, digəri hələ də azadlıqda olan bu generalların biznesinə indi başqa qüdrətli əllər “krışalıq” edir.
Arabaçılar ölkə rəhbərliyinə və baş prokurora şikayət etdi
Məlum olur ki, bazarda işləyən 80 arabaçının imzası ilə Birinci vitse-prezident Mehriban Əliyevaya və baş prokuror Zakir Qaralova şikayət ünvanlanıb. Arabaçı Teymur deyir ki, bundan sonra şikayəti imzalayanlara təzyiqlər başlayıb. “Artıq bizə araba verilmir. Çoxu qorxusundan şikayətini geri götürüb. Amma biz Mehriban Əliyevanın kömək edəcəyinə inanırıq, o həmişə haqqın tərəfdarı olub. Axı Azərbaycanda hansı sahədə icarə haqqı birdən birə bu qədər artıb? İcarəni 4 manatdan 10 manata qaldırmaq nə deməkdir axı?”,-T.Teymurov əlavə edib.
Şikayətin araşdırılması Nizami Rayon İcra Hakimiyyətinə göndərilib. “İcra hakimiyyətindən dedilər ki, sahibkarların işinə qarışa bilməzlər. Qiymətləri sahibkar təyin edir və yalnız sahibkar güzəştə gedə bilər”,-Teymur deyir.
"Ağa" deyib: “Kefim istəsə arabanı 10 manata yox, 1000 manata verərəm”
Əlləri hər yerdən üzülən arabaçılar Rüfət müəllimlə, həmin “ağa” ilə görüşüblər. O, isə icarə haqqından narazılıq edənlərə qapını göstərib. “Dedi ki, özəl yerimdir, qiyməti özüm təyin edərəm. Kefim istəsə arabanı 1000 manata verərəm. Xoşuna gəlmir, çıx get. 20 ildir burada işləyirik, biz indi hara gedək”,-adını açıqlamaq istəməyən arabaçı deyir və adını söyləməməyinin səbəblərindən danışır:“Mənə dedilər ki, sən təxribatçısan, narazıları ətrafına toplayıb dövlətə qarşı çıxırsan. Dedilər ki, səni həbs etsələr dövlətə qarşı təxribatçı kimi uzun illər yatacaqsan, bəs 3 uşağımı kim dolandıracaq?”
Bazara başqa arabaçıların girməsi qadağandır
Hər iki bazarın giriş-çıxışı nəzarətdədir, digər arabaçılar yalnız küçədə müştəri “ovlamağa” çalışırlar. “Bu bazarlarda yalnız Rüfət müəllimin arabaları yük daşıya bilər. Digər arabaların girişi qadağandır. Deyirlər ki, gedin küçədə müştəri gözləyin. Allaha and olsun ki, bəzən günlərlə ac qalırıq”,-Əhəd Əhmədov deyir.
“Ağa”ya məxsus arabaların üstü nömrələnib. Bazardakı mağaza sahiblərinə də yalnız nömrələnmiş arabalardan istifadə etməyi tapşırıblar. “Mən mağazamın icarəsinə ayda 700 manat ödəyirəm, maşında alver edənlər gündəlik 50 manat ödəyirlər. Bizim üçün nə fərqi var, arabaçılar öz aralarında məsələni həll etsinlər”, -satıcılardan biri məsələyə qarışmaq istəmir, problemlə bağlı onun fikrini öyrənmək cəhdimizə belə cavab verir.
Və ardınca yüksək səslə deyir: “Narazılıq edənlərdən yazan jurnalistlər heç nəyə nail ola bilmirlər, buna görə də onlara etibar edib bazar rəhbərliyi ilə münasibəti korlamağa dəyməz”.
Nə əmək müqaviləsi, nə vergi...
Bazarda çalışanların nə əmək müqaviləsi, nə sığortası var. Bu qədər insanın qanunsuz işləməsi isə bazar rəhbərliyinin heç vecinə də deyil. “Deyirlər ki, nə əmək müqaviləniz var, nə də vergi ödəyicisi deyilsiz. Heç bazarda araba ilə yük daşıdığınızı da sübut edə bilməzsiniz. Bizim nə isə tələb etmək hüququmuz əlimizdən alınıb”, -arabaçıların baş prokurorluğa ünvanladıqları şikayət ərizəsində yazılıb.
“Ağa”nın adamı danışdı...
Arabanı icarəyə verən “Ağa” yerində olmadığından suallarımızı onun işçisi Tarıyel Tağıyev cavablandırır. T.Tağıyevin sözlərinə görə, təxminən bir neçə ay əvvələdək bazara 350 araba çıxarılırmış, indi isə arabaların sayını 100-ə endiriblər: “Bazarda sıxlıq yaranırdı, arabaçılar qəpik-quruş qazanırdılar. Biz aradaların sayını azaldıq ki, arabaçıların qazancı çox olsun, yalnız gündəlik çörək pulu üçün istəyənlər işləsinlər. Yay aylarında bəzən bazara 800-dək araba çıxır”.
Tağıyev şikayət edənlərin “təxribatçı olduğuna” əmindir. Onun sözlərinə görə, icarə haqqlarının qaldırılmasına etiraz olaraq imza toplayıb insanları dövlətdən narazı salmağa çalışırlar.
“Axı, arabaçılar dövlətdən deyil, icarə pulunun artırılmasından narazıdırlar”- sualına isə daha maraqlı cavab alırıq: “Qoy onlar da yükdaşıma haqqını qaldırsınlar. Arabaçılar bazara alverə gələnlərdən daşıdıqları yükə görə artıq pul tələb etməlidirlər. Qiymət qalxanda demişik ki, siz də 50-80 qəpiyə və ya 1 manata yük daşımayın. Müştəridən 2 manatdan aşağı pul götürməyin. 400-500 manatlıq bazarlıq edənlərdən niyə 1 manat götürürlər ki? Qoy bazardan alver edənlər araba üçün 2 manat ödəsinlər. Əgər öz haqlarını düzgün tələb edə bilmirlərsə, deməli arabaçının günahıdır, əməyini ucuz satır”.
Kənardan bazara araba buraxılmamasına gəldikdə isə, Tağıyev bununla bazardakı digər arabaçıların hüquqlarının qorunduğunu iddia edir. “Kənardan gələnlər öz arabası olduğu üçün yükü 50 qəpiyə daşıyır. Buna görə də bizim arabaçıların “bazarı ölür”. Axı, 10 manat verib icarə götürənlər 50 qəpiyə yük daşıya bilməyəcəklər. Buna görə də kənardan araba buraxmırıq”.
Bazar rəhbərliyi isə məsələyə münasibət bildirmədi. Mühafizə xidmətinin əməkdaşları bazar rəhbərlərinin günün bu saatlarında istirahət etdiyini dedilər...
Problemi diqqətdə saxlayacağıq.