Sabiq polis rəisi iş adamını niyə incidir? -ŞİKAYƏT VAR
Yasamal Rayon Dövlət Yol Polisi İdarəsinin sabiq rəisi Azər Bayramov qonşusuna öz şəxsi həyətində ev tikməyə imkan vermir.
Yenixeber.org: Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 60/62 ünvanında öz həyətində fərdi ev tikən iş adamı Umudvar İbrahimovun bütün sənədləri qaydasında olsa da, A.Bayramov onu və tikinti işlərini aparan fəhlələri nalayiq sözlərlə təhqir edir. Bu şikayətlə virtualaz.org-a biznesmen özü məlumat verib.
Onun sözlərinə görə, keçmiş polis rəisinin şikayətləri əsasında həyətə, demək olar ki, hər gün polis əməkdaşları gəlir, sənədləri yoxlayır, tikintiyə icazənin olub-olmaması ilə maraqlanırlar. Heç bir qayda pozuntusunun olmadığını görəndə çıxıb getsələr də, bütün bu şikayətlər tikinti işlərini yubadır.
“Burada əvvəldən bir mərtəbəli şəxsi evimiz var idi. Keçən il Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi Rayon İcra Hakimiyyətinin icazəsi ilə tikintiyə sərəncam aldıq. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Komissiyasından ekspertiza rəyi var və tikintiyə icazə verilib. Bu ilin fevral ayından da 6 mərtəbəli binanın tikintisinə başladıq. Amma qonşumuz Azər Bayramov burada tikinti aparmağa imkan vermir. Hər gün 102-yə zəng edir, polislər gəlir, sənədlərimizi yoxlayırlar. Amma sənədlər hamısı qaydasındadır və hər dəfə məlum olur ki, heç bir problem yoxdur. Nəticədə, polisləri də narahat edir, bizi də, iş fəaliyyətimizə maneçilik törədir”, - deyə U.İbrahimov bildirir.
İş adamı deyir ki, qonşusunun şikayətinin heç bir əsası yoxdur, buna ancaq bir ad vermək olar - mərdimazarlıq. Çünki onlar şikayətçi A.Bayramovun yaşayış evi ilə arada yetərincə - 4,80 metr məsafə saxlayıblar. Dəfələrlə qonşuları tərəfindən şikayətlərə baxmayaraq məhkəmə də iş adamının xeyrinə qərar çıxarıb:
“A.Bayramov ev tikəndə mən ona kömək eləmişəm, tikinti materialları vermişəm, işinə heç bir maneçilik törətməmişəm. Özünə 3 mərtəbəli ev tikdirib, iki mərtəbəsini Vergilər Departamentinə icarəyə verib. Özü də hər gün yaşadığı 3-cü mərtəbənin eyvanına çıxıb işçiləri, fəhlələri təhqir edir, söyüş söyür ki, onları təxribata çəksin. Lakin biz onun bu hərəkətlərinə cavab vermirik. Bütün dövlət orqanları onun yazdığı şikayət məktublarına cavab veriblər. Bizdə bütün sənədlər düzdür, heç bir problem yoxdur.
Mən iş adamıyam, mənim burada bina tikməyim normaldır, o isə dövlət məmuru olub, bu binanı hansı pulla tikib? Ondan soruşmaq lazımdır ki, sən 500-600 manat maaşla bu boyda binanı necə tikmisən? Mən buranı tikib 500 min manat dövlətə vergi ödəyirəm. Bu adam tək bizdən yox, digər qonşulardan da şikayət edir. Hər yerə kamera qoymuşuq ki, problem olsa, heç olmasa orada qeydə alınsın. Çünki ondan hər cür təhlükə gözləyirik”, - deyə şikayətçi bildirir.