NAPALEONUN OYUNCAQLARI
APREL TEZİSLƏRİ “SİYASİ MƏHBUS” SEVDALI OLLANDIN TƏQDİMATINDA
”Katolik monastırları öz varlığı etibarilə məsum ölüm parıltısı ilə doludur. Divara qızıl mıxlarla mıxlanmış İsaların başında gümüş tikanlardan çələnglər var. Alınlarında yaqutdan qan damcıları, gözlərində almazdan göz yaşları vardır. Bakirə qızlar da yuxuda İsanın arvadı olmaqdan həzz alırlar”. Bu gözqamaşdırıcı səhnə mənim yox, dahi Hüqonun təqdimatındandır. Anarxist təxəyyüllü insanların sapındırıcı meyillər üzərində köklənən düşüncələrinin sosial sferada oturuşmasına təkan verəcək həmin “ölüm parıltısı” bu gün də gözümüzün önündədir. Monastıra qapanmış və elə axtalanmaq kimi həyat tərzi keçirənlər keçmişin saxtakarlıqlarına zər-zibadan mini donlar geyindirməklə animist düşüncə tərzlərini “ixrac” etmədədilər. Bu kateqoriyadan olan “sosial sifarişli idxalat”la məşğul olanlarsa deyəsən demokratların simvolları olan eşşəyin fiziologiya“sını yaddan çıxarıblar. Və onu da yaddan çıxarıblar ki, ciyər ət yerini vermədiyi kimi, eşşək də at yerini verə bilməz...
Ərazisi işğal olunmuş dövlət olaraq biz hər şeyə DƏRDLƏRİMİZin fonunda, Güney Azərbaycan, Qarabağ problemi kontekstində baxmalıyıq. İşğalçı dövlətlə ərazisi işğal olunan dövlət arasında fərq qoymayan Avropa Birliyinə daxil olan ölkələr okeanın o tayındakı taylarıyla yaxşıca tapışıblar. Hay-küy salıb çullarını məxmər göstərməyə çalışırlar, guya bunlarda olan “vətəndaş cəmiyyəti” daha heç bir yanda yoxdur. Nəinki siyasi davranışları, düşüncələri, hətta dərisinin rənginə görə vətəndaşları arasında ayrıseçkilik edən Qərb dünyasının noxtası qızıldan olsa da, hamısının bir adı var..., ay sağ ol, bax elə siz deyəndir. Bu biz deyən Zadların nağıllarının başlanğıcında Müqəddəs Varfolemey gecəsində törədilən qırğınlar, sonundasa insanın etmədiyi, ancaq dilə gətirmək istədiyi fikrə görə həbsi dayanır. Arsız-arsız hələ bir “vətəndaş cəmiyyəti”ndən də danışırlar!!!
Bütün bunların bizlərə dəxli yoxdur – can onların, cəhənnəm də Tanrının. Ancaq məsələ burasındadır ki, kirpi öz balasına “yumşağım” dediyi kimi, bunlar da özləri insan haqq və azadlıqlarını pozduqları bir vaxtda durub başqalarından daha çox şey tələb edirlər. İmperiyalar zamanının bitdiyindən danışan Qərb dünyasının timsalında super güclərin siyasi davranış tərzləri fonunda fərqli illüziyanın – dünya ağalığı illüziyasının şahidi oluruq. Poma Papasının aşıq mətnlə bildirdiyi “bu gün bəşəriyyət üçüncü dünya müharibəsini yaşayır” qənaətini bu dılğır siyasətçilər kimdən gizləməyə çalışırlar!?..
Bütün bunların bizlərə dəxli yoxdur – can onların, cəhənnəm də Tanrının. Ancaq məsələ burasındadır ki, bu Çobanların Quzuları gümrahdır deyə papaqlarını da yan qoyurlar. Qədim zamanlarda belə olub ki, yeni zəbt olunan ərazilər imperiyaların paytaxtlarından çox uzaqda olduğundan onlar nisbi anlamda mərkəzdən “asılı olmayan” siyasi-inzibati orqanlar yaradırdılar. Və bu orqanlara rəhbərlik etməyi öz vəzifələrini müəyyən qədər “”müstəqil” yerinə yetirən, əslindəsə imperiyaya xidmət edən məmurlar görürdü. İndiki durumda bu, bir az fərqli formatdadır. Bu gün imperiya həvəsli illüzionistlər “fakt” olaraq əsil gerçəkliyi danır, ancaq gerçək istəklərinin əsilliyini reallaşdırmaq yolunda despot kim davranırlar. “İmperiyaya xidmət edən məmur” qismindəsə milli hökumətlərdə fəaliyyət göstərən siyasi institutlar, QHT sektoru səhnəyə çıxarılır. İncəliklə yaltaqlanmağı hamıdan yaxşı bacaran bu siyasi institutlar qrant müqabilində donor təşkilatlarının əl quşuna çevriliblər...
Bütün bunların bizlərə dəxli yoxdur – can onların, cəhənnəm də Tanrının. Ancaq məsələ burasındadır ki, deyir quş öz qanadına arxalanar və qurdu da meşədən aclıq çıxarar. Dünya ağalığı həsrətində olanların “yerlərdəki məmurları”na verdikləri “müstəqillik” indiki zamanda uçmaq üçün qanad və qarın doyurmaq üçün yem formasında üzə çıxır. Bir müddət öncə həbs olunmuş Leyla Yunusun, adına bilərzik düzəldilən Xədicələrin (həmin bilərzik də millətimizin məhz qərblilər tərəfindən qandallanmasına yönəli bir mesaydır – müəllif ) fəaliyyətləri də bu qəbildəndir. Qərb poeziyasının fantastik surətləri “siyasi məhbus” yarlığı altında gizlənənlərin nəzərində bütün şeyləri adiləşdirib. Lap elə Fransanın timsalında Qərbin onları, onların da Qərbi bəyənmələri heç də hansısa “demokratiya”ya olan sevgilərindən deyil, “Napaleon oyuncaqları”na olan həvəslərindəndir. ADR dövründə bizdə qadınlara seçib-seçilmək hüququ veriləndə qərblilər birinci uşaq olan sonuncu kuklalarıyla oynayırdılar....
Bütün bunların bizlərə dəxli yoxdur – can onların, cəhənnəm də Tanrının. Ancaq məsələ burasındadır ki, bir sürü oyuncağı qabaqlarına qoyub ondan həzz alanlara “a bala, həvəsdi, bəsdi” –deyib, nəsə bir irad tutanda adamın özünü günahkar çıxarırlar. Biri elə Fransa və bilmirəm hansı xidmətləinə görə onların “Şərəf Legionu” ordeniylə təltif olunan Leyla Yunus “Azərbaycan problemləri”ndən parıltılı bir xaç qayırıb müqəddəs yolun yolçuları kimi davranırlar. Bu bir unutqanlıqdır, yoxsa adam dolamaq? Heç elə bil Müqəddəs Varfolemey gecəsindəki qırğınlar Ollandın Fransasında olmayıb!? Kalvinistlərə qarşı fikir azadlığı ilə çıxış eləyən protestant hugenotlardan qozbel Mediçinin təhrikilə otuz min yazığı edam eləyən heç elə bil Ollandın Fransası olmayıb!? Heç elə bil Əlcəzairdə 1,5 milyon müsəlmanı ən şərəfsiz üsul və metodlardan istifadə etməklə öldürən Ollandın Fransası olmayıb!? Heç elə bil 1987-ci ildən qondarma “erməni soyqırımı” məsələsini Avropa Birliyi ölkələrindəki insanların düşüncələrinə sırıyan Ollandın Fransası olmayıb? Heç elə bil insan haqlarını kobudcasına pozaraq “belə soyqırım olmayıb” deyənləri 45 min avro cərimələməklə bir illik həbs cəzası kəsən Ollandın Fransası olmayıb!?...Belə şeyləri saymaqla qurtaran deyil... Və heç elə bil Leyla Yunus da bizim məmləkətdə kəl qoşub, cüt sürməyib ki, Azərbaycan çörəyinin qədrini bilmir. Hərəkətlərinin məntiqi onun kimliyini sual altına qoyur. Və bu məntiq “Pariy əhli keyf eləyir” deyə gör kimləri Badenbadenin ecazkar gecələrindən həzz almağa dəvət edir - “dövlətə xəyanət”, “dələduzluq”, “qanunsuz sahibkarlıq”, “vergidən yayınma” ittihamıyla həbs olunan “siyasi məhbuslar”ı...
Bütün bunların bizlərə dəxli yoxdur – can onların, cəhənnəm də Tanrının. Ancaq məsələ burasındadır ki, dairənin nə başı var, nə də ayağı. Mən də fırlana-fırlana qalmışam bu dairənin içində, haqqında danışacağım “Napaleon oyuncaqları”sa az qala yadımdan çıxmışdı... Napaleon öz ordusunu “Böyük Ordu” adlandırandan sonra 18 generala “Fransanın marşalı”, 1,5 min əsgərə də “Şərəf Legionu” ordenini verir. Qorxunc saçan döyüşlərdə polad kimi bərkimiş müharibə veteranları Napaleonu tənqid edib, onun verdiyi ordenləri “oyuncaq” adlandırırlar. Napaleonsa cavabında “mən insanları oyuncaqlarla idarə edirəm” demişdi...
Bütün bunların bizlərə dəxli yoxdur – can onların, cəhənnəm də Tanrının. Ancaq məsələ burasındadır ki, əsası kəndə molla gəlir – kim ölür, ölsün də. Ermənilərin ən “sevimli” aylarından olan apreldə Ollandın Azərbaycana gəlişi planlaşdırılır. Niyə “aprel”, niyə “Leyla Yunus”, niyə bu ərəfədə Azərbaycan tərəfə keçən “erməni əsgəri” – özü də adı Andronik, niyə bu ərəfədə Senatda erməni istəklərinə formal xarakter daşıyan “təpki”? Olmaya ermənilərin aprel tezisləri Ollandın təqdimatında üzə çıxır. Olmaya Olland da Napaleonsayağı davranmaq istəyir. Axı həmin “oyuncaq”lardan birini Olland da Leyla Yunusa verib. Monastırda olduğu kimi gümüş tikanlardan başa çələng qoyulub. Siyasi davranışlarının məntiqi prizmasında özlərini monastır sakinləri tək göstərməyə çalışan və “ölülər andı” içən Leyla Yunus, Xədicə timsallı “siyasi məhbuslar” Qərbin nümunəsində aslan heykəlinə təpə hazırlamaq üçün müqəddəs ölülərin sümükləri ilə qarışıq torpağı bap-balaca arabalara doldurub, onu şadlıqla daşıyan fransızlara bənzəyirlər. Guya benediktçi rahiblər bunlar üçün bir “bağışlama mərasimi” düzənləyəcək... Sənin “günahların” bu Vətən qarşısındadırsa, bağışlanmanı da bu Vətəndən ummalısan, benediktçi rahiblərdən yox! Bəs Vətən necə, ona xəyanət edənləri bağışlayacaqmı?..Və bütün bunlarsa Nüqonun deyil, mənim təqdimatımdır.
P.S. Amma son söz yenə Hüqonundur: “Monastırlar qorxunc dindarlığın yuvası, bakirələrin cinayət ocağı, vəhşilik mənbəyidir”.
İGİD TEYMURLU