ƏBASINI ÇIXARAN AĞ SAÇLI
VƏ ƏHDİ KƏSİLMİŞ QULLARIN YUSİF SƏRRAC XƏYALI
Ulu Tanrı cəmi xəstələrə şəfa versin. Deyir, həyatı boyu şikəst qalacağını anlayan uşaq birinci olaraq bu halından qorxur. Onun daxilini saran bu qorxu zaman ötdükcə uşaq üçün adiləşir. Və beləliklə, uşaq öz acı taleyilə barışmalı olur, yaşamaq eşqinin hənirtisində xəstə görünüşündə o da başqaları tək özünü xoşbəxt uşaq sanır...
Məmləkətimizin bugünkü görünüşündə sezilən darısqallıqda “mən”dən başlanan Vətən elə “mən”in içində də boğulmaqdadır. Səsimiz xaricdə necə eşidilirsə, daxildə də hökumətimizin bizləri eşitmə qabiliyyəti eləcədir. Karlar, korlar dünyasında biz də xəstə uşaq tək öz taleyimizlə barışmışıq.
Müstəqil dövlət olaraq var olmağımız bizim üçün ən böyük nemət və ən böyük bir qürurdur. Əcəba, bəs bizlər bu qürurverici xoşbəxtliyin dadını çıxara bilirikmi?! Bir loxma çörək qazanmaq günün əsas problemi səviyyəsinə qalxıbsa, mənəviyyat para hesabına zorlanıbsa, əhli-əyalı qarşısında ailədaxili ehtiyacları ödəyə bilməyən ƏR-ATAnın qüruru məcburiyyət məngənəsində sındırılıbsa, onda hansı “dad”dan, onda hansı ”təam”dan danışmaq olar?!
Laqeyd adamlar üçün zillətin özü də asan gürünür. Natural forma etibarilə sosial siyasətimizin AĞ SAÇLIsı olan bir millət vəkilimizin ağzından çıxan kəlmələrdə də bu, apaydın görünür. Mən elə bilirdim ki, onun saçını ağardan cəmiyyətimizi boyunduruq altına salan problemlərimizdir. Səhv etmişəm. Sən demə, bu, onun da istisinə qızındığı GÜNƏŞİN HƏRARƏTİndən imiş ki, adamın cadəcə olaraq, saçı ağarıb - deyək ki, AĞ SAÇLI olub. İndi bu istidə də Adam necə deyərlər, öz əbasını çıxarıb, sözdə də olsa, Rasizadə hökumətinin əsil simasını xalqa təqdim edib. Görünən sima da budur: məmləkətimizə başqa diyarlardan daxil olan KÜLƏKLİ HAVA siklonlarıyla paytaxt Bakıdakı GÜNƏŞİN İSTİSİ Böyük Azərbaycan YOLÇUSUnun lap əhdini kəsib....
Cənablar, Uca Tanrı qul haqqını bağışlamaz..., adamın əhdini kəsər..
“Müəllimi 250 manat qane eləmirsə, gedib başqa yerlərdə iş tapsın”. Bunu deyən bir müddət öncə “biz baxanda görürük ki, 20 ildən artıq pensiya alanlar var. Ancaq qanunvericilikdə bu hal 15-16 il üçün nəzərdə tutulub”- deyə, dolayısı məntiqlə millətə ölüm arzulayan Hadı müəllim Rəcəblidir. Açıqlamaların mahiyyətinə baxaq.
ƏVVƏLA, “başqa yerlər” sözünün özü bir az başqa məna verir. Və Hadı müəllimin təhsil işçilərinə bunu deməklə onları hansı fərəhləndirici meydanlara dəvət etməsi bir sirdir.
İKİNCİSİ, müəllimi qap-qapı gəzən millətin sabahı da ucsuz-bucaqsız qatı dumanlıqlara qərq olacağı şəksizdir. Bax onda bütün duyğularımız, baxışlarımız elə həmin dumanlıqlarda itib batacaq. Siz bunumu istəyirsiniz, Hadı müəllim?!
Bir az da məmləkətin fəhləsindən, DÖVLƏTİN FƏHLƏSİndən danışaq. Fəhlənin ürəyi də əlləri tək qabar-qabardır, Hadı müəllim. Azərbaycanın bugüngü inkişafı həmin qabarlı əllərin, həmin dərs otaqlarında çürünən ömrün sayəsində əldə olunub. Və Sizlər də məhz onların hesabına dünyanın ən bahalı parlament zallarından birində rahatca oturub “boşluqlarla dolu” qanunları qəbul etməklə onların yaralarına duz basırsınız. Bütün bunları görməzliyə vuran və zilləti asan şey kimi qəbul edən laqeyd məmurların gül balalarısa kasıbın çıxan cızdağının hesabına fantastik qiymətlərlə əldə etdikləri bu fani dünyanın oyuncaqlarıyla oynayırlar. Yetməzmi bu oyunlar?!
Axı bu biçarə millət də sizlər kimi öz övladlarına gün ağlamaq, sizlər kimi öz nəvə-nəticələrini onların zövq aldıqları məkanlarda əyləndirmək, az da olsa bu dünyanın dadını çıxarmaq istəyirlər. Di gəl ki, “deputatxana” işçiləri onları “başqa yerlər”ə dəvət edib, az qala onlara ölüm hökmü çıxarmaq istəyirlər. Bu nədir, yoxsa Allahın bizlərə verdiyi ömür payımıza son qoyub Tanrılıq eşqinə düşmüsünüz!?...
Allah rəhmət eləsin Mirzə Fətəliyə. Deyirəm, günlərin bir günündə Mirzənin Yusif Sərracı xortdayıb gəlsəydi və üçcə günlüyə külli-ixtiyar sahibi olsaydı, vəziyyətiniz necə olardı? Yambızlara yumşaqlıq verən oturacaqlarda “başqa yerlər”ə dəvət olunan müəllimlərlə əli qabarlı fəhlələr otursaydı, sizlərə də onların indiki əmək haqları, pensiyaları verilsəydi və sizlərin timsalında olan xor kapellasına “yaşa, qardaşım, yaşa!” serenadasını oxutdursaydı, halınız necə olardı? Onda nə yeyib, nə içərdiniz, yola-kola, xeyirə-şərə, pala-paltara, dərdə-sərə, oraya-buraya nə xərcləyərdiniz? Qızardılmış balıq, çəkilmiş kabab iyindən dil-dodağını yalayan, imkansızlıqdan yalxı su qaynadılan qazana gözlərini yemək həsrətilə zilləyərək yuxuya dalan övladlarınızın, gözünüz görə-görə pulsuzluqdan xəstəliyinə dava-dərman edə bilmədiyiniz nəvə-nəticələrinizin üzünə necə baxardınız?.. Bax, bütün bunlar sayənizdə Əhdi Kəsilmiş Qulların Yusif Sərrac arzularından doğan xəyali bir mənzərədir. Nədən sizlər bu milləti gerçək həyatdan çiyrindirib, intihara sövq edirsiniz, onları gic-gic xəyalların ağuşuna atırsınız?..
Çıxın bu “xoşbəxt xalq”ın içərisinə. Baxın “xoşbəxtlikləri”nə. Baş vurun sahibi olduğunuz banklara, xəstəxanalara, qul bazarlarına...
Siz xalqdan nə istəyirdinizsə, hamısını xalq edib. Bəs xalqın sizdən nə gözlədiyi barədə xəbər verə bilərsinizmi?.. Körpəsinə oyuncaq ala bilməyən atanı oyuncağa çevirməklə nə əldə etmək istəyirsiniz?.. Heç belə də AĞSAÇLI mövqeyi olar!?..
Siz xalqı “başqa yerlər”ə, xalq isə sizləri konkret olaraq ÖZ DÜNYALARIna- QULLAR DÜNYASIna dəvət edir: bütün acizliklərinə və yalavac dolanmalarına baxmayaraq qəlblərinin dərinliklərində azadlığın dadlı həsrətini yaşatdıqları Qullar Dünyasına. Və.., və sonda bir şeyi unutmayaq: axı biz hamımız bir quluq – Allahın Qulu: ağsaqqalımız, ağbirçəyimiz, qarasaqqalımız, qarabirçəyimiz, qərəz, yaşamaq eşqinin hənirtisində qızınan xəstələrimizlə birgə o qulluğun sevdalısıyıq...
P.S. Görən ölülərin xəbəri varmı ki, hər keçirdiyimiz günə görə biz onları necə də məhəbbətlə yad edirik!