Baş Prokurorluqdan Qəbələdəki qətl haqqında açıqlama
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org və haqqin.az saytlarının təsisçisi Eynulla Fətullayevə məktub yollayaraq adıçəkilən nəşrlərdə dərs olunan “Güc strukturları qəbələli biznesmenin qətlini ört-basdır edir” və “Силовики пытаются замять громкое убийство в центре Габалы” başlıqlı yazılarda yer almış bəzi fikirlərə etirazını bildirib.
"Xeberinfo.com": E.Sultanovun məktubunu olduğu kimi təqdim edirik:
“Hörmətli Eynulla müəllim!
Rəhbəri olduğunuz portalın martın 1-də yaydığı “Güc strukturları qəbələli biznesmenin qətlini ört-basdır edir” və “Силовики пытаются замять громкое убийство в центре Габалы” başlıqlı məqalədə 13 dekabr, 2013-cü il tarixdə Qəbələ şəhərində fəaliyyət göstərən ticarət mərkəzinin sahibi Kərimov Eldar Firidun oğlunun qəsdən öldürülməsi ilə əlaqədar qətlin sifarişçisinin və cinayəti törətmiş digər şəxslərin guya məsuliyyətə cəlb olunmaması barədə işin hallarına uyğun olmayan və özündə qərəzli fikirlər əks etdirən yazılar dərc olunmuşdur.
Baş Prokurorluğun rəsmi mövqeyi öyrənilmədən, həmçinin dərc edilməzdən əvvəl düzgünlüyü dəqiqləşdirilmədən birtərəfli qaydada ictimailəşdirilən həmin informasiyalar saytın redaksiyasının respublikanın hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun cinayətkarlığa qarşı mübarizə sahəsində gördüyü işlərə kölgə salmağa cəhdi kimi qiymətləndirilir. Eyni zamanda sensasiya xatirinə səsləndirilmiş həmin fikirlər həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur.
Belə ki, qeyd edilən tarixdə “Qəbələ” ticarət mərkəzinin qarşısında aralarında yaranmış mülki mübahisə zamanı rayonun Zarağan kənd sakini Ariz Rəsulzadənin ov silahı ilə ticarət mərkəzinin sahibi E.Kərimovu, həmin ticarət mərkəzində fəhlə işləmiş Vasif Dadaşovu qətlə yetirməsi, həmçinin orada olan Zöhrab Cavadova bədən xəsarəti yetirməsi faktına görə Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə istintaqının davam etdirilməsi 25 aprel 2014-ci il tarixdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılmışdır.
Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirləndirilən şəxs A.Rəsulzadəyə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 127.2.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində seçilmiş həbs-qətimkan tədbiri qüvvəsində saxlanılmışdır.
Cinayət işinin istintaqı zamanı mərhumun qardaşı Sədiyar Kərimovun qətlin sifarişçisi hesab etdiyi Rəsulov Rahim Rəsul oğlunun və digər şəxslərin cinayətdə iştirakı müəyyən edilməmiş və iş üzrə istintaq tamamlanaraq 18 fevral 2015-ci il tarixdə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Qeyd edilənlərlə əlaqədar bildiririk ki, “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinə görə yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməli, eyni zamanda kütləvi informasiya vasitəsinin rəhbəri yayımlanan həmin məlumatlarla əlaqədar qanunun tələblərini pozduğu halda cinayət və digər məsuliyyət daşıyır.
Göstərilənlər nəzərinizə çatdırılmaqla, gələcəkdə sensasiya xatirinə, peşə etikasına riayət etmədən və reallığa söykənməyən məlumatların yayılmasına son qoyulmasını, eləcə də Baş Prokurorluğun mövqeyini əks etdirən informasiyanın rəhbəri olduğunuz portalda dərc edilməsi barədə göstəriş verməyinizi xahiş edirəm”.
Qeyd edək ki, həmin yazılar zərərçəkən tərəfin redaksiyamıza göndərdiyi şikayət məktubu əsasında hazırlanmışdı.
Virtualaz.org