Ombudsman Aparatından Lamiyə ilə bağlı növbəti təkzib
Vüqar Məhərrəmov: “Bizim rəsmi açıqlamamızda elə bir cümlə yoxdur”
"Xeberinfo.com": Yanvarın 17-də axar.az saytında məhkum Lamiyə Quliyevanın ana olması xəbəri yayıldı. Fevralın 4-də isə bu mövzuya müraciət edən anspress.com belə bir xəbər yaydı.
Sitat: “Ombudsman Aparatının əməkdaşları uşağın atası olduğu iddia edilən məhkumla da görüşüblər. Adının açıqlanmasını istəməyən məhkum Lamiyə ilə bir müddət eyni penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. O, izahatinda onu da yazib ki, Lamiyə onun spermasindan istifadə edərək süni mayalanma edib. Ombudsman Aparatından verilən məlumatda deyilir ki, həmin məhkum heç bir təzyiqə məruz qalmadığını ərizəsində göstərib”.
Maraqlıdır ki, Ombudsman Aparatının mətbuat xidmətin yaydığı rəsmi məlumatda “O, izahatinda onu da yazib ki, Lamiyə onun spermasindan istifadə edərək süni mayalanma edib” cümləsi yoxdur.
“Yeni Müsavat” əməkdaşı məsələyə aydınlıq gətirilməsi üçün Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmova müraciət edib. V.Məhərrəmov dəqiqləşdirmə apardıqdan sonra bildirib ki, həmin cümlə yaydıqları rəsmi məlumatda olmayıb: “Bizim rəsmi açıqlamamızda elə bir cümlə yoxdur”.
Məhkum Lamiyə Quliyevanın 2014-cü ilin oktyabrında saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində ana olub. Xəbər yayılan gündən Penitensiar Xidmət, Ombudsman Aparatı məsələni araşdırdıqlarını bəyan ediblər. Fevralın 4-də araşdırmalara Baş Prokurorluq da qoşulub. Bu gün də “L.Quliyevanın övladının atası kimdir” sualına cavab yoxdur. Bilinmir ki, Penitensiar Xidmət, Ombudsman Aparatı, indi isə Baş Prokurorluq nəyi araşdırır, araşdırmanı harada aparırlar?
Yazmışdıq, bir də xatırladaq.
Bəli, özlüyündə bir qadın məhkumun ana olması dövlətin insan haqlarına hörmətlə yanaşmasının, insanların həbsdə belə şəxsi həyatlarının davamlılığına qarant durmasının göstəricisidir. Amma təəssüf ki, Lamiyə Quliyevanın düşdüyü, daha doğrusu, salındığı durumda bu qiymətləndirmə keçərli deyil. Bu məsələdə reallıqlar tamamilə fərqlidir. Yetər ki, tərəfsiz olaraq deyilənlərə diqqət yetirilsin.
Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər.
L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.
müsavat.com