XİN sözçüsü həmsədrlərin bəyanatını şərh etdi
Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin 4 dekabr bəyanatını (ABŞ, Rusiya və Fransa Qarabağ bəyanatı yaydı) şərh edib.
"Xeberinfo.com": Məlumata görə,ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları və digər səviyyələrdə daim vurğulayıb ki, mövcud status-kvo qəbuledilməzdir. Mövcud status-kvo Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış vəziyyətdir. Beləliklə, mövcud status-kvo Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının aradan qaldırılması ilə dəyişdirilə bilər.
Hərbi helikopterin vurulmasının qaçıla bilən fəlakət olması barədə bəyanatda yer alan məqama münasibətdə onu qeyd etmək lazımdır ki, prezidentlərin Soçi, Uels və Paris görüşlərindən sonra danışıqlarda müşahidə olunan müsbət irəliləyiş fonunda işğal edilmiş Azərbaycan ərazilərində lüzumsuz genişmiqyaslı hərbi təlimlər keçirilməsəydi və Ermənistan silahlı qüvvələrinə məxsus helikopterlər Azərbaycan qoşunlarının ön döyüş xətti üzərində təhrikedici döyüş və hücum hərəkətləri etməsəydi, bu insident də baş verməzdi.
Məlumata görə, bəyanatda ən tez bir zamanda böyük sülh sazişi üzərində danışıqlara başlamaq barədə çağırışın yer almasına toxunan XİN sözçüsü deyib: “Prezidentlərin Paris görüşündən dərhal sonra Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəstəklənən böyük sülh sazişi üzərində işləməyə hazır olduğunu bəyan etmişdi. Xarici işlər naziri Elmar Məmmədyarov Bazeldə keçirilən ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı (Elmar Məmmədyarov Bazeldə Ermənistana xəbərdarlıq etdi) böyük sülh sazişi üzərində işləmək üçün Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb. Elmar Məmmədyarov çıxışında onu da qeyd edib ki, Ermənistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü kimi, Azərbaycanın mövqeyi bu məsələdə də tam şəkildə aydındır. İndi bu çağırışı adekvat şəkildə cavablandırmaq üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.