Eldar Əzizovun Bakı merliyinə yol açan missiyası
Boş qalan Bakı şəhər icra başçısı postuna bu ilin sonuna qədər təyinat gözlənilir
Yenixeber.org: Bakı şəhər icra başçısı postu artıq 5 aydır ki, boş qalıb. Məlumat üçün öncə xatırladaq ki, prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, hökumətin tərkibində xeyli dəyişikliklər oldu. Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş nazirin müavini vəzifəsinə gətirilməsi idi. O zamandan indiyə qədər Abutalıbovun yerinə kimsə təyin olunmayıb.
Aprel ayından iyul ayının 16-na qədər Bakı Şəhər İcra Hakimiyyəti bir müavinin rəhbərliyi altında fəaliyyət göstərirdi. Belə ki, BŞİH rəhbərliyində 3 vəzifə var - başçı və iki müavin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib və yerinə təyinat olmamışdı. Digər müavin Fidumə Hüseynova isə həm başçının, həm digər müavinin, həm də öz vəzifəsini icra edirdi. İyulun 16-da prezident İlham Əliyevin sərəncamına əsasən Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Rauf Pənahovun yerinə gətirildi. Bununla da Bakı meriyasında Fidumə Hüseynovanın “təkhakimiyyətliyinə” son qoyuldu.
Eldar Əzizov vəzifəyə gətirildikdən sonra ekspertlər bildirirdilər ki, o, Bakıda xeyli dəyişikliklər etmək gücündədir. Çünki E.Əzizov şəhər təsərrüfatçılığına yaxından bələddir və bu sahədə çoxillik təcrübəyə malik azsaylı məmurlardandır. Daha öncə o, ölkənin iki ən böyük şəhərinə - Gəncə və Sumqayıta rəhbərlik edib.
Bu baxımdan versiyalara görə, Əzizovun əsas missiyası Bakı şəhərində Abutalıbovdan qalan çoxsaylı nöqsanları aradan qaldırıb, ilin sonuna doğru təyin olunması gözlənilən başçının işini asanlaşdırmaqdır.
Bəs Əzizov BŞİH-də başçının əvəzləyicisi kimi hansı işləri gördü?
Əzizovun fəaliyyəti daha çox Bakının estetik görünüşünü dəyişdirmək fonunda müşahidə olunur. Belə ki, bu ayın əvvəlində onun tapşırığına əsasən, əcnəbi dildə reklamlar, quraşdırıldığı yerə uyğun olmayan reklam konstruksiyaları söküldü.
Bundan başqa, yaşayış binalarının görünüşünə xələl gətirən paltar asmaq üçün nəzərdə tutulan dəmir konstruksiyalar da yığışdırıldı. Həmçinin E. Əzizovun tapşırığına görə, Bakının içməli suyun müntəzəm olaraq verildiyi ərazilərində insanlar su çənindən də istifadə etməli deyillər. O, qanunsuz tikililərə də nəzarəti ələ aldı və xeyli sayda sənədsiz tikili yarımçıq qaldı, bir neçəsi isə qanunsuz hesab edilərək, müvafiq qurumların tapşırığı əsasında söküldü. Yəni Eldar Əzizov qeyd olunan missiyasının öhdəsindən lazımınca gəlməyə davam edir.
Onun bu cür “təmizləmə” əməliyyatı bitdikdən sonra isə ehtimal olunur ki, Bakı meriyasına rəhbərlik etmək üçün ilin sonuna doğru gənc bir kadr təyin olunacaq.
Yeri gəlmişkən onu da qeyd edək ki, indiyə qədər mətbuatda Bakı meri kimi bir sıra şəxslərin adları hallanıb. Abutalıbovun yerinə ən şanslı namizəd kimi Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adı hallanırdı. Lakin Niyazi Bayramov Gəncənin icra başçısı təyin olundu və bununla da onun adı “namizədlər siyahısı”ndan çıxdı. Digər versiyaya görə, Abutalıbovun yerini “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov tuta bilər. Onunla bağlı da mətbuatda xeyli materiallar dərc olunub.
Abutalıbovun yerinə əsas namizədlərdən biri kimi “AzərGold” qapalı səhmdar cəmiyyətinin sədri Zakir İbrahimovun da adı çəkilir.
Onu da qeyd edək ki, bir müddət öncə ictimaiyyətdə Bakı Böyük Bələdiyyəsinin yaradılacağı ilə bağlı da məlumatlar dolaşırdı. Lakin Eldar Əzizovun müavin vəzifəsinə gətirilməsindən sonra bu versiyalar ortadan qalxdı.
Ekspertlər bildirirlər ki, Bakının əsas problemi baş planın olmaması və bundan doğan məsələlərdir. Bu məsələdə də birbaşa olaraq Abutalıbovun günahı olduğu söylənilir. Qeyd olunur ki, Bakıda “amfiteatr” üsulu çoxdan pozulub. Bunun nəticəsidir ki, şəhərin havasından ağırlıq, magistral yollarından sıxlıq, yağışdan sonra isə kəndlərindən palçıq əskik olmur...
Məlumatlara görə, hazırda baş planın hazırlanması istiqamətində də işlər aparılır və bunun üçün ilkin mərhələdə ölkə başçısının müvafiq sərəncamı ilə 4 milyon manat vəsait ayrılıb. Yəni ümumilikdə Bakı şəhərinin yeni başçısının üzərinə xeyli məsuliyyət və yük düşür.