"Xocəsən" Deposu ilə “Avtovağzal” stansiyası arasında tunellərdən birinin qazıntısı tamamlanıb
"Bakı Metropoliteni" QSC-nin şərti adı "Xocəsən" olan deponunu "Avtovağzal" stansiyası ilə birləşdirən iki tuneldən birinin qazıntı işləri tamamlanıb
Yenixeber.org: İnşasına 2012-ci ilin iyul ayında başlanmış 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri xüsusi ağır hidrogeoloji şəraitdə aparılıb.
Metropoliten tunel qazıntısında istifadə olunan müasir "Herrenknecht" və "Robbins" tunelqazma kompleksləri 2011-ci ildən "Avtovağzal" stansiyasından başlamaqla əks istiqamətə qazıntı apardığı üçün onlardan “Xocəsən” deposunun tunellərinin qazıntısında istifadə etmək mümkün olmayıb. Buna görə də digər texniki səbəblər nəzərə alınmaqla qazıntı işləri sipər qurğusundan istifadə etməklə yerinə yetirilib.
"Xocəsən" deposunu "Avtovağzal" stansiyası ilə birləşdirən və inşası yekunlaşmış diametri 5,5 metr olan sağ tunelin yerləşdiyi coğrafi ərazinin torpaq qatının dayanıqsızlığı ilə yanaşı, zəngin qrunt suları, həmçinin ərazidə kanalizasiya xətlərinin olmaması səbəbindən müxtəlif çirkab suların təsiri də nəzərə alınmaqla, tunel qazıntısı daim diqqət mərkəzində saxlanılıb. Bundan savayı, tunelin yaxınlığında yerləşən 60-dan çox yaşayış evinin, Respublika əhəmiyyətli dəmiryol xəttinin, habelə mühüm mühəndis kommunikasiya xətlərinin yerləşdiyi sahələrin altından keçməsi də, xüsusi qabaqlayıcı tədbirlərin yerinə yetirilməsini tələb edib. Məhz bu səbəblərdən hər bir gözlənilməz qəza vəziyyətinin yaranmamasına inşaatın bütün dövründə xüsusi nəzarət edilib.
Həmçinin belə halların qarşısının vaxtında alınması məqsədilə, əlavə qabaqlayıcı tədbirlər görülüb. Tikintinin təhlükəsiz məcrada davam etməsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının xüsusi tələblərinə riayət olunmaqla, burada beş növbədə tunel tikintisinin təcrübəli və peşəkar kadrları çalışıb. Görülən tədbirlər sayəsində inşaat işlərinin aparıldığı dövrdə inşaat meydançasında heç bir xoşagəlməz hadisə baş verməyib və bütün çətinliklərə, həmçinin tunelin mürəkkəb konfiqurasiyasına rəğmən, markşeyderlərin dəqiq hesablamaları nəticəsində sağ tunelin tikintisi uğurla başa çatdırılıb və ən yüksək dəqiqliklə mövcud tunelə birləşdirilib. Tunelin tikintisində 1097 çuqun halqadan istifadə olunub.
Onu da əlavə edək ki, "Avtovağzal" stansiyasını "Xocəsən" deposu ilə birləşdirəcək sol tunelin inşasında işlər öz axarı ilə gedir. Sol tunelin uzunluğu isə 1182 metrdir. Tunelin 644 metri artıq qazılıb və hazırda inşaat işləri davam etdirilir.