Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı baş tutdu -FOTO
Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı baş tutdu
Yenixeber.org: Macarıstanın Gödöllö şəhərində fəaliyyət göstərən və bu ölkənin nüfuzlu ali məktəblərindən biri hesab olunan Sent İştvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə bu təhsil ocağında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Davamlı regional inkişaf" mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı təşkil edilib. Konfransda Azərbaycan, Rumıniya səfirliklərinin, habelə Şimali Kipr Türk Respublikasının təmsilçiliyinin, Macarıstanın rəsmi qurumlarının nümayəndələri və 32 ölkədən olan 100-ə yaxın gənc alimlər iştirak edib.
Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev, Rumıniya Respublikasının Macarıstandakı konsulu eyni zamanda 1-ci katibi Bogdan Grigoras Cirtala, Şimali Kipr Türk Respublikasının təmsilçiliyinin rəhbəri Selda Çimen eyni zamanda həmin təmsilçiliyin 1-ci katibi Hakan Aksoy, Macarıstan Respublikasının Xarici İşlər və Ticarət Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Laslo Vasa və Varşava Təbiət Elmləri Universitetinin professoru Maria Parlinski konfransa fəxri qonaq qismində dəvət olunublar.
Tədbirdə geniş məruzə ilə çıxış edən səfir Vilayət Quliyev, Azərbaycan ilə Macarıstan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli əlaqələrdən danışıb. Daha sonra V.Quliyev Azərbaycan Respublikasının zəngin tarixi və mədəniyyəti, Azərbaycan Cümhuriyyətinin yaranması, 23 ay ərzində mövcud olmuş Respublikanın və Parlamentimizin fəaliyyəti, habelə 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş Azərbaycanın nümayəndə heyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Konfransın yüksək səviyyədə keçirilməsinə görə universitetin rektoruna təşəkkürünü bildirən V.Quliyev bu kimi tədbirlərin hər iki ölkənin elm adamları arasında təmasların genişlənməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Konfransın plenar sessiyası Sent İştvan Universitetinin prorektoru professor Tamaş Toth, Enyedi Georgi Regional Elmlər doktorantura bölməsinin rəhbəri Professor Zoltan Haydu, həmin bölmənin ingilis dili proqramı üzrə rəhbəri professor Aniko Kademi Vidra, Enyedi Georgi Regional Elmlər doktorantura bölməsinin doktorantı Raqif Hüseynov, Varşava Təbiət Elmləri Universitetinin professorları Katarjina Çex və Mixal Vieleçovski tərəfindən davam edib.
Tədbir maraqlı konsert proqramı ilə yekunlaşıb və qonaqlar üçün ənənəvi Azərbaycan şirniyyatlarından ibarət çay süfrəsi və eyni zamanda Macar milli mətbəxinin ləziz nümunələrindən ibarət nahar təşkil edilib. Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Gənc Alimlərin 1-ci və 2-ci Beynəlxalq Elmi Konfransları gənc alim Raqif Hüseynovun təşəbbüsü ilə Polşanın nüfüzlü universitetlrindən biri olan Varşava Təbiət Elmləri Universitetində təşkil edilib. Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransında iştirak edən gənc alimlərin elmi məqalələrinin Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin elmi jurnallarında çap olunması nəzərdə tutulur.