Azərbaycanın qüdrətini təsdiq edən tarixi qələbə
İki il öncə - aprel ayının ilk günlərində erməni hərbi birləşmələrinin hücumlarının və təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar bir çox mətləblərə aydınlıq gətirdi
Birincisi, bütün dünya və eləcə də işğalcı Ermənistan hakimiyyəti bir daha gördü ki, xalqımız heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq və torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. İkincisi isə bu zəfər Azərbaycan Silahlı Qüvvələrinin gücü barədə söylənənlərin praktik təsdiqi oldu.
Yenixeber.org: Milli Məclisin deputatlar da hesab edirlər ki, aprel döyüşləri Azərbaycanın qüdrətini təsdiq edən tarixi zəfər oldu.
Bahar Muradova,
Milli Məclisin Sədr müavini, İnsan hüquqları komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü:
- 2016-cı ilin aprel döyüşləri əzəmətli rəşadət nümunəsi olaraq Azərbaycan hərb tarixinin zəfər səhifəsidir. Dağlıq Qarabağ probleminin Azərbaycan xalqının milli maraqları çərçivəsində beynəlxalq normalara uyğun ədalətli həlli baxımından bu hərbi əməliyyatlar mahiyyətcə çox böyük siyasi və tarixi əhəmiyyət kəsb edir.
Əsgər və zabitlərimizin ruh yüksəkliyi və yüksək vətənpərvərlik ideyaları üzərində köklənən ordu-vətəndaş münasibətlərinin təcəssümünə çevrilmiş bu qələbə sübut etdi ki, Silahlı Qüvvələrimiz ordu ilə xalqın möhkəm birliyinə arxalanan Ali Baş Komandanın bütün əmrlərini həyata keçirməyə, o cümlədən dövlət atributlarımıza qarşı yönələn hər hansı bir təhlükənin qarşısını ala biləcək qüdrətə malikdir.
Üstündən 2 il keçməsinə baxmayaraq, artıq xalqımızın qan yaddaşına hopmuş həmin günlərin təəssüratı hər kəsə ölçüyəgəlməz qürur hissi yaşatmaqdadır. Bu əməliyyatları bilavasitə izləyən insanlar böyükdən-kiçiyə hər kəsin hər an düşmənlə döyüşə hazır olduğunu görürdülər. Toplardan açılan yaylım atəşləri qarşıdakı zəfərın addım səsləri kimi həyatını itirmək təhlükəsindən qorxmayan və ordumuzun gücünə güvənən yerli əhalinin, xüsusilə də ölkənin hər tərəfindən buraya axışan gənclərin hisslərinə hakim kəsilmişdi. Bu, canı və qanı ilə öz Vətəninə bağlı olan xalqın gündən-günə abadlaşan bu torpaqların yenidən tar-mar olmasına imkan verilməyəcəyinə bəslədiyi inamdan doğurdu.
Cəbhədəki uzunmüddətli nisbi sabitlikdən sonra Ermənistana şok yaşadan aprel döyüşlərinin ən diqqətçəkən nəticələrindən biri böyük mənada haqqın təntənəsidir. Təmas xəttində yaşayan əhalinin dinc həyatını daim təhlükə altında saxlayan təcavüskar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab Milli Ordunun yüksək döyüş ruhunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirməklə yanaşı, həm də hamını torpaqlarımızın işğaldan azad edilməsinin təkcə danışıqlar vasitəsi ilə deyil, hərb yolu ilə də məqbul olduğuna bir daha inandırdı. Hərbi əməliyyatların yekununda Lələtəpə yüksəkliyinin alınması ilə 23 il düşmən silahının nişangahında duran Cocuq Mərcanlı kəndinin yerləşdiyi ərazinin də Azərbaycan Ordusunun nəzarətinə keçməsi xalqımızın Qarabağla bağlı ümidlərinə və zəfər gününə inamına yeni nəfəs verdi.
Təmas xəttində baş verən hadisələrə dünya ictimaiyyətinin diqqətinin yönəldilməsi baxımından böyük əhəmiyyət kəsb edən aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vacib mərhələ kimi nüfuzlu beynəlxalq təşkilatların və dünya birliyinin işğal olunmuş Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsinə və ya müstəqil olmasına razı olmayacağına inamın formalaşması üçün yeni stimul yaratmış oldu. Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində gedir.
Nəticələrdən biri də budur ki, Ermənistanın işğal faktı üzərində qurmaq istədiyi miflər məhz bu əməliyyatlar nəticəsində puç oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən il aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bu məqama diqqət yönəldərək bölgədəki liderliyini inamla qoruyub saxlayan Azərbaycan Ordusunun qətiyyətli həmləsi sayəsində bu "əfsanələrin" darmadağın olduğunu söyləmişdir. Bu hadisələr, eyni zamanda Ermənistanın hazırkı iqtisadi, sosial durumunun və başlıcası ordusunun hansı acınacaqlı vəziyyətdə olduğunu üzə çıxardı. Erməni hüquq müdafiəçilərinin Azərbaycanda verdikləri açıqlamalardan belə qənaətə gəlinir ki, Ermənistan cəmiyyəti də siyasi rəhbərliyin avantürasından narazıdır və öz problemlərinə görə məhz bu ölkədəki mövcud rejimi günahkar sayır.
Bütün bu səbəblərə görə, havadarlarının gücünə arxalanmaqla hərəkət edən düşmənin xəyalları yalnız özünün hərbi qüdrətinə güvənərək mübarizə aparan və ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu sübut etmiş Azərbaycanın haqlı mövqeyi qarşısında getdikcə sarsılır. Artıq hər kəs dərk edir ki, əgər Ermənistan bundan sonra da ittifaqda olduğu ölkələrin gücünü öz hərbi gücü hesab edərək danışıqlarda iştirak edəcəksə, bu, yalnız onun məğlubiyyətinə gətirib çıxaracaq.
Lakin Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin 20 faiz torpaqlarının işğalçıların əsarəti altında qaldığı hazırkı vəziyyətində Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyindən geri durmaması Azərbaycanda ordu quruculuğunun prioritet istiqamət kimi saxlanmasını şərtləndirir və bu sahədə aparılan zəruri islahatlar hərbi doktrinamızın müddəalarına tam uyğundur. Qürurvericidir ki, bu gün ən müasir silahlarla təchiz olunmuş ordumuz faktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələrin də uğurla yerinə yetirməsini təmin etmək iqtidarındadır. Aprel döyüşlərindən dərhal sonra Cocuq Mərcanlı kəndinin bərpası və azad olunmuş ərazinin abadlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi ölkə rəhbərliyinin dədə-baba yurdlarından didərgin düşmüş həmvətənlərimizin doğma tarixi torpaqlarına qovuşması, onların halal haqlarının tanıdılması istiqamətində yürütdüyü qətiyyətli siyasətin bariz nümunəsidir.
Ona görə də Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi altında və rəşadətli ordumuzun xalqla sarsılmaz, monolit birliyi sayəsində Horadiz əməliyyatından başlamış və aprel döyüşləri ilə davam etmiş tarixi qələbələr sonda bizi zəfər gününə qovuşduracaq və Azərbaycanın müstəqillik rəmzi olan üçrəngli bayrağı azad Qarabağ səmasında əbədi olaraq qürurla dalğalanacaqdır.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı:
- Aprel döyüşlərinə qədər də erməni hərbi birləşmələri cəbhə xəttində təxribatlar törətməyə cəhd göstəriblər və hər dəfə də ordumuz tərəfindən layiqli cavablarını alıblar. Təcrübə göstərir ki, ermənilər məhz danışıqlar prosesinin müəyyən yaxınlaşması zamanı və Azərbaycanın beynəlxalq uğura imza atdığı məqamlarda təxribatlara əl atır, bu cür vasitələrlə sülh danışıqlarını pozmağa çalışırdı. 2014-cü ildə baş verənləri buna misal göstərmək olar. Həmin ilin avqust günlərində ermənilər cəbhə xəttində törətdikləri təxribatdan sonra ciddi tələfatla üzləşdilər, noyabrda isə Azərbaycan hərbçiləri cəbhə xəttində düşmənin hərbi helikopterini məhv etdilər. Ciddi tələfat verərək geri çəkilmək məcburiyyətində qalan ermənilər Azərbaycan Ordusunun gücünü və qüdrətini görmüş oldular.
2016-cı ilin aprelində cəbhənin Tərtər və Füzuli istiqamətində baş verənlər isə Azərbaycanın Ermənistan üzərində əzici üstünlüyünün növbəti təzahürü oldu. Həmin döyüşlər bizim böyük tarixi qələbəmiz, Ermənistanın isə həm siyasi, həm iqtisadi, həm də psixoloji cəhətdən məğlubiyyəti kimi tarixə düşdü. Bu hadisələr demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı, bu ölkənin rəhbərliyi məğlubiyyətdən sonra özünü tam şəkildə ifşa etdi. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Həmçinin siyasi baxımdan düşmən bir daha şahid oldu ki, Azərbaycan əzəli torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadirdir.
Aprel döyüşlərinədək Ermənistan siyasi rejimi tərəfindən belə bir fikir formalaşdırılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin aprel döyüşləri bunun sadəcə mif olduğunu sübuta yetirdi. Həmin günlərdə düşmən ordusu bir həmləyə biabırçı məğlubiyyətə uğradıldı. Cəbhənin iki istiqamətində 22 ildir bərkidib-betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərindən ermənilər bir gecədə qovulub çıxarıldı. Bununla da Azərbaycanda atəşkəs razılaşmasından sonra həyata keçirilən ordu quruculuğunun effektiv nəticələri, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində atılan addımlar öz təsdiqini tapdı.
Dövlətin təməl prinsiplərindən biri qüdrətli ordudur. Bu mənada Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən biri olub. Müasir Azərbaycan dövləti də bunu nəzərə alaraq ordu quruculuğunu daim diqqətdə saxlayır. Fəxrlə deyə bilərik ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq ölkəmizdə güclü silahlı qüvvələrin yaradılmasına nail olunub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə aparılan işlərin effektini dəfələrlə artırıb, ölkəmizin müdafiə qüdrətini daha da gücləndirib.
Hazırda Ermənistanın istənilən məkrli niyyətinin qarşısını almaq üçün respublikamız kifayət qədər və daha üstün hərbi imkanlara malikdir. Ordumuzun gücü istənilən təhdidin qarşısının alınmasına ən yüksək səviyyədə imkan verir. Son dövrlərin təcrübəsində bununla bağlı kifayət qədər fakt var. Xüsusən aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyinin hədə-qorxu dilində danışmağı artıq erməni cəmiyyətində də gülüşlə qarşılanır.
Aprel döyüşləri Silahlı Qüvvələrimizin gücünü, qüdrətini və qələbə əzmini nümayiş etdirməklə yanaşı, həm də xalq ilə ordu arasındakı birliyin də əyani təcəssümü oldu. Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistanda isə bu döyüşlərdən sonra gərginlik artdı, xalqla hakimiyyət arasında uçurum daha da dərinləşdi.
İki il əvvəl ordumuzun müzəffər qələbəsi nəticəsində minlərlə hektar ərazimiz işğaldan azad olundu. Düşməndən geri alınan strateji Lələtəpə yüksəkliyində indi Azərbaycan bayrağı dalğalanır. Məhz bu qələbədən sonra Cocuq Mərcanlı kəndi üçün təhlükə sovuşdu. Artıq Cocuq Mərcanlıda həyat əvvəlki axarına qayıdıb. Cocuq Mərcanlının bərpası həm düşmənə, həm də dünyaya bir mesaj oldu. Düşmən gördü ki, bu gün cəbhə xəttindəki kəndi bərpa edən Azərbaycan üçün Ermənistanın istənilən təhdidi faydasızdır. Ordumuz erməni hərbi birləşmələrinin hücumlarını istənilən an dəf etməyə və ona sarsıdıcı zərbə vurmağa qadirdir. Dünya ictimaiyyəti isə gördü ki, Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcək və azad etdiyi torpaqlarında dərhal bərpa və yenidənqurma işlərinə başlayacaq.
Bütövlükdə, aprel döyüşlərindən sonra cəbhə xəttinə psixoloji üstünlük Azərbaycan tərəfinə keçdi. Ordumuzun bu zəfəri həm də böyük qələbənin başlanğıcı kimi tarixə düşdü. Bu, ordumuzun və xalqımızın böyük zəfəridir. Bu, Ali Baş Komandanın qələbəsidir.
Aprel zəfərindən sonra danışıqlar prosesində Azərbaycan üstünlüyünü daha da möhkəmləndirdi və Ermənistanı əvvəlkindən daha güclü şəkildə diplomatik küncə sıxışdırdı. Amma Azərbaycan bu mübarizəni sonadək danışıqlar masası arxasında aparmaq fikrində deyil. Bu mənada aprel döyüşlərinə qədər səbrimizin tükənməz olduğunu düşünənlər də yanıldıqlarını anladılar. Əgər danışıqlar prosesi düşmənin işğalçı siyasəti ucbatından nəticəsiz qalarsa, o zaman Azərbaycan Ordusu öz sözünü deyəcək. İstənilən halda tarixi qələbəmiz, bayrağımızın Şuşada, Xankəndidə, Ağdamda və digər işğal olunmuş şəhər və kəndlərimizdə dalğalanacağı gün uzaqda deyil. Hər ötən gün bizi o qələbəyə yaxınlaşdırır.