Allahşükür Paşazadə Misirin Azərbaycandakı səfiri ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Misirin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimi qəbul edib
Yenixeber.org: Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
QMİ sədri Azərbaycan-Misir əlaqələrinin bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də olan səviyyəsindən razılığını bildirib.
İstər sovetlər dönəmində, istərsə müstəqillik dövründə Azərbaycanın Misirlə vədəni-mənəvi əlaqələrinin iki xalq arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə rəvac verdiyini bildirən şeyxülislam, ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətləri dövründə yeni, daha yüksək dövlətlərarası səviyyəyə qalxmasından məmnunluqla bəhs edib.
QMİ sədri həmçinin Misirin din xadimləri ilə münasibətlərini yüksək dəyərləndirərək, bütün beynəlxalq konfranslarda yüksək əməkdaşlıq münasibətlərindən danışıb, ötən ilin dekabrında Bakıda keçirilən İslam Həmrəyliyi İlinin yekunlarına dair beynəlxalq konfransda Misirin ali dini liderinin iştirakını rəğbətlə xatırladıb.
Şeyxülislam səfirə məlumat verib ki, həmin konfransın yekun qərarına əsasən mərkəzi Azərbaycanda yerləşəcək və Qafqaz Müsəlmanları İdarəsi yanında fəaliyyət göstərəcək yeni yaradılan "Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq" Mərkəzində Misirin yüksək səviyyəli nümayəndəsi də yer alıb.
Misirin müsəlman dünyasında rolunu dəyərləndirən A.Paşazadə, həmçinin, Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfələrdən bəhs edib. Misirin dünyaca məhşur Əl-Əzhar Universitetinin İslam dünyası üçün əhəmiyyətindən danışan QMİ sədri Misir xalqına yeni uğurlar diləyib.
Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd edib, Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirib.
Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Səfir Adel İbrahim Ahmed İbrahim Qafqazın ali dini lideri Şeyxülislam Allahşükür Paşazadəyə səmimi qəbula görə təşəkkürünü qeyd edib və Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərin inkişafına öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.
Səmimi şəraitdə keçən görüşün sonunda səfirə xatirə hədiyyəsi və A.Paşazadənin həyat və fəaliyyətinə həsr olunmuş albom-kitab hədiyyə olunub.