İcra başçısı ilə bağlı şok iddia
"Binəqədinin icra başçısı Xaləddin İsgəndərov bir sıra məsələlərin həllində sərbəst qərar və ya əmr verə bilmir. Xüsusi ilə tikinti sahəsində icra başçısı səlahiyyətsizdir"
"Xeberinfo.com":Məlumata görə, bu sözləri Mia.az-a rayon məmurlarından biri deyib. Onun sözlərinə görə, icra başçısı hətta təsərrüfat şöbəsinin (memarlıq) müdiri və 1-ci müavininə də bu haqda hələ təyinatının ilk günlərində xəbərdarlıq edib: "Başçı təyinatının ilk həftəsində toplantı keçirib, tabeliyindəki hər kəsə «Hamı rəsmi öz işiylə məşğul olsun. Və onu da bilin ki, əvvəlki kimi heç kim tikinti işlərinə müdaxilə edə bilməyəcək. Bu haqda 1-ci müavinim və təsərrüfat şöbəsinin müdirinə lazımı tapşırıq verilib. Əgər kiminsə tikinti işlərinə müdaxilə etməsi, kiminləsə sövdələşməsi xəbəri ortaya çıxarsa, o, vəzifəsini itirəcək», - deyib. Məhz bu xəbərdarlıqdan sonra icranın vəzifəli şəxsləri, Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəhbərliyi, bələdiyyə və ərazi icra nümayəndələrinə qədər hamı geri çəkildi.
Bundan sonra Xalədddin İsgəndərov icra nümayəndəliyini də ləğv edərək, əraziləri zonaya böldü və həmin zonalar üzrə qeyri-rəsmi statuslu adamlar nəzarətçi kimi peyda oldular. Rəsmi vəzifə sahiblərinə tikinti üçün müraciət edildikdə, onlar birbaşa həmin qeyri-rəsmi adamlara yönəldilməyə başlandı. Hətta 1-ci müavin Qəzənfər Novruzov bəzi hallarda bu "qayda”ya əməl etmədiyindən və eyni zamanda nəfsinə hakim ola bilmədiyindən vəzifəsindən biabırçı şəkildə qovuldu.
İş o yerə çatıb ki, zona rəhbərləri də tikinti işlərində ancaq və ancaq söküntü işlərinə indeksləşdirilib. Özü də qeyri-rəsmi dəstə başçısının tapşırığı ilə. Onlar da təsərrüfat şşöbəsinin rəhbərliyi kimi, tikinti işləri aparmaq istəyənləri rayonda qeyri-rəsmi fəaliyyət göstərən və cəmiyyət üçün hələ də kimlikləri qapalı saxlanılan şəxslərin üzərinə yönəldirlər. Həmin qeyri-rəsmi şəxslər isə «salfetka»lara istədiyi «qiymət» yazaraq, iş aparanlara təqdim edirlər. Rüşvəti verməyən isə daşı daş üstə qoya bilməz. Hətta torpaq sahəsinin şəhadətnaməsi, tikintinin layihəsi olsa belə, həmin qeyri-rəsmi şəxslərin razılığı olmadan tikinti aparıla bilməz. Elə bir müddət əvvəl Binəqədidə bir generalın başına açılan oyun da bunu təsdiqləyir".
Müsahibimiz deyir ki, yaşanan xoşagəlməz hadisələrlə bağlı Xaləddin İsgəndərovun özü də açıq şəkildə çarəsiz olduğunu gizlətmir: "Görünür, qeyri-rəsmi statusda olan həmin şəxslərin topladığı "xərac"dan icra başçısına aylıq hesab verilir. Və bu səbəbdən də o, tikinti proseslərinə müdaxilə etmək səlahiyyətindən məhrum edilib. Sanki icra başçısı daxil, məmurlar həmin dəstənin girovudurlar. Təsəvvür edin ki, indi Binəqədi rayonunda ərazidən asllı ollaraq birmərtəbəli evlər üçün 5-10, ikimərtəbəli evlər üçünsə 10-20 min manat arası rüşvət tələb olunur. Bu «süzgəc»dən keçə bilməyən isə tikinti apara bilməz".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq